Keçən ilin noyabr ayında Bakı şəhərinin Səbail rayonunun nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində səfərdə olub. Bu günlərdə Nyu-York şəhərinin Bruklin inzibati rayonu nümayəndə heyəti Bakıda səfərdə olub. Dünən Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti xanım Marietta Yusim-Rozentalın başçılıq etdiyi və assosiasiyanın Azərbaycan-Amerika əlaqələrinin möhkəmləndirilməsi və inkişafında böyük rolu olan üzvlərindən bir qrup nümayəndə heyətinin Səbail rayon icra hakimiyyətində görüşü olub. Qonaqlar ilk növbədə rayon icra hakimiyyətinin binasını gəzmiş, foyedəki stendlərdə nümayiş etdirilən Ulu Öndən Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Səbail rayonunda keçirilən tədbirlər və açılış mərasimlərindəki foto-şəkilləri ilə tanış olublar.
Görüşdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq ölkəmizin son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə məlumat verməklə yanaşı, Səbail rayonunda görülən işlərdən, gələn ay Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunldarına hazırlıqla bağlı Səbail rayonunda görülən işlərdən də söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir. Bu istiqamətdə görülən işlərdə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, İlk Avropa Ounlarının Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban xanım Əliyevanın da böyük əməyi vardır. Oyunlara hazırlıq dövründə həyata keçirilən bütün işlər başa çatmış və paytaxtımız artıq yarışlara tam hazırdır. A.Əsgərov Nyu-Yorkun Bruklin ilə Bakının Səbail rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmasların genişlənəcəyinə təkan olduğunu vurğulayıbdır.
Nümayəndə heyətinin rəhbəri, Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti xanım Marietta Yusim-Rozental nümayəndə heyətinin Bakıda qarşılanması və onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib və Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın salamlarını çatdırıb. Xanım Marietta Yusim-Rozental Bakı şəhərinin gözəlliyinə heyran olduqlarını qeyd edərək şəhərdə qısa müddət ərzində çox böyük dəyişikliklərin olduğunu vurğulayıb.
Nümayəndə heyətinin digər üzvləri də Bakı şəhərinin gözəlliyindən valeh olduqlarını bildiriblər və İlk Avropa Oyunları ilə bağlı görülən işləri yüksək qiymətləndirərək Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakı şəhərininin Səbail rayonu arasında yaranan dostluq tellərinin hər iki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycanın ABŞ-da daha yaxından tanınması və təbliği işində böyük rol oynadığını söyləyiblər.
Görüşdə hər iki rayon arasında mədəniyyət və təhsil sahələrində, xüsusilə məktəblilər arasında əlaqələrin yaradılması məsələlərinə toxunulub və Səbail rayonundakı 6 saylı məktəb-liseyin Bruklin rayonunun məktəblərinin biri ilə dostluq əlaqələrinin yaradılması ilə bağlı razılaşma əldə olunub.
Görüşdə qonaqlara hədiyyələr və Bruklindəki yerli Azərbaycan icmasının yaratdığı mədəni inkişaf mərkəzinin milli rəqslər qrupunda məşğul olan uşaqlar üçün RİH tərəfindən xüsusi olaraq tikilmiş 100 ədəd milli paltarlar və atributlar təqdim olunubdur.
Ü.ƏSGƏROV