Hatəm Cabbarlı: "Ermənistan hökuməti Suriya ermənilərinin ölkəyə gəlmələrindən məmnun olmasa da, gələnləri Dağlıq Qarabağda yerləşdirərək Ermənistandan uzaq tutmağa çalışır"
"Suriyada son illərdə yaşanan hadisələr zamanı ermənilər əsasən tərəfsizliklərini qoruyub saxlamağa üstünlük verib və bu gün də bu cizgidə mövcudiyyətlərini qoruyub saxlamağa çalışırlar. Suriyadakı böhranın ilk aylarında erməni icması Ermənistan, Avropa və ABŞ-a köçməyə üstünlük verməsələr də, daha sonra vətəndaş müharibəsinin başlaması üzərinə son bir ildə əsasən Ermənistana, qonşu ölkələrə, Avropa və ABŞ-a köçməyə üstünlük verirlər". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, Suriya ermənilərinin köç etmə coğrafiyasına nəzər saldıqda ən zənginlərinin Avropa və Amerikaya, orta səviyyəlilərin qonşu ölkələrə, kasıbların isə Ermənistana köçdüyü anlaşılmaqdadır: "Ermənistan hökuməti ölkəyə gələn Suriya ermənilərini yerləşdirməyə, iş və mənzillə təmin etməyə çalışsa da, əsasən onların kütləvi şəkildə gəlməsindən narahatlıq duyur. Bunun bir neçə səbəbi var. Birincisi, Ermənistan dövlət olaraq kütləvi köçün gətirdiyi sosial, iqtisadi və siyasi problemlərə paralel olaraq çıxılmaz vəziyyətdə qala bilər. Belə ki, 1988-ci ildə baş verən Spitak zəlzələsi nəticəsində evsiz qalan insanların bir qismi hələ də normal şəraiti olan mənzillərdə yox, daxmalarda yaşayırlar. İkincisi, Erməni diasporu Ermənistan xarici siyasətinin şəkillənməsində əhəmiyyətli yerə sahibdir. Suriyadan kütləvi axın olarsa, erməni diasporu daxili siyasətin şəkillənməsində də iştirak edə bilər ki, bu da hökumət üçün arzu edilməyən bir faktordur. Üçüncüsü, Suriyadakı erməni icmasının varlığının qorunması Ermənistan və dünya erməniliyi üçün strateji üstünlükdür. Dördüncüsü, Suriyadakı Erməni icmasının mövcudiyyəti Ermənistanın Türkiyəyə qarşı sözdə "erməni soyqırımı" təbliğatı mərhələsində ciddi istinad mənbəyidir. Ermənistan Diaspora Naziri Qranuş Akopyan mövcud vəziyyətlə bağlı çətin vəziyyətdə qalan Suriya erməniləri barədə dövlət proqramının olmadığını, amma bununla belə Ermənistana gəlmək istəyən ermənilərə hər cür köməklik edildiyini bildirmişdi. Əslində Ermənistan hökuməti ölkəyə gəlmək istəyən ermənilərə kömək etməkdə istəkli deyildir. Bu Ermənistan büdcəsinə əlavə yükdür və yuxarıda sadalanan faktorlar nəzərə alınır. Amma bununla belə Suriya ermənilərinin bir qismi Ermənistana gəlməyə davam edir. Əsəd rejiminin devrilməsindən sonra yaşanacaq vəziyyətin necə olmasından asılı olaraq bu köçün davam edəcəyi ehtimalı daha çoxdur".H. Cabbarlı qeyd edib ki, son zamanlarda Suriyada vətəndaş müharibəsinin daha da şiddətlənməsindən sonra Ermənistan Prezidenti Serj Sərkisyan Suriya ermənilərinə hər cür kömək edəcəklərini bildirsə də, real olaraq köməklik etmələri olduqca problemli bir məsələdir: "Böyük bir ehtimalla Sərkisyan bu bəyanatı diaspora ermənilərinin narahatçılığı və təzyiqlərini diqqətə alaraq verib. Liviya və Misirdə "Ərəb baharı"ndan sonra daxili ictimai-siyasi vəziyyətin daha qarışıq bir hal alması nəzərə alınarsa, Suriyada da eyni vəziyyətin təkrarlanacağını iddia etmək mümkündür. Bu zaman Suriya ermənilərinin ölkədə qalıb-qalmaması məsələsi daha kəskin bir şəkildə ortaya çıxa bilər".Mərkəz direktoru qeyd edib ki, Ermənistan və Suriya erməni mənbələrinə görə, bu günə qədər təxminən altı min erməni Ermənistana gəlib: "Onların ölkəyə gətirilməsi ilə əsasən "Armavia" hava yolu şirkəti məşğul olur. Ancaq daha sonra bu şirkətin bilet qiymətlərini artırdığı haqqında informasiyalar dərc olunmağa başladı. Suriya erməniləri bilet baha olduğu üçün gələ bilmədikləri ilə bağlı Ermənistan hökumətinə şikayət etsələr də, hökumət biletin dəyərinin bir qisminin dövlət tərəfindən qarşılanması məsələsi ilə bağlı fikir bildirmədi. Ermənistan hökuməti Suriyadan gələn erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına (Dağlıq Qarabağa) yerləşdirməyə cəhd edir. Bununla da işğal etdiyi Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti öz xeyrinə dəyişdirməyə çalışır. Azərbaycan bu barədə iradlarını Ermənistana, Birləşmiş Millətlər Təşkilatına, Dağlıq Qarabağ probleminin həll edilməsi ilə birbaşa məşğul olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu həmsədrlərinə və digər aidiyyatı olan beynəlxalq qurumlara bildirib. Ermənistan hökuməti Suriya ermənilərinin ölkəyə gəlmələrindən məmnun olmasa da, gələnləri Dağlıq Qarabağda yerləşdirərək Ermənistandan uzaq tutmağa çalışır. Suriyada vətəndaş müharibəsi davam edərsə, Ermənistan və Suriya erməniləri daha ciddi problemlərlə qarşılaşa bilər. Suriya erməni icması zəifləyər, Ermənistan isə kütləvi köçlə qarşılaşar. Belə bir hadisənin yaşanması isə nə Suriya ermənilərinin nə də Ermənistanın xeyrinə deyil. Suriya erməni icması və Ermənistan üçün əsas məsələ Suriyada erməni icmasının mövcudluğunun qorunmasıdır. Amma hadisələrin inkişaf dinamizmi dəyərləndirildiyi zaman bunun çox problemli məsələ olduğu anlaşılmaqdadır".
sia.az