Bu gün "Səs" qəzetinin təşkilatçılığı ilə "Avropa Oyunları: Gözləntilər və nəticələr" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, tədbirdə hökumət və dövlət nümayəndələri, millət vəkilləri, QHT təmsilçiləri və KİV əməkdaşları iştirak edirlər.Tədbirə ötən gün Binəqədi rayonunda baş verən yanğın zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə start verilib.SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev dəyirmi masanı giriş sözü ilə açaraq deyib ki, beynəlxalq miqyaslı idman tədbirlərinin keçirilməsi üçün maliyyə, təhlükəsizlik və təcrübə başlıca amildir: "Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq Azərbaycanda iqtisadi inkişafa nail olunub. Yaxın Şərqdə, Ukraynada vətəndaş qarşıdurması fonunda sabitliyin pozulması real faktor olduğu halda Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verdi. Çünki Azərbaycan ictimai sabitliyin mövcudluğuna görə nəinki regionda, ümumiyyətlə Avropada istisna təşkil edən dövlətlərdəndir. Təcrübəyə gəldikdə isə bu günə qədər Azərbaycan bir sıra Avropa və dünya çempionatlarına ev sahibliyi edib. Misal kimi FİFA-nın U-17 qadınlar arasında Dünya Çempionatını, 2013-cü ildə BEİD Dırmanma üzrə Dünya Kuboku, "F-2" "Bakı Qran-Pri" tədbirlərini, eləcə də, 2013-cü ildə uğurla keçirilən "Evrovision" Mahnı Müsabiqəsini göstərmək olar".B.Quliyev bildirib ki, birinci Avropa Oyunlarının ev sahibliyini qazanmasında Azərbaycanın beynəlxalq nüfuzu da mühüm amillərdəndir: "Buna misal kimi, 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzv seçilməsini göstərmək olar. Hazırkı mərhələdə Azərbaycan tam şəkildə Avropa Oyunlarına hazırdır. Bu isə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən işlərin Heydər Əliyev Fondunun Prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əməyinin xüsusi rol oynadığının göstəricisi sayılır. Oyunların Azərbaycanda keçirilməsi ölkəmizə xarici turizmin axınının təmin olunması, iqtisadiyyata investisiyaların cəlb olunması, Dağlıq Qarabağ kimi xalqımızın qaysaq bağlamayan yarası barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, oyunların canlı və yaxud vritual izlənildiyi nəzərə alındıqda bu seyrcilər üzərində Azərbaycanın təsiri deməkdir. Bu isə Azərbaycanın uzun müddət unudulmaması demək olacaq. Həm də illər, əsrlər keçsə də, ilk oyunların Bakıda keçirilməsi təəssüratları unudulmayacaq. Necə ki, Yunanıstan Olimpiya Oyunlarının keçirildiyi ilk məkan kimi iki min il sonra da unudulmur".Tədbir hazırda davam edir.Xatırladaq ki, Bakıda iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışlar Bakıda 21 idman obyektində keçiriləcək.
sia.az