"Səs" qəzetində bu mövzuda növbəti dəyirmi masa keçirilib
Dünən "Səs" qəzetinin təşkilatçılığı ilə "Avropa Oyunları: Gözləntilər və nəticələr" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Bakı şəhər Gənclər və İdman İdarəsini rəisi Raqif Abbasov, "İki Sahil" qəzetini baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə elmlər doktoru Hikmət Babaoğlu, "Bakı Xəbər" qəzetinin baş redaktoru, "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasının həmsədri Aydın Quliyev, "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasının həmsədri Rufiz Qonaqov, iqtisadçı-ekspert Vüqar Bayramov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov, Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev iştirak ediblər.
Tədbir Binəqədi rayonunda baş verən yanğın zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Bəhruz Quliyev: "Ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları ilə Azərbaycan yeni bir tarixə imza atacaq"
Dəyirmi masanı giriş sözü ilə açan "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları ilə Azərbaycanın yeni bir tarixə imza atacağını bildirdi: "Bu kimi beynəlxalq miqyaslı idman tədbirlərinin keçirilməsi üçün ilk olaraq maliyyə, təhlükəsizlik və təcrübə başlıca amildir. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq Azərbaycan iqtisadi inkşafa nail olub. Avropa Olimpiya Komitəsi İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verdi. Çünki Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyinə inam və etimad var idi. Azərbaycan ictimai sabitliyin qorunmasına görə nəinki regionda hətta dünya ölkələri sırasında ön cərgələrdədir".
B.Quliyev əminliklə bildirdi ki, Azərbaycan yüksək səviyyədə və uğurla İlk Avropa Oyunlarını keçirməklə dünya xalqlarının yaddaşında dərin iz buraxacaq.
Arif Rəhimzadə: "Azərbaycanda yandırılan İlk Avropa Oyunlarının məşəli davamlı olaraq dünyanı gəzəcək"
-Dünyada elə bir insan yoxdur ki, Olimpia Oyunları haqqında məlumatsız olsun. Hesab edirəm ki, idman tədbirindən sonra insanların yaddaşında İlk Avropa Oyunları qalacaq. Necə ki, Yunanıstan dünyada Olimpiya Oyunları tanıdıb, eləcə də Azərbaycanı İlk Avropa Oyunları bütün dünyada tanıdacaq.Azərbaycanda yandırılan İlk Avropa Oyunlarının məşəli davamlı olaraq dünyanı gəzəcək. Oyunlar ərəfəsində ölkəmizə təşrif buyuran bütün xarici qonaqlar Azərbaycan haqqında yetərincə məlumatlandırılacaqlar ki, bu da gələcəkdə ölkəmizə böyük uğurlar qazandıracaq. Bu nöqteyi-nəzərdən Avropa Oyunlarını yüksək dəyərləndirirəm. Ancaq bu idman oyunlarının dəyərini anlanlamayan insanlar, öz maraqlarını güdənlər, düşmənçilik mövqedən çıxış edən qüvvələr Azərbaycanı gözdən salmaq üçün kampaniyalar aparmaqla məşğuldurlar. Bütün bunlara baxmayaraq Azərbaycan qısa müddətdə lazım olan infrastrukturun yaradılmasına, İlk Avropa Oyunlarının təbliğat işlərinin aparılmasına nail ola bildi. Düşünürəm ki, bu kimi insanlara verilən ən doğru cavab məhz elə görülən işlərdir.
Vüqar Rəhimzadə: "Xarici qonaqlar bəşəri dəyərlərimizin şahidi olmalıdır"
- İlk Avropa Oyunlarının təbliğatında, içtimaiyyətə geniş və əhatəli məlumatların çatdırılmasında mətbuatın üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müasir şəkildə dünyaya təqdim olunur. Ölkəmiz dünyanın bir parçası olaraq bütün sahələrdə olduğu kimi, idman yarışlarının keçirilməsində də uğurların reallaşdırıldığı bir məkana çevrilib. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bir çox uğurlar əldə edəcək. Mətbuata gəlincə, düşünürəm ki, oyunların təbliğatı təkcə mətbuatın deyil, Azərbaycanı sevən hər bir insanın üzərinə böyük bir məsuliyyət qoyur. Mətbuat QHT-lərlə birlikdə böyük bir koalisya yaradıb ki, orada müsbət yöndə işlər həyata keçirilib. Anti-Azərbaycan qüvvələrə qarşı müəyyən mövqelər sərgilənib ki, bundan sonra da bunu davam etdirəcəyik. Hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirməklə oyunların yüksək səviyyədə başa çatması üçün əlimizdən gələni əsirgəməməliyik. Dünya ictimaiyyətinə Birinci Avropa Oyunlarını təqdim etmək bizim üçün şərəfli bir vəzifədir. Çap mediası ilə yanaşı, elektron medianında aktiv olmsı, sosial şəbəklərdə arqumentli şərhlər yazması vacib amildir. Xaricdən gələn rəsmi qonaqlara, idmançılara, turistlərə Azərbaycanın tarixi, adət-ənənələri haqqında doğru, dolğun məlumatlar verməklə biz özümüzü yaxşı mənada təqdim etmiş olarıq.
Hikmət Babaoğlu: "Azərbaycan Olimp dağında keçirilən Olimpiada Oyunlarına verdiyi odu yenidən özünə qaytarmaqla bir növ tarixi missiyasını yenidən özünə qaytarır"
- Yunan mifologiyasinda odun Qaf dağında, yəni Boyuk Qafqazda tanrılar tərəfindən qorunur. Nəzərə alsaq ki, Qafqazda neft və qaz resursları, əsasən Azərbaycan ərazisindədir, o zaman belə düşünə bilərik ki, elə odun yuvası da bizim Yanardağ coğrafiyası olub. Yalnız Prometeyin qəhrəmanlığı və fədakarlığı sayəsində od Olimpə, Yunanıstana aparıla bilib. Bu mifoloji sujet kontekstində belə düşünə bilərik ki, müasir Azərbaycan Olimp dağında keçirilən Olimpiada Oyunlarına verdiyi odu yenidən özunə qaytarmaqla bir növ tarixi missiyasını yenidən özünə qaytarır. Bu, həm də oğurlanmış odumuzun yenidən ocağımıza qaytarılması kimi qəbul edilə bilər. Tarixi ədalət bu gün bərpa olunmaqdadır. Azərbaycanda tarix boyu idman ənənələri mövcud olub. Ümumiyyətlə, Azərbaycan bir sıra idman növlərinin yaradıcısıdır. Bunu tarixi dastanlarımızdan da aydın şəkildə görmək olar. Bu gün Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idman ənənələrimizi keyfiyyətcə yeni mərhələyə daşıyacaqdır. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə Avropada tarixi hadisədir. Avropanın belə bir oyunların keçirilməsinin təşəbbüskarı kimi gənc ölkə olan Azərbaycanı seçməsi təsadüfü deyil. Əslində, bunun altında bir çox hadisələr cəmləşib. İdmanın gənclər arasında təbliği mühüm amildir. Çünki idman sağlamlıqdır, idman sağlam cəmiyyət, sağlam təfəkkür deməkdir. Azərbaycan kimi gənc ölkədə bu prosesin həyata keçirilməsi idmanın yüksək səviyyədə təbliğindən xəbər verir. Bu sahədə media hadisənin mahiyyətini izah etməyi bacarmalıdır. Azərbaycan mətbautı bu idman hadisəsini siyasi proseslərdən uzaq tutmalıdır. Bilirik ki, Avropa Oyunlarını siyasiləşdirməyə çağıran, əleyhinə çağırışlar edən qüvvələr var. Hesab edirəm ki, Azərbaycan medaiasının əsas vəzifələrindən biri də hadisəni olduğu kimi işıqlandırmasıdır. Burada idman tədbiri keçiriləcək və ictimai təfəkkürdə də bu siyasi deyil, idman hadisəsi kimi qalacaq. Bu baxımdan da idman yarışmasının siyasiləşdirilməsi yolverilməzdir. Digər tərəfdən isə bu oyunların ümumxalq bayram ab-havası ilə qeyd etmək də bizlərin üzərinə düşən vəzifələrdəndir. Hesab edirik ki, nəticə etibarilə bu oyunlar Azərbaycana bir çox dividendlər gətirəcək.
Rufiz Qonaqov: "Azərbaycanda vətəndaş cəmiyyəti birdir və birlikdə ümummilli maraqlara xidmət edir"
- İlk Avropa Oyunlarının keçirilməsində vətəndaş cəmiyyəti olaraq kütləvi informasiya vasitələrinin rəhbərlərinin və eləcə də aparıcı QHT-lərlə "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasını yaratdıq. Qısa zaman kəsiyində bütün beynəlxalq təşkilatlara göstərdik ki, Azərbaycanda vətəndaş cəmiyyəti birdir və birlikdə ümummilli maraqlara xidmət edir. Ayrı-ayrı fikirlər var idi ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti instiutları hansısa bir formada Avropa Oyunlarının keçirilməsinə dəstək vermir. Bu fikirlər tamamilə alt-üst oldu. Bu gün bütün vətəndaş cəmiyyətləri İlk Avropa Oyunlarının keçirilməsinə dəstək verir, öz töhfələrini əsirgəmirlər. Anti-təbliğatda adları keçən beynəlxalq təşkilatlara və onların havadarlarına biz cavab verdik və gücümüzü göstərdik. Üzərimzə düşən vəzifələri dərk edir və əminki ki, bütün vəzifələrimizin öhdəsindən gələcəyik.
Aydın Quliyev: "Azərbaycan Avropa kontekstində artıq öz qələbəsini təmin edib"
-Mətbuat Avropa Oyunları ilə bağlı bütün gücü ilə səfərbərdir. Əgər mətbuat olaraq Avropa Oyunlarının təbliğatına qoşulmuşuqsa, bu, bizim peşə və eləcə də vətəndaş borcumuzdan irəli gəlir. 2012-ci ilin dekabrında Romada baş tutmuş Avropa Olimpia Komitəsinin Baş Assambleyasında İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsinə nəzər salanda, bir neçə məqam ortaya çıxır. Belə ki, istənilən Avropa dövlətinin belə bir tədbiri keçirməyə həm maliyyəsi, həm də təcrübəsi çatırdı. Amma bu iki amil Avropa dövlətlərini risk altında qoydu. 2012-ci ildə Avropa dövlətlərində kütləvi qətliamlar baş vermişdi ki, bu da özlüyündə onlara inamı bir qədər azaldırdı. Ərəb ölkələrində yaranan iğtişaşlardan dolayı Avropaya üz tutan miqrantların da çoxluğu digər səbəb kimi göstərilə bilər. Belə şəraitdə Avropa dövlətlərinin rəhbərləri İlk Avropa Oyunlarının təhlükəsizliyini axıra kimi təmin etməyi özləri üçün riskli hesab edirdilər. Beləliklə, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə 48 ölkədən 38-nin səs verməsi böyük etimaddan doğan nəticə idi. Bu gün Azərbaycan çalışır ki, bu oyunlara özünəmxsus şəkildə ev sahibliyi etsin və öz uğurlu nəticəsi ilə yaddaşda qalsın. Tam əminliklə söyləyirəm ki, oyunların başlanmasına saylı günlər qalsa belə, Azərbaycan Avropa kontekstində artıq öz qələbəsini təmin edib.
Raqif Abbasov: "Azərbaycana qalibiyyət yaraşır"
- Avropa Olimpia Komitəsinin toplantısında 38 ölkənin Azərbaycana öz səsini verməsi böyük uğurdur. Hansı ölkədə oyunlar keşçiriləcəkdirsə, Avropanın bu ölkə qarşısında beş əsas şərti qoyulmuşdu. Birinci maliyyə resursları, ikinci infrastrukturun mövcudluğu, üçüncü idman göstəricilərinin davamiyyəti, ardıcıllığı, dinamikası, dörüdncü insan resursları, beşincisi dövlətin dəstəyi və təminatı. Bu beş konsepsiyanı dəqiqliklə təhlil edərək, Avropa ölkələrinin mütləq əksəriyyətinin Azərbaycana səs verməsi artıq o demək idi ki, bundan sonra bu məsələlər ətrafında spekluasyalara yekun vuruldu. Azərbaycan dövlətinin müstəqilliyinin gənc olmasına baxmayaraq gördüyü işlər on illiklərə bərabərdir. Bu baxımdan da qəbul olunmuş 20 idman növünün 16-sı Olimpia idman növü, 4-ü isə qeyri-Olimpia idman növü oldu. Beləliklə də, qitə oyunlarının Olimpia Oyunları ilə bağlılığı böyük idman bayramının mahiyyətini və çəkisini artırmış oldu. Azərbaycan bundan sonra daha böyük qələbələrə doğru gedəcək.Azərbaycana qalibiyyət yaraşır.
(Ardı var)
İntizarə Məmmədova