PDF Oxu

Siyasət

  • 10

Dövlət vətəndaşının yanındadır

Dövlət vətəndaşının yanındadır

"Prezident İlham Əliyevin rəhbərliyi ilə komissiyanın iclasının keçirilməsi Azərbaycanda insan faktoruna, insan amilinə verilən yüksək qiymətdir"

Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı yaradılan kamissiyanın iclasında Prezident İlham Əliyev çox sərt mövqe bildirdi, məmurları tənqid etdi, günahkarların ciddi cəzalanacağını bildirdi. Prezidentin bu qətiyyətli çıxışını və komissiyanın iclasında səslənən fikirlər barədə nə deyə bilərsiniz?

Millət vəkili Eldar İbrahimov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı xalqın bəzi məqamlar üzrə yaranan narahatçılığını aradan qaldırdı"

- Birmənalı şəkildə demək olar ki, yanğın hadisəsi ilə bağlı yaranan komissiyanın iclasında Prezident İlham Əliyevin qətiyyətli çıxışı xalqın bəzi məqamlar üzrə yaranan narahatçılığını aradan qaldırdı. Səhv yolda olan müəyyən məmurlar var ki, onlar artıq bu yoldan dönməlidirlər. Həmin faciəyə səbəb olan keyfiyyətsiz materialları satan kimlərdirsə, haqlı olaraq öz cəzalarını çəkməlidirlər. İnsanların taleyi ilə oynamaq olmaz. Əgər bunun tez alışan material olduğunu bilib və etinasız yanaşaraq binaları üzləyiblərsə, o zaman cavabını da verməlidirlər. Təbii ki, bu məsələlər araşdırılmalıdır. Prezident İlham Əliyevin çıxışı təkcə icra strukturlarında işləyən məmurlara yox, o cümlədən hər bir insana aiddir. Yəni yolundan çıxan və pul qazanmaq üçün xalqına qarşı faciə törədən insanlara. Bu kimi halların qarşısı tez bir zamanda alınmalıdır. Hər hansı bir cinayət cəzasız qalmamalıdır və qalmayacaq da. Bunu Prezident İlham Əliyev öz çıxışında bir daha bəyan etdi. Onun Azərbaycanın hər bir vətəndaşına göstərdiyi diqqət və qayğı danılmazdır. Cənab Prezident hər bir azərbaycanlının qayğıkeş Prezidentidir.

Millət vəkili Jalə Əliyeva: "Prezident İlham Əliyevin mövqeyi hər birimiz üçün bir örnəkdir"

- Yaşayış binasında baş vermiş yanğın hadisəsi hər birimizin üzüntüsünə səbəb oldu. Prezident İlham Əliyevin hadisə yerində olması, Mehriban xanım Əliyevanın hadisədən zərər çəkmiş xəstələri ziyarət etməsi və dərhal Dövlət komissiyasının yaradılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə komissiyanın iclasının keçirilməsi Azərbaycanda insan faktoruna, insan amilinə verilən yüksək qiymətdir. Prezident İlham Əliyev bu günə kimi söylədiyi bütün fikirlərində vətəndaşlarımızın rifahını, məmur-vətəndaş birliyini dilə gətirib. Məhz keçirilən toplantı da bunu bir daha təsdiq etmiş oldu. Cənab Prezident əsas məsələ kimi məmurlardan vətəndaşlarımıza xidmət göstərməyi və tutduqları vəzifədən sui-istifadə etməməyi, ölkəmizin inkişafı və vətəndaşlarmızın rifah halının yüksəlməsi üçün əllərindən gələni etməli olduqlarını bir daha onlara çatdırmış oldu. Düşünürəm ki, Prezident İlham Əliyevin mövqeyi hər birimiz üçün bir örnəkdir. Vəzifəsindən və kimliyindən asılı olmayaraq hər birimiz baş verən hadisələrə biganə yanaşmamalı, xalqın yanında olmalıyıq.

Millət vəkili Fazil Qəzənfəroğlu: "Ümid edirəm ki, Prezident İlham Əliyevin bu çıxışından sonra məmurlar öz fəaliyyətlərinə dəyişiklik edəcəklər"

- Əlbəttə ki, hər birimizdə Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi üzüntümüzə səbəb oldu. Ürəyimdən keçənləri Prezident İlham Əliyev çıxışı zamanı ifadə etdi. Bundan sonrakı fəaliyyəti də nəzərə almaq lazımdır. Əks halda bu məsələlərin həllində daha böyük faciələrin yaşanması qaçılmaz olacaqdır. Bir sözlə, məmurlar artıq bilməlidirlər ki, insan həyatından dəyərli heç nə yoxdur. Ümid edirəm ki, Prezident İlham Əliyevin bu çıxışından sonra məmurlar öz fəaliyyətlərində dəyişiklik edəcəklər. Hər bir kəs, eləcə də məmurlar insan taleyinə və faciəsinə səbəb ola biləcək bu addımlardan əl çəksinlər.

Millət vəkili Sədaqət Vəliyeva: "Məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdırlar"

- Baş vermiş faciə hər bir Azərbaycan vətəndaşının, eyni zamanda, Cənab Prezident İlham Əliyevin ciddi narahatlığına səbəb oldu. Dövlət başçısının hadisə yerinə baş çəkməsi, xüsusi Sərəncamla komissiya yaratması, onun ilk iclasını keçirməsi və bütün zəruri addımların atılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi haqqında göstərişlər verməsi bir daha sübut etdi ki, insan amili Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetidir. İnsanların təhlükəsizliyi və rahat yaşayışı dövlətimizin ali məqsədidir. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah, firavan və təhlükəsiz yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarında ilk olaraq məhz insanları düşünür. Prezident İlham Əliyev əməlləri ilə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri məmurlara aşılayır. Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də xalqla bərabər olması Onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da Prezident İlham Əliyev atdığı addımları və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır.

Vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir. Çünki hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir. Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Düşünürəm ki, məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdırlar.

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər