PDF Oxu

Siyasət

  • 5

Sabitlik məkanına çevrilən Azərbaycanda multikulturalizm ənənələri

Sabitlik məkanına çevrilən Azərbaycanda multikulturalizm ənənələri

Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Prezident Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Bu günlərdə, daha dəqiq desək, 18-19 may tarixində yenidən dünyanın diqqətini paytaxtımıza cəlb edən "Bakı prosesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu təşəbbüsün əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa və İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi" ilə qoyulub. Bu prosesin davamlığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabrında Bakıda təşkil edilən İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransına yenə Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti dəvət olundu. 7-9 aprel 2011-ci il tarixində Azərbaycan Prezidentinin himayəsi ilə Bakıda I Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Ölkə başçısının Fərmanı ilə forumun iki ildən bir keçirilməsi qərara alındı, Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edildi.

III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun kifayət qədər maraqlı proqramı var idi. Mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olundu. Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, mədəniyyət paytaxtlarının dialoqu görüşü və digər tədbirlər keçirildi.

Bu layihə dünya mətbuatını, eləcə də "Euronews" telekanalının diqqətindən kənarda qalmadı. Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında reportaj yayımlayıb. "Azərbaycan mədəniyyətlərarası dialoq təqdim edir" adlı reportajda tanınmış ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin, analitiklərin forumda bir araya toplaşdıqları və vacib məsələləri müzakirə etdikləri qeyd olunur.

Reportajda forumun 2008-ci ildə müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü diqqətə çəkilib.

Reportajda forumun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi diqqətə çatdırılır və bildirilir ki, Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs edib, sabitlik məkanına çevrilən Azərbaycanda multikulturalizm ənənələrindən və digər məsələlərdən danışıb. Əlbəttə ki, ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş oldu. Azərbaycan ölkəmizdə yaşayan xalqalar arasında bütün sahələrdə mədəni müxtəlifliyin inkişafına nail olub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında öz tolerant mühiti ilə seçilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib ki, bu da dünya ictimaiyyətinin diqqətindən kənarda deyildir.

Forum bir daha təsdiq edib ki, insanların həm bölgədə, həm də bütün dünyada sülh və qardaşlıq şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin qorunması və inkişafı mütləqdir. Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisi oldu.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər