Və ya sözlərinin bitməsinə az qalıb
Bu günlərdə "Sərhədsiz Reportyorlar" adlı jurnlaistləri müdafiə təşkilatı növbəti dəfə Azərbaycan hakimiyyətini hədəfə alan sərsəm, sərsəm olduğu qədər də siyasi həyasızlıq tərənnümlü kampaniyasını davam etdirib. Belə ki, Azərbaycan dövləti ilə "şərt" dili ilə danışmağa cəhd edən bu təşkilat ölkədə müxtəlif cinayətlər və qanun pozuntuları səbəbindən həbs olunmuş bir sıra şəxslərə "siyasi məhbus" donunu geyindirərək, onların I Avropa Oyunlarına qədər azad olunmalarını tələb edib. Maraqlısı da budur ki, Azərbaycanın təcavüzkar qonşusu, torpaqlarımıza və soydaşlarımıza qarşı işğal siyasəti yürüdən Ermənistan adlı bir ölkənin 100%-lik məhvolma faktoru ortada ola-ola, həmin ölkədə hakimiyyətin öz xalqının başına gətirdiyi oyunları reallığı əks etdirərkən, "Sərhədsiz Reportyorlar"ın növbəti dəfə də Azərbaycana qarşı həyasız davranışı sözün həqiqi mənasında anlaşılmazdır. Əslində, anlaşılan məsələlər var. Sadəcə, həmin anlaşılan məsələləri "Sərhədsiz Reportyorlar" adlı təşkilat aldığı müəyyən tapşırıqlar əsasında "anlaşılmaza" çevirir.
İt-itin ayağını basmadığı kimi, "Sərhədsiz Reportyorlar" da ermənilərin ayağını basmır
Sirr deyil ki, Ermənistanda söz azadlığının, ümumiyyətlə medianın, internetin total şəkildə dövlət nəzarətində olduğu, mediaya ciddi təzyiqlərin müşahidə edildiyi sirr deyil. Lakin nədənsə, beynəlxalq təşkilat bunu öz hesabatında nəzərə almır. Həmçinin atdığı son addımları ilə Ermənistanın demokratik Qərb dəyərlərindən, Avropa ailəsinə inteqrasiyadan imtina etməsi də "Sərhədsiz Reportyorlar"ın "diqqətindən yayınıb". Belə ki, əgər qurum obyektiv olsaydı, nəzərə almalıydı ki, Ermənistan Avropa İttifaqı ilə deyil, Avrasiya Birliyi, Gömrük İttifaqı kimi o qədər də demokratik cəmiyyətlərə malik olmayan dövlətlərin toplaşdığı qurumlara inteqrasiya etməklə söz azadlığını da təhlükəyə atmış olub.
Bəri başdan deyək ki, nəninki "Sərhədsiz Reportyorlar"ın, o cümlədən, digər qərəzli təşkilatların ölkəmizə qarşı eyni davranışları bir mərkəzdən, erməni lobbisinin idarə etdiyi ofisdən idarə olunmaqdadır. Əlbəttə ki, necə deyərlər, it-itin ayağını basmadığı kimi, "Sərhədsiz Reportyorlar" da ermənilərin ayağını basmır. Əvəzində Azərbaycan üzərindən qrantlar alıb, guya "haqq-ədalət" carçısına çevrilir.
Əgər hakimiyyət həqiqətən də mətbuata təzyiq etsəydi, ən azından "Sərhədsiz Reportyorlar"ın həmin sərsəm bəyanatı ölkəmizdə işıq üzü görməzdi
Xüsusilə, "jurnalistləri" önə çəkən təşkilat guya ölkəmizdə media mənsublarına qarşı basqıların, təzyiqlərin olduğunu iddia edir. Hansı ki, bu gün "Sərhədsiz Reportyorlar"ın sözügedən bəyanatı məhz radikal və satqın müxalifət düşərgəsinin sarı mətbuatı - "Azadlıq" qəzetində dərc olunub və bu, birinci hadisə deyil. Yəni dünənə qədər digər qərəzli beynəlxalq təşkilatların da bənzər, hətta kopiyalanmış bəyanatları "Azadlıq" qəzetində, o cümlədən Azərbaycan əleyhinə çıxış edən müxalifət mediasında gün işığına çıxır. Əgər hakimiyyət həqiqətən də mətbuata təzyiq etsəydi, ən azından "Sərhədsiz Reportyorlar"ın həmin sərsəm bəyanatı ölkəmizdə işıq üzü görməzdi. Məgər bunun özü bir fakt, sübut deyilmi?! Məsələ məlumdur. Məlumdur ki, ortada Azərbaycanın qazandığı daha bir uğuru - Avropa Oyunlarına ev sahibliyi etməsi və s. yöndəki tərəqqisi bunların gecələrini gündüz edib və gözlərinin yuxullarını ərşə çəkdirib. Söz yox ki, onlara bolluca pul xərcləyən erməni lobbisi ilə birgə. Məhz buna görə də yersiz və lüzumsuz qaydada, ard-arda Avropa Oyunlarını əllərində bayraq edib, ictimai rəydə çaşqınlıq törətməyə çalışırlar.
Bu kimi tələblərin, sərsəmliklərin daha hansı amillərə söykəndiyini araşdırsaq, onların kökündəki çirkinlikləri daha da açığa çıxarmış olarıq
Hələ bu harasıdır, Xədicə İsmayıl, Emin Hüseynov kimi xarici kəşfiyyatın qucağında gəlincik oyuncaqları kimi oynadılan xəyanətkarlar, Azərbaycanın dövlətçilik maraqlarına qarşı açıq-aşkar anti-təbliğat aparan və adlarını "blogger" qoyub, adlarını "siyasi məhbus" siyahısına saldıranlar, ümumiyyətlə, ölkəmizdə 80 nəfər (??!!-R.N.) "siyasi məhbusun" olduğunu iddia edərək, daha həyasız aktlara imza atan "Sərhədsiz Reportyorlar" hətta Avropa Olimpiya Komitəsinin Azərbaycan hakimiyyəti ilə "əlbir olmamağa" da çağırıb.
Ancaq bütün bu kimi tələblərin, sərsəmliklərin daha hansı amillərə söykəndiyini aradşrsaq, onların kökündəki çirkinlikləri daha da açığa çıxarmış olarıq. Ümumiyyətlə, beynəlxalq təşkilatın belə mövqe nümayiş etdirməsi onun Azərbaycan dövlətinə qərəzli yanaşmasını ortaya qoymaqla yanaşı, bu quruma olan etimadı da kölgə altına alır. Bu, həm dövlət səviyyəsində "Sərhədsiz Reportyorlar"la əməkdaşlığı zədələyir, həmçinin də ölkəmizdə olan obyektiv QHT və KİV orqanlarının, ümumiyyətlə, ictimaiyyətin bu quruma olan inamını azaldır.
"Sərhədsiz Reportyorlar"ı obyektiv rəylər deyil, Azərbaycan dövlətinin, imicinə ziyan gətirəcək donoslar maraqlandırır
Müşahidələr də göstərir ki, ardıcıl şəkildə belə qərəzli yanaşma qurumla Azərbaycanda əməkdaşlıq edən ciddi təşkilatın tapılmaması ilə nəticələnib. Odur ki, beynəlxalq təşkilat əsasən cəmiyyətdə nüfuzu olmayan, qeyri-ciddi radikal və ermənipərəst QHT-lərlə əməkdaşlıq edir.
Lakin son hesabat da bir daha göstərir ki, bu qurum iş prinsipini, yanaşmasını dəyişmək niyyətində deyil. Çünki hələ əvvəlki hesabatlara ölkə ictimaiyyəti, aparıcı ekspertlər tərəfindən ciddi etirazlar bildirilsə də, təşkilat mövqeyində, yanaşmalarında dəyişiklik etmədiyini ortaya qoyur. Bu isə onu deməyə əsas verir ki, "Sərhədsiz Reportyorlar" təşkilatı konkret missiya yerinə yetirir. Onu hansısa obyektiv rəylər deyil, yalnız Azərbaycan dövlətinin, cəmiyyətinin imicinə ziyan gətirəcək materiallar, donoslar maraqlandırır.
Belə olmasaydı, bu təşkilat bir cümlə də Azərbaycanda jurnalistlərə göstərilən diqqət və qayğıdan yazardı. Çünki nəinki regionda və post-sovet ölkələrində, eləcə də zaman-zaman Azərbaycana "demokatiya dərsi" keçmək istəyən Qərb ölkələrində belə dövlət jurnalistləri mənzillə təmin edərək, onların sosial-məişət həyatlarının yaxşılaşdırılması istiqamətində addım atmayıb.
Niyə bir sıra faktlar onların gözlərindən "yayınıb"?
Həmçinin, çoxsaylı müsabiqələrin təşkili, KİVDF-nin ayırdığı maliyyələr, qəzet və jurnallara, o cümlədən, elektorn mediaya tətbiq edilən ardıcıl güzəştlər, borcların silinməsi kimi faktlar "Sərhədsiz Reportyorlar"ın diqqətindən "yayınıb".
Beləliklə, təhlillərdən göründüyü kimi, "Sərhədsiz Reportyorlar" təşkilatının hesabatı növbəti qərəz və siyasi həyasızlıq nümunəsidir. Amma bu cür həyasızlıqlar Azərbaycan sərhədlərindən keçmir. Hətta "Sərhədsiz Reportyorlar" həyasızlqılarına salıb bu sərhədləri keçməyə cəhd göstərsə də... Belə ki, Azərbaycan bir dövlət və cəmiyyət olaraq öz inkişaf xəttini, strategiyasını hansısa beynəlxalq qurumun reytinqində yüksək yer qazanmağa hesablamır. Azərbaycan dövləti atdığı bütün addımlarında vətəndaşların, xalqın və ümumilikdə ölkənin inkişafını əsas prioritet kimi müəyyənləşdirir. Bu prioritet isə dönməz və qətiyyət sayəsində qarşıdakı illərdə daha da şaxələnəcək. Bax, onda "Sərhədsiz Reportyorlar"ın, digər qərəzli beynəlxalq təşkilatların və onları quduzlaşdıraraq Azərbaycanın üzərinə qısqırdanların sözləri bitəcək. Ölkəmizdəki fərqli və üstün demokratiya, inkişaf və tərəqqi qarşısında 100 % sözləri birdəfəlik bitəcək, özü də tezliklə!
Rövşən NURƏDDNOĞLU