Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsində "Bakı 2015 - Avropa Oyunları: İdman Tarixinin Yeni Mərhələsi" adlı layihənin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Əsas məqsəd isə "Bakı 2015 - Avropa Oyunları"na daxil olan idman növlərinin təbliği, gənclərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, yeniyetmə və gənclərin idmana cəlb edilməsi olub. Rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində keçirilən layihədə ümumilikdə 1000 nəfərdən çox gənc iştirak edib ki, onlar da layihəni yüksək qiymətləndiriblər.
Bağlanış mərasimdə iştirak edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ağamir Ağamirov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə öz təsürratlarını rayonun fəal gəncləri ilə bölüşərək onları Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarında fəal olmağa çağırıblar.
sia.az