Qəbul olunan qətnamə bu qurumun ikili standartlardan çıxış etdiyinin göstəricisidir
Məlum olduğu kimi, mayın 12-də Avropa Parlamentində "Bakı oyunları: İnsan haqları uğrunda mübarizə" adlı tədbir keçirilib. Tədbiri Avropa Parlamentindəki bütün fraksiyalar birgə təşkil ediblər. Azərbaycanla bağlı insan haqları təşkilatlarından ibarət yaradılmış beynəlxalq koalisiya da tədbirin təşkilində iştirak edib. Avropalı deputatlar Azərbaycan hakimiyyətini Avropa Oyunları başlayana qədər siyasi dustaqları azad etməyə çağırıb. Bundan başqa onlar Avropa liderlərini oyunların 12 iyunda keçiriləcək açılış mərasiminə getməməyə çağırıblar. Avropa Parlamenti, həmçinin iyunda keçiriləcək sessiyasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib. Həmin qətnaməyə əsasən siyasi dustaqlar 28 may İstiqlaliyyət Günündə azad edilməlidir. Həmçinin, həmin qətnamədə qondarma hüquq müdafiəçisi Leyla və Arif Yunusların azadlığa buraxılması da qeyd olunub.
Göründüyü kimi, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv, antiislam, antitürk və anti-Azərbaycan mahiyyəti kəsb edən qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür "qərarların" şahidi olacağıq. Həm Azərbaycan, həm də Türkiyə anti-Qərb mövqeyində deyil, Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.
Yeni müstəqil dövlətlərə "demokratiya dərsi" vermək istəyən Avropa Parlamenti bu gününə və gələcəyinə qara ləkə kimi yazılacaq hüquqi rəzalətə imza atdı
Göründüyü kimi, əsassız qərəzli qətnamələr qəbul etmək Avropa Parlamentinin işidir. Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunduğu və siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmadığı halda ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsi qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır. Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir. Özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir.
Sözdə insan hüquq və azadlıqlarından dəm vuran, siyasi eqoizmlə yeni müstəqil dövlətlərə "demokratiya dərsi" vermək istəyən Avropa Parlamenti bu gününə və gələcəyinə qara ləkə kimi yazılacaq hüquqi rəzalətə imza atdı. Əslində, xüsusi şərhə ehtiyac yoxdur, qondarma "erməni soyqırımı" ilə bağlı adıçəkilən qurumun absurd, qeyri-obyektiv qəbul etdiyi qətnamə, ümumilikdə türk dünyasına qarşı ədalətsizliyin növbəti təzahürü oldu. Bu baxımdan, Avropa qurumunun bu dəfə "siyasi məhbus" kontekstindən çıxış edərək, yaxud ölkəmizin qanunlarını pozaraq, dövlətçilik əleyhinə iş apardıqlarına görə həbs edilmiş tərəflərin müdafiəsinə qalxması növbəti neoerməni (ermənipərəstlik) amilinin təsdiqidir. Çünki bu məsələyə də kifayət qədər faktlar göstərmək mümkündür. Ən azından, AP-nin qondarma "erməni soyqırımı"nı tanımasını bu quruma qarşı iddia kimi önə sürmək olar. Ona görə də istər Leyla və Arif Yunusların, istər Xədicə İsmayılın, istər İntiqam Əliyevin, istər Rauf Mirqədirovun, istərsə də Rəsul Cəfərovun və s. dövləti cinayət törətmiş şəxslərin "müdafiəsinə" qalxıb, Azərbaycan hakimiyyətinə qarşı ittihamların irəli sürülməsi güclü və pullu erməni lobbisinin verdiyi növbəti siyasi sifarişin nəticəsidir. Fakt budur ki, adları çəkilən fərdlər xarici xüsusi xidmət orqanları və erməni kəşfiyyatı ilə iş birliyində ittiham olunmaları ilə yanaşı, eyni zamanda vergi, maliyyə fırıldaqçılıqları ilə də ittiham olunurlar. Belə olan bir məqamda AP-nin Azərbaycan iqtidarına qarşı hər hansı bəyanatlar səsləndirməsi heç də həmin qurumun səmimiyyətindən irəli gələn hal deyil. Bu, bilavasitə erməni lobbisinin, siyasi korrupsiyaya bulaşmış anti-Azərbaycan dairələri vasitəsilə ölkəmizə qarşı atılan növbəti düşmənçilik addımıdır.
Bu məqamda Avropa Parlamentində canfəşanlıq edən parlamentarilərə belə bir sual ünvanlamaq lazımdır: Əgər sizin ölkənizdə hər hansı bir ictimaiyyətçi, siyasətçi dövlət əleyhinə çıxış edərək, dövlət maraqlarını düşmən tərəfinə satarsa, siz həmin adam(lar)a qarşı hansı münasibət göstərərdiniz?! Belə şəxslərin azadlıqda qalaraq, öz dövlətinizin maraqlarını arzuolunmaz tərəflərə satmalarına gözmü yumacağıydınız?! Yoxsa onları da "siyasi məhbus", "vicdan məhbusu" kimi qondarma adlarla bəzəyib, öz ölkənizdə söz və toplaşmaq azadlığının pozulduğunu iddia edərdiniz?! Bu gün AP-də oturararaq, islamofob, ikili standartlıq hisslərini mandatları sayəsində büruzə verən avroparlamentarilərin əsas "ələkçiyə qılverənləri" arasında Əli Kərimli, Cəmil Həsənli kimiləri də var ki, onlar da erməni aşnalarının sayəsində erməniyə işləyən, işlədilən Vətən xainlərini "müdafiə edib", bunun müqabilində mənfəətlərini və maliyyələrini artırmaqla məşğuldurlar.
Beynəlxalq təşkilatların ikili standartlardan qaynaqlanan siyasəti onları nüfuzdan salır
Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan təbliğat kampaniyası ilə bağlı bu günlərdə parlamentdə keçirilən dinləmələrdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır: "Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər. Bu hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir. Son zamanlar vətən xaini Əlikrəm Hümbətov kimi alçaqları Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Cəbhədən qaçan bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir. Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasət aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlığını qurmaq, tənqid, tərif etmək üçün yetərli qədər platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik".
Göründüyü kimi, Azəraycanda I Avropa Oyunlarının start verilməsinə sayılacaq zaman qalsa da, Qərbin və erməni lobbisinin azğınlıq cəhdləri də artmağa başlamaqla yanaşı, sapı özümçüzdən olan baltalar da bu iyrənc oyuna qatılır. Çünki Azərbaycanın inkişaf və tərəqqi strategiyasına qarşı çıxaraq, yalnız erməni lobbisinin və bu lobbinin külli miqdarda vəsait xərclədiyi bir sıra Qərb dairələrinin təlimatlalrını canla-başla icra edən həmin "baltalar" gah "siyasi məhbus", gah da bu kimi digər iddiaları ilə ölkmizdə keçiriləcək möhtəşəm oyunları "boykot" edəcəkləri ilə "hədələyirlər". Lakin fakt budur ki, bu günə qədər atılan çoxsaylı bənzər addımların heç biri nə həmin yerli "baltalara", nə də onları təlimatlandıran siyasi dasirələrə səmərə verməyib.
Beləliklə, nəticə olaraq həm də bu cür qənaətə gələ bilərik - heç bir qərəz, heç bir şər, böhtan və şantaj, eləcə də təzyiq dili müstəqil, azad, demokratik Azərbaycanı inkişaf və tərəqqi yolundan döndərə bilməyəcək. Məhz xalq bu dövlətin, bu iqtidarın ölkə üçün etdiyi nəhəng işləri dəstəkləyir, bundan sonra da dəstəkləyəcək. Çünki Azərbaycanda xalq-iqtidar və iqtidar-xalq kimi sarsılmaz bağ mövcuddur. Bu mükəmməl və möhkəm faktor isə Azərbaycanı istəməyən qüvvələri daim məğlub edəcək.
RƏFİQƏ KAMALQIZI