Aydın Quliyev: "Media sahəsindəki hazırkı siyasətin bundan sonra da davam etdirilməsi həmin təşkilatların ənənəvi tənqidi qeydlərinə ən tutarlı cavab olacaq"
"Təəssüf ki, "Sərhədsiz Reportyorlar" təşkilatı Azərbaycanda mətbuat sahəsindəki real vəziyyət barədə informasiyalara hələ sahiblənməyib, yaxud da sahiblənmək istəmir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, bu təşkilatın hələ də Azərbaycan mediasının durumu ilə bağlı obyektiv mövqeyə gələ bilməməsi təəssüf doğurur: "Bu təşkilatın Azərbaycana münasibəti bizim medianın daxilində gedən proseslərə hər hansı bir təsir göstərmir və göstərə də bilməz. Sadəcə olaraq bu Azərbaycan cəmiyyətinin və mediamızın "təşkilat"ın özünə münasibətin daha pis və aqressiv formada dəyişməsinə təsir göstərir".A. Quliyev vurğulayıb ki, Azərbaycan media siyasətini də müstəqil şəkildə müəyyənləşdirir: "Bu gün Azərbaycan mediasında dünya praktikasında olan ən mütərəqqi iş üslubları, hətta olmayan və sırf Azərbaycan mühitinə uyğun olan bir çox üslublar tətbiq olunur. Hesab edirəm ki, bu yolu davam etdirmək lazımdır. Media sahəsindəki hazırkı siyasətin bundan sonra da davam etdirilməsi həmin təşkilatların ənənəvi tənqidi qeydlərinə ən tutarlı cavab olacaq".
sia.az