PDF Oxu

Siyasət

  • 7

İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika Elmi-Praktiki Konfransı keçirildi

İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika Elmi-Praktiki Konfransı keçirildi

Mayın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş İnformasiya Təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika Elmi-Praktiki Konfransı keçirildi. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə öz işinə başladı. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirdi. 1865-ci ilin may ayının 17-də əsası qoyulmuş Beynəlxalq Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşması və inkişafına xidmət etdiyini, 2006-cı ildə BMT tərəfindən bu təşkilatın yaranma tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini diqqətə çatdırdı.

A.Əlizadə Azərbaycanın da Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olduğunu və bu qurumla əməkdaşlıq əlaqələrinə böyük diqqət göstərildiyini qeyd etdi. Akademik Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun "Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri" olduğunu bildirdi. Mövzunun aktuallığını önə çəkərək İKT sektorunun inkişafının və informasiya cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin imkanlarından istifadə etmədən innovativ inkişafa nail olmağın qeyri-mümkünlüyünü vurğuladı.

Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu nəzərə çatdırdı.

Alim AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsindən söz açaraq onun fəaliyyətinin əsas istiqamətlərindən birinin, məhz informasiya təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə çatdırdı: "İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Fondu, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsidir. Hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir. Heç şübhəsiz ki, bu kimi müsabiqələrdə fərqlənən gənclərin əksəriyyəti bu sahə üzrə peşəkar kadr kimi formalaşırlar."

Tədbirdə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti" mövzusunda məruzə ilə çıxış etdi. İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.

Daha sonra AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları" adlı məruzəsini təqdim etdi. O bildirdi ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olmuşdur. Bu qısa zaman intervalında internetin bəşəri dəyərlərinin formalaşması və kristallaşması olduqca çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi tələb olunur.

Akademik qeyd etdi ki, Azərbaycanda dövlətin informasiya siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun strateji vəzifələri, istiqamət və resursları müəyyən edilmişdir. İnkişafın yeni mərhələsində Azərbaycan Prezidenti Cənab İlham Əliyev informasiya təhlükəsizliyi siyasətini yüksək səviyyədə davam etdirərək, onu təmin edən çoxşaxəli amillərə xüsusi yer ayırmışdır. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın da əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan dövlətin və cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsidir.

"Real dünyanın virtual problemləri, virtual dünyanın isə real problemləri həllini gözləyir", - deyə bildirən R.Əliquliyev nitqinin sonunda İKT sahəsində mövcud olan elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səslədi.

Plenar iclasda, həmçinin Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov və başqaları çıxış etdilər.

Daha sonra "Ali məktəb tələbələri arasında informatika üzrə X ümumrespublika olimpiadası"nın qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Qaliblərə qiymətli hədiyyələr təqdim olundu.

NƏZAKƏT

Digər xəbərlər