"Nəzərə alsaq ki, Qafqazda neft və qaz resursları əsasən Azərbaycan ərazisindədir, o zaman belə düşünə bilərik ki, elə odun yuvası da bizim yanardağ coğrafiyası olub. Yalnız Prometeyin qəhrəmanlığı və fədakarlığı sayəsində od Olimpə, Yunanıstana aparıla bilib. Bu mifoloji sujet kontekstində belə düşünə bilərik ki, müasir Azərbaycan Olimp dağında keçirilən Olimpiada oyunlarına verdiyi odu yenidən özunə qaytarmaqla bir növ tarixi missiyasını yenidən özünə qaytarır. Bu, həm də oğurlanmış odumuzun yenidən ocağımıza qaytarılması kimi qəbul edilə bilər". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, tarixi ədalət bu gün bərpa olunmaqdadır: "Azərbaycanda tarix boyu idman ənənələri mövcud olub. Ümumiyyətlə, Azərbaycan bir sıra idman növlərinin yaradıcısıdır. Bunu tarixi dastanlarımızdan da aydın şəkildə görmək olar. Bu gün Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idman ənənələrimizi keyfiyyətcə yeni mərhələyə daşıyacaqdır. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə Avropada tarixi hadisədir. Avropanın belə bir oyunların keçirilməsinin təşəbbüskarı kimi gənc ölkə olan Azərbaycanı seçməsi təsadüfü deyil. Əslində bunun altında bir çox hadisələr cəmləşib. İdmanın gənclər arasında təbliği mühüm amildir. Çünki idman sağlamlıqdır, idman sağlam cəmiyyət, sağlam təfəkkür deməkdir. Azərbaycan kimi gənc ölkədə bu prosesin həyata keçirilməsi idmanın yüksək səviyyədə təbliğindən xəbər verir. Bu sahədə media hadisənin mahiyyətini izah etməyi bacarmalıdır. Azərbaycan mətbuatı bu idman hadisəsini siyasi proseslərdən uzaq tutmalıdır. Bilirik ki, Avropa Oyunlarını siyasiləşdirməyə çağıran, əleyhinə çağırışlar edən qüvvələr var. Hesab edirəm ki, Azərbaycan mediasının əsas vəzifələrindən biri də hadisəni olduğu kimi işıqlandırmaqdır. Burada idman tədbiri keçiriləcək və ictimai təfəkkürdə də bu siyasi deyil, idman hadisəsi kimi qalacaq. Bu baxımdan da idman yarışının siyasiləşdirilməsi yolverilməzdir. Digər tərəfdən isə bu Oyunları ümumxalq bayram ab-havası ilə qeyd etmək də bizlərin üzərimizə düşən vəzifələrdəndir. Hesab edirik ki, nəticə etibarilə bu oyunlar Azərbaycana bir çox dividentlər gətirəcək".
sia.az