"Biz siyasi partiyalarla hakimiyyət nümayəndələrinin ənənəvi növbəti görüşünü keçiririk. Son görüşdən təxminən 3 aya yaxın bir vaxt keçib. Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, əlbəttə orada hakimiyyətlə partiya rəhbərlərinin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsi aparmaq, siyasi partiyaların ideyalarını, fikirlərini və bu məsələlər barədə təkliflərini dinləmək və s. bu dialoqun əsas mahiyyətindən xəbər verir". SİA-nın məlumatına görə, bunu bu gün bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə keçirilən növbəti iqtidar-müxalifət görüşündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.PA rəsmisi bildirib ki, bu kimi görüşlərdə çalışılır ki, dövlət idarəçiliyində Azərbaycan dövlətinin maraqlarının daxildə, xaricdə təmin olunması, ölkəmizin xarici siyasətinin formalaşmasında bizim oppenentlərinin də rəyləri nəzərə alınsın: "Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir. Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır".Ə. Həsənov deyib ki, biz çalışırıq ki, siyasi partiya rəhbərlərini maraqlandıran məsələləri bu görüşlərdə müzakirə edək: "Burada fərqli məsələlər ola bilər". PA rəsmisi görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: "Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik".
sia.az