İlham Əliyev: "Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar"
Mayın 18-də Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. Prezident İlham Əliyev öz nitqində qeyd edib ki, Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir:
"Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.
Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.
Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.
Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi." Dövlətimizin başçısı bildirib ki, Multikulturalizmin alternativi yoxdur. Siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır:
"Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, ancaq eyni zamanda, onun Avropa ilə güclü bağlılığı var. Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib. Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş tutub.
Beləliklə, bizim etnik və mədəni özünəməxsusluğumuz, habelə Avropanın təsiri cəmiyyətimizdə xüsusi ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlərimizi qoruya bilmişik. Biz fərqli siyasi və ictimai şəraitdə yaşamışıq, müxtəlif dövlət və imperiyaların tərkibində olmuşuq. Artıq biz müstəqilik, ancaq bu müsbət meyil davam edir və bu dəyərlərin təşviqi məsələsinə sadiqik.
Biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir. Hesab edirəm ki, Bakı bu gün belə məsələlərin müzakirə edildiyi məkandır.
Müstəqil Azərbaycan nisbətən gənc dövlətdir, yalnız 24 ildir ki, müstəqildir. Lakin bu illər islahat, transformasiya, inkişaf illəri olub. Biz dövlətimizi qurmaq fürsəti əldə etdik. Biz ənənələr və mədəniyyət ölkəsiyik. Siz Bakının abidələrini görürsünüz. Ölkəmizin digər yerlərinə səyahət etsəniz xalqımızın memarlıq, tarixi və dini abidələrini görərsiniz. Bu da bizim mədəni irsimizin bir hissəsidir. Ancaq müstəqil ölkə kimi biz gəncik və biz dövlətimizi, siyasi sistemimizi qurmalı idik. Hesab edirəm, qısa bir zamanda bizim ölkəmizin təcrübəsi onu nümayiş etdirib ki, inkişafa, tərəqqiyə sadiqlik, cəmiyyətin dəstəyi varsa, transformasiya uğurlu ola bilər.
Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji təhlükəsizliyi ilə bağlı siyası və iqtisadi məsələlər diqqət mərkəzindədir. İrəli sürdüyümüz təşəbbüs və layihələr regionun hüdudlarını aşıb. Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır.
Üç həftədən, yəni, bir aydan da az vaxtdan sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.
2008-ci ildə də "Bakı prosesi" bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna "Bakı prosesi" adı verilib.
Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər "Bakı prosesi"nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq."
Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etdilər.
Daha sonra BMT-nin Dünya Turizm Təşkilatı baş katibinin turizm və sülh üzrə müşaviri, Orta Şərq üzrə regional direktoru Amr Abdel-Qaffar Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxudu.
Sonra UNESCO-nun və Böyük Britaniyanın "Tudor Rose" nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş "Fərqliliklə razılaşaq" kitabının təqdimatı oldu.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər. UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış edərək bu kitabın tolerantlığa, qarşılıqlı hörmətə, ləyaqətə və mərhəmətə əsaslandığını bildirdi. Baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi. Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığa, habelə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən elan edilən "Bakı prosesi"nə töhfələr vermiş Forum iştirakçılarına təqdim etmək üçün simvol hazırlanıb. Əbülfəs Qarayev sülh və mədəniyyətlərarası dialoq üzrə "Bakı prosesi"nin simvolunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserə, UNESCO-nun baş direktoru İrina Bokovaya, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəniyə, ISESCO-nun baş direktoru Əbdüləziz Osman bin əl-Tüveycriyə və digər şəxslərə təqdim etdi. Sonda xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verildi.