"I Avropa Oyunlarına tək idman yarışı deyil, eyni zamanda iqtisadi bir təşəbbüs kimi yanaşmaq lazımdır". Bunu SİA-ya iqtisadçı Vüqar Bayramov deyib.İqtisadçının sözlərinə görə, I Avropa Oyunları Azərbaycan iqtisadiyyatına oyunlar keçirilən müddətdə, eləcə də oyunlardan sonra investisiyanın cəlb edilməsinə imkan yaradacaq: "Əvvəla ölkəyə gələn hər bir turist sərmayə deməkdir. Çünki ölkəyə gələn hər bir turistin Azərbaycanda olduğu müddətdə xərclənmələri var. Təbii ki, Azərbaycana turistin gəlməsinin ölkə iqtisadiyyatının müxtəlif sektorlarının - kiçik və orta sahibkarlıq, xidmət, bank, nəqliyyat və sairənin gəlir əldə etməsinə şərait yaradır. Bu baxımdan Bakıya turistlərin gəlməsi ölkə iqtisadiyyatında birbaşa investisiyanın həyata keçirilməsinə imkan verəcək. Nəzərə almaq lazımdır ki, ölkəyə gələn turistlər yalnız paytaxda olmayacaq. Onlar eyni zamanda bölgələrə gedəcəklər və orada xidmətlərdən istifadə edəcəklər. Turizm sektoru daxil olmaqla çox fərqli xidmət sektorunu investisiyaya yönəldə biləcəklər".V.Bayramov əlavə edib ki, I Avropa Oyunları ölkəmizin tanıdılması baxımından da mühüm əhəmiyyətə malikdir: "Cəlb edilən sərmayə yalnız I Avropa Oyunları müddətdə əldə edilən investisiya olmayacaq. Eyni zamanda oyunlar başa çatdıqdan sonra Azərbaycan kiçik və orta sahibkarlıq, xidmət, bank, nəqliyyat, qeyri-neft sektorunda investisiya cəlb etmək imkanlarına malik olacaq. Bu baxımdan oyunların keçirilməsi Azərbaycan iqtisadiyyatı üçün həm cari, həm də strateji investisiyaların cəlb edilməsi üçün zəmin yaradacaq. Təbii ki, bu imkan verəcək ki, Azərbaycan qeyri-neft sektoruna daha çox xarici investisiyanı cəlb edə bilsin".
sia.az