PDF Oxu

Siyasət

  • 10

Ermənisiz qalmış Ermənistan

Ermənisiz qalmış Ermənistan

Aram Manukyan: "Ölkə boşalır, Ermənistanda kim qalacaq?"

Bu gün Ermənistanda sosial-iqtisadi, siyasi və digər sahələrdə yaranan və gündən-günə dərinləşməkdə olan problemlər əhalidə yaxın perspektivdə xilas üçün heç bir ümid yeri qoymayıb.

"Sarkisyanın siyasəti Ermənistan və Qarabağ üçün faciəli nəticələrə gətirə bilər"


Sabiq Ermənistan lideri Levon Ter-Petrosyan prezident Serj Sarkisyanı "Ermənistan və Qarabağ üçün faciəli nəticələrə gətirə biləcək" siyasət yürütməkdə tənqid edərək istefaya çıxmağa səsləyib. Levon Ter-Petrosyan deyib ki, hakimiyyət Rusiya və Qərbin gözündə "etibarlı tərəfdaş" imicini itirib. Levon Ter-Ptrosyan qeyd edir ki, prezidentin "diqqətsizliyi, daha doğrusu, avantürist siyasi çaş-başlığı sayəsində" ölkəyə istər Qərbdə, istərsə də Rusiyada "etibarsız partnyor" şöhrəti qazandırıb: "Yaranmış vəziyyət zahirən mücərrəd görünsə də, əslində Ermənistan və Qarabağ üçün faciəli nəticələrə gətirə bilər".
Ermənistanın sabiq prezidenti bildirir ki, ölkənin etibarlı tərəfdaş imicinin bərpa edilməsi və "ümumdünya xalqlar ailəsində layiqli yer tutması" üçün əsaslı sistem islahatlarına ehtiyac vardır. Lakin hakimiyyəti şəxsi maraqlar naminə hərəkət etməkdə suçlayan Levon Ter-Petrosyan bildirir ki, belə islahatları gözləmək "nadanlıqdır". Ter-Petrosyan hesab edir ki, Sarkisyan çox istəsə belə, heç bir müsbət addım atmağa qabil deyil: "Şahmat dili ilə desək, o, suqsvanq vəziyyətinə düçar olub: istənilən gediş qaçılmaz məğlubiyyətə aparır. Sarkisyan Azərbaycanın Dağlıq Qarabağ əhalisini guya məhv etməyə hazırlaşdığını və bunun qarşısında "qüdrətli erməni hərbi qüvvələrinin durduğunu" ucuz məntiqi ilə ifadə edib. Axı hamı bilir ki, Dağlıq Qarabağ əhalisini öz yurdundan didərgin salanların başında duranlardan biri məhz Serj Sarkisyandır. Bəs onda niyə o, cəfəngiyyat danışır? İzah etməyə ehtiyac yoxdur, çünki səbəbi məlumdur. S.Sarkisyan Ermənistan daxilində itirdiyi nüfuzunu Dağlıq Qarabağ münaqişəsi ətrafında absurd fikirlər söyləməklə bərpa etməyə çalışır. Ancaq onun bu planına, güvəndiyi dövlətlərin bəzi addımları mane olur. Serj Sarisyan anlamır ki, artıq onun qlobal geosiyasətdə cərəyan edən proseslərin fonunda bu cəhdləri əsassız və gülünc görünür. Çünki reallıq ondan ibarətdir ki, S.Sarkisyan hansısa xarici dövlətə təzyiq etmək imkanından məhrumdur. O, böyük dövlətlərin apardıqları böyük geosiyasi oyunun piyadasıdır".

Ölkədə yüz minlərlə işsiz var

Ermənistan parlamentində müxalifətçi Erməni Milli Konqrensi Partiyasının fraksiya katibi Aram Manukyan ölkənin mövcud iqtisadi durumunun ağır olması nəticəsində əhalinin azalmasının sürətləndiyini bildirib: "Keçən il Ermənistanda monitorinq aparan Avropa erməni diasporunun nümayəndələri ölkədə cəmi 1,4 milyon adamın yaşadığını vurğulayıblar. İşsizlərin sayı isə yüz minlərlədir".
Rusiyaya qazanc dalınca gedən həmyerliləri barədə danışan deputat bildirib ki, ölkə müstəqillik qazanandan sonra əhalinin sayı 3 dəfə azalıb: "Əmək miqrantlarından gəlir vergisi alınmasını nəzərdə tutulan qanunvericiliyə əlavələr ermənilərin heç bir maneə olmadan Rusiyaya köçməsini təmin edir. Lakin sonra Ermənistanda kim qalacaq?"

"Serj Sarkisyan rejiminə son qoyulmalıdır"

Erməni eksperti Manvel Sarkisyan isə çıxış yolunu Serj Sarkisyanın istefasında görür. Ekspertin sözlərinə görə, son dövrlər Ermənistanda hakim rejimin kadr dəyişiklikləri hakimiyyətin nüfuzuna ciddi təsir edəcək və bu, hakimiyyətin dəyişməsi ilə nəticələnəcək. "Artıq xarici ekspertlər də Ermənistanda hakimiyyət devrilməsinin mümkünlüyünü bildirirlər. Kadr dəyişiklikləri, "ALM" telekanalının dövlət tərəfindən rəsmi təzyiqlərə məruz qalması onu göstərir ki, hakimiyyət özü də vəziyyətin çətinliyini, uzun müddət belə davam edə bilməyəcəyini anlayır. Məhz bu səbəbdən hər hansı addım atmaqla vəziyyətdən çıxış yolu axtarılır"-deyən erməni ekspert bildirib ki, Ermənistanda da iqtisadi böhran əhalini müflis vəziyyətə salıb: "Ermənistanı bu vəziyyətdən qurtarmaq üçün isə inqilabi çevriliş labüddür".
Eyni zamanda, erməni ekspert onu da vurğulayıb ki, Serj Sarkisyanın ikinci dəfə saxtakarlıqla hakimiyyətdə olmasından 3 il keçməsinə baxmayaraq, onun prezident kimi legitimliyini tanımadığını və mövcud hakimiyyətlə hər hansı əməkdaşlığı qeyri-mümkün hesab etdiyini bildirib: "Ermənistanın qeyri-legitim, korrupsiyaya batmış Serj Sarkisyan rejimi Ermənistanın inkişafı üzrə heç bir proqram tətbiq etməyə qabil deyil və Ermənistan hökumətini formalaşdırmağa haqqı yoxdur. Biz baş nazirin və ya hər hansı nazirin şəxsiyyətinə yaxud onların proqramına etiraz etmirik, biz ümumiyyətlə saxta respublikaçılar çoxluğu tərəfindən Ermənistanda hökumət formalaşdırmaq haqqını inkar edirik".

Çıxış yolu

Son zamanlar Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktual edir və vəziyyətdən çıxış yolu hazırkı hakimiyyətə qarşı sonadək mübarizənin aparılması ola bilər. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklər etmək, qonşu dövlətlərə qarşı iddialı və işğalçılıq siyasətinə son qoymaqla Ermənistanın gələcəyi haqqında düşünmək olar. Əks təqdirdə, Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər