"I Avropa Oyunlarının baykot edilməsi istiqamətində çağırışlarının heç bir mənası yoxdur". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan "Avroviziya" mahnı yarışması zamanı da eyni proseslərlə qarşılaşsa da, bunun heç bir nəticəsi olmadı və Azərbaycan bu yarışmanı yüksək səviyyədə keçirdi: "I Avropa Oyunlarına ev sahibliyi edən ölkəmiz oyunları yüksək səviyyədə keçirmələ dünyaya idman, təşkilatçılıq, incəsənət, təqdimat və s. baxımından yeni standartlar bəxş edəcək. Buna kimin paxıllığı tutmaz? Qoy, qısqanc yanaşsınlar, sözlərini desinlər. Azərbaycanda hansı insan haqlarının pozulmasından söhbət gedə bilər? Dünyaya demokratiya dərsi deyən ABŞ-da günün günorta çağı insanları güllələyirlər. Avropa Parlamentinin bəyanatına isə əhəmiyyət vermək lazım deyil".İ. Məmmədov deyib ki, bəzi xarici dairələrin Azərbaycana qarşı qarayaxma kampaniyası aparması ölkəmizin uğurlarını gözü götürməməkdən irəli gəlir: "Bizim mənfur düşmənimiz ermənilərin dəstəyi ilə onların çaldığı havaya oynayan Qərb dairələrində də müxtəlif maraqlı qüvvələr var. Dünyada sülhü, inkişafı istəməyən, müxtəlif pul vəsaitlərini silmək üçün insan hüquqları altında müəyyən layihələr həyata keçirilən dairələr istənilən qədərdir. Bütün bunlar da onların əməllərinin nəticəsidir".
sia.az