PDF Oxu

Siyasət

  • 11

Ermənistanın iflas edən daxili və xarici siyasəti

Ermənistanın iflas edən daxili və xarici siyasəti

Erməni analar Serji ayaqladı

Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətinə qarşı narazılıqlar səngimir. Artıq Ermənistan paytaxtı Yerevanda "hakimiyyət olmayan parlament 3-lüyü - Erməni Milli Konqresi, "Çiçəklənən Ermənistan" və "Miras" partiyaları may ayının 17-dən mitinq keçirməyi davam etdirir. Mitinqə 3-lüyün liderləri - eks-prezident Ter-Petrosyan, oliqarx Qaqik Tsarukyan və keçmiş xarici işlər naziri Raffi Hovanisyan rəhbərliyi ilə Sarkisyanın istefa tələbini irəli sürürlər.

Mitinqdə çoxluq təşkil edən əsgər anaları övladlarını Qarabağa göndərməkdən boyun qaçıraraq bildiriblər ki, artıq özlərinə aid olmayan müharibədə övladlarını itirmək istəmirlər. "Vətən" partiyasının rəhbəri Petros Makiyan isə xüsusi çağırdığı mətbuat konfransında bildirib ki, Serj Sarkisyan hakimiyyətinin demək olar ki, hər ilində fəlakət qərarları qəbul edir. O bildirib ki, indiki prezident yeddi illik fəaliyyəti dövründə erməni dövlətinə çox böyük zərbə vurub: "Ermənistan bu gün yalnız iqtisadi, hərbi sahədə deyil, həm də xarici siyasətdə uğursuzluq yaşayır. S.Sarkisyan Qarabağ münaqişəsinin həlli məsələsində heç nəyə nail olmayıb, çünki danışıqlarda heç bir inkişaf yoxdur. Bundan başqa, o bildirib ki, artıq Ermənistanda hamı anlayıb ki, müharibə qaçılmazdır".

Erməni mətbuatının yazdığına görə, separatçı Dağlıq Qarabağın qondarma müdafiə ordusunun komandanı Movses Akopyan da valideynlərin şikayət hücumuna məruz qalıb. Valideynlər övladlarının ön cəbhəyə göndərilməsinin qanunsuz olduğunu söyləyiblər: "Biz övladlarımızı boş-boşuna ölmək üçün böyütməmişik. Bizim sualımıza cavab verin görək, 19 yaşlı oğlanları ön xəttə göndərmək doğrudurmu?"

Erməni mətbuatının məlumatına görə, Ermənistan ordusunda əsgər çatışmazlığı yaşanır, gənclərin heç biri hərbi xidmətə getmək istəmir: "Gedənlər isə ön xəttə göndərilir. Erməni komandir əgər əsgərləri dəli adlandırırsa, özləri də bu dəlilərə rəhbərlik edirlərsə, deməli, Ermənistan ordusu dəli yığıncağından ibarətdir".

Armen Martirosyan: "Ermənistanda daxili siyasi vəziyyət heç zaman indiki qədər murdar olmayıb"

Müxalifətçi "İrs" partiyasından olan deputat Armen Martirosyan bildirib ki, 1988-ci ildən indiyədək Ermənistanda daxili siyasi durum indiki qədər murdar olmayıb. "SƏS" qəzetinin news.am saytına istinadən verdiyi məlumata görə, Armen Martirosyan, xüsusilə "İrs" partiyasına çirkab atıldığını deyərək, Ermənistanda siyasətin də iqtisadiyyat qədər monopoliyada olduğunu qeyd edib.

Gərginlik: çıxış yolu tapılmır

Ekspertlərin gətirdikləri arqumentlər ölkədə vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir. Xüsusilə də, prezident S.Sarkisyanın "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanı təhqir etməsi ilə ölkədə siyasi vəziyyət daha da gərginləşib. Sarukyanı müxtəlif cinayətlərdə günahlandıran Ermənistan prezidenti ondan siyasətdən çəkilməsini tələb edir. Bu tələbdən sonra ölkənin ikinci əsas siyasi qüvvəsi olan "Çiçəklənən Ermənistan" partiyasının sıraları seyrəlməkdə davam edir. Q.Sarukyan da partiyanın lideri vəzifəsindən istefa verib. Sabiq xarici işlər naziri Vardan Oskanyan deyib ki, onun "Çiçəklənən Ermənistan" partiyasının sıralarını tərk etməsinə səbəb bu partiyanın erməni cəmiyyətinin ölkəni düzgün, sağlam inkişaf yoluna yönəltmək arzusunu reallaşdıra bilməməsi olub.

Ermənistan 1937-ci ilə qaytarılıb

İşğalçı ölkədə yaranmış iqtisadi gərginlik mitinqlərin miqyasının getdikcə artmasına gətirib çıxarıb. Nəticədə isə mitinqlərdə iştirak edən müxalifətçilərin kütləvi həbsinin artmasına səbəb olub. "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının üzvü Elinar Vardanyan açıqlamasında bildirib ki, son iki həftə ərzində baş verən hadisələrdən sonra məndə belə təəssürat yaranıb ki, Ermənistan 1937-ci ilə qaytarılıb. O illərdə həyata keçirilən repressiv metodlar bu gün də aktualdır.

Deputatın sözlərinə görə, müxalifətçilərə hücumlar və kütləvi həbslər prezident Sarkisyanın məlum göstərişindən sonra başlayıb: "Əhali vətəndaşlıqdan imtina edərək başqa ölkələrdə yaşamaq istəklərinin əsasında insanların dövlətin gələcəyinə inamlarının tamamilə itməsi faktı dayanır. Eyni zamanda, Ermənistanda korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı geniş yayılıb. İstehsal sahələri fəaliyyət göstərmir, bütün sahələr hakim oliqarx dairələrin əlində cəmləşib. Paytaxt Yerevan şəhərinin böyük bir hissəsi köhnə, istismar müddəti başa çatmış binalardan ibarətdir. Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Müstəqillik dövründə demək olar ki, işğalçı ölkədə heç bir sosial, iqtisadi proqram reallaşdırılmayıb. Bütün bunlara görə Ermənistan əhalisinin təxminən 80 faizi Sarkisyan hakimiyyətinin siyasətindən narazıdır".

Bütün bu deyilənləri ümumiləşdirib deyə bilərik ki, Ermənistanda yaşanan böhran davam etsə, düşmən ölkə yaxın gələcəkdə dünya xəritəsindən silinməklə yanaşı, S.Sarkisyanın da prezidentlik müddətini axıra qədər başa çatdırmasına imkan verilməyəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər