"Yanğın hadisəsi baş verəndə ölkənin radikal müxalifətindən bu cür reaksiya verəcəyini gözləyirdim". Bunu SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ölkənin bəzi müxalifət təmsilçilərinin fəaliyyətində hər zaman insan faciəsindən öz siyasi məqsədləri üçün istifadə edilməsi halları olub: "Radikal müxalifət deyilən düşərgə ictimaiyyət tərəfindən qəbul edilmədiyi üçün belə bir addım atmaqla diqqət mərkəzinə çevrilməyə çalışır. Yəni, sosial bazaya və təcrübəyə malik olmayan müxalif düşərgə sakinləri varlıqlarını nümayiş etdirmək üçün ölkədə baş verən hər hansı bir hadisədən yararlanmağa çalışır. Bu günə kimi onların təşkil etdikləri aksiyalar və mitinqləri biabırçılıqla başa çatıb. Bu gün yanğın hadisəsi ilə bağlı xalqı mitinqlərə çağırmaları onlara uğur gətirmir, əksinə böyük nifrət və qəzəblə qarşılanır. Çünki xalq görür ki, ölkə rəhbəri, Azərbaycan dövləti öz millətinə hər zaman dayaq olur və hər bir azərbaycanlının Prezidenti olduğunu görülən işlərlə nümayiş etdirir. Bu hadisədə də dövlət başçısının mayın 20-də keçirilən komissiyanın iclasında etdiyi qətiyyətli, prinsipial çıxışlarla bir daha nümayiş etdirdi. Ona görə də, həmin müxalifət liderləri bu hadisəni siyasiləşdirməklə bir daha xalqın qəzəbinə tuş gəlirlər. Bu heç də siyasi gediş deyil".
sia.az