Azərbaycan xalqı kifayət qədər əmindir ki, ilk Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək
Azərbaycanda yaxın zamanlarda baş tutacaq ilk Avropa Oyunları Azərbaycanın, bütövlükdə qitənin sosial-mədəni həyatında əlamətdar bir hadisə olacaqdır. Belə ki, Cənubi Qafqazda - regionunda, o cümlədən beynəlxalq aləmdə lider dövlətə çevrilən müstəqil Azərbaycanın adı bu möhtəşəm və nənəhg tədbirin ilk təşkilatçısı kimi dünyanın idman tarixində mühüm yer tutacaqdır. Artıq paytaxt Bakımız da başda olmaqla, ölkəmizin regionları da bu mötəbər idman hadisəsinə ən yüksək səviyyədə hazırdır.
İlk Avropa Oyunları, ilk növbədə, Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir. Bu oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək ki, bu da ölkəmizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək.
Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirən faktor
Tikintiləri başa çatdırılmış və müxtəlif idman növləri üçün istifadəyə veriləcək böyük idman arenaları, idmançıların və xarici qonaqların rahatlıqlarının, təlim-məşq keçirmələrinin təminatı üçün mövcud olan şərait də belə qənaətə gəlməyə əsas verir ki, bu hadisə dünyanın diqqət mərkəzində olmaqla yanaşı, həm də təqdir olunmaqdadır. Bu obyektlərin böyük əksəriyyətinin birinci Avropa Oyunlarının keçirilməsi haqqında qərarın qəbul edilməsindən əvvəl tikilməyə başlaması da onu göstərir ki, ölkə rəhbərliyi yalnız "Bakı-2015" birinci Avropa Oyunları üçün deyil, ümumiyyətlə ölkədə bütün sahələrin inkişafına hər zaman diqqət və qayğı ilə yanaşır. Qurulan infrastruktur yalnız birinci Avropa Oyunlarına xidmət etməyəcək, eləcə də digər böyük yarışların və idman tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq.
Onu da vurğulamaq istərdim ki, xalqımız bu mötəbər dünyamiqyaslı yarışların başlanacağı günü fərəh, qürur, sevinc və həyəcan hissi ilə gözləyir. Çünki yuxarıda da qeyd edildiyi kimi, bu gün bütün dünyada ilk Avropa Oyunlarına böyük maraq var və beynəlxalq ictimaiyyət ölkəmizin bu möhtəşəm tədbirə hazırlığını diqqətlə izləyir.
Avropa Oyunlarına hazırlıq işləri Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, I Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri, dəyərli millət vəkili Mehriban Əliyevanın irəli sürdüyü çoxsaylı təşəbbüsləri ilə Təşkilat Komitəsi çox uğurlu fəaliyyət göstərir. Bu baxımdan da Azərbaycan xalqı kifayət qədər əmindir ki, ilk Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək. Eyni zamanda bu hadisə Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Çünki bütün bunlar ilk növbədə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirən faktor olacaq.
Bu, həm də beynəlxalq idman qurumlarının, Avropa dövlətlərinin ölkəmizə olan etimadının bariz göstəricisidir
Birinci Avropa Oyunları kimi mötəbər bir yarışın, həm də ilk dəfə gənc və müstəqil bir dövlətdə keçirilməsi beynəlxalq təşkilatlar və Avropa ölkələri tərəfindən də müsbət qiymətləndirilir. Ona görə ki, bu, beynəlxalq idman qurumlarının, Avropa dövlətlərinin ölkəmizə olan etimadının bariz göstəricisidir. Yəni bu, həm də o deməkdir ki, Azərbaycan artıq elə bir səviyyədə inkişaf yolu tutaraq tərəqqi edib ki, beynəlxalq idman qurumları belə bir tarixi hadisənin təşkilatçılığını məhz bizim ölkəmizə - Azərbaycana həvalə edib. O da sirr deyil ki, məhz belə bir tarixi idman hadisəsinə ev sahibliyi etmək üçün ölkəmiz az müddətdə çox uğurlu yol keçib. Bəli, məhz qısa zaman içində böyük, qətiyyətli, qürurlu inkişaf yolu!
Təkcə Bakımız deyil, bölgə və regionlarımıza da nəzər saldıqğımız zaman biz hər dəfə bir yeniliyin, müasirliyin təzahürlərini görür, bununla fəxr edirik.
Azərbaycan hətta Avropanın bir çox dövlətlərini üstələyərək inkişaf edən, demokratik faktorlara söykənən, milli adət-ənənələrini, dəyərlərini, tarixini qoruyub-saxlayan ecazkar bir ölkədir
Bu məqamda onu da bildirmək yerinə düşərdi ki, Birinci Avropa Oyunları zamanı ölkəmizə axın edəcək xarici qonaqlarımız diyarımızın hər bir yerini görmək, tanımaq imkanı əldə edəcək. Şahid olacaqlar ki, Azərbaycna heç də bəzi qərəzli, qaragüruh xarici dairələrin yaydıqları hesabatlarda, mətbuat səhifələrində göstərilən kimi tənəzzülə uğrayan ölkə deyil. Çünki çox təəssüf ki, uğurlarımıza sevinməyənlər də var. Birinci Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparanlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, güclənməsindən və regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələrdir. Azərbaycanda həmişə belə böyük beynəlxalq tədbirlər keçiriləndə, bu qara qüvvələr öz çirkin əməllərinə başlayırlar. Onların məqsədi Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaqdır. İlk Avropa Oyunlarına qarşı aparılan kampaniya da bu xarakterli növbəti addımlardan biridir. Ancaq onlar özlərini nahaq yerə yorurlar. "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində də belə bir təbliğat aparılmışdı, amma Azərbaycan bunların bu "fəaliyyət"ini heçə endirdi və sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir, layiqdir!
Azərbaycan hətta Avropanın bir çox dövlətlərini üstələyərək inkişaf edən demokratik faktorlara söykənən, milli adət-ənənələrini, dəyərlərini, tarixini qoruyub-saxlayan ecazkar bir ölkədir. Məhz həmin zaman bu gün bizim ölkəmizə qarşı çıxış edənlərin ağızları yumulacaq. Onların bundan sonra hər hansı bir iddialar ilə çıxış edib dünyanın ictimai rəyini aldatmağa imkanların belə olmayacaq. Bu tədbirdən, eləcə də ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıdan hər bir turist Azərbaycanın potensial təbliğatçısına çevriləcək. Sadə vətəndaşlarla iş, ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına da öz töhfəsini verəcək. Bu oyunların keçirilməsi ilə Azərbaycan keçdiyi böyük inkişaf yolunu və qazandığı uğurları bir daha nümayiş etdirəcək.
Beləliklə, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasiminə geri sayım başlayıb və iyunun 12-də ölkəmiz dünyaya özünün qüdrətini nümayiş etdirəcək. Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək və dünya idman ictimaiyyətini növbəti dəfə heyrətləndirəcək.
"Bakı-2015" Avropa Oyunları qitədə idmanın inkişafına "yeni nəfəs" gətirəcək
Avropa Oyunları qitə idmanı və nəninki Azərbaycan üçün, o cümlədən, ölkəmizə səfər edəcək bütün xarici qonaqlar üçün də tarixi bir hadisədir. Yəni yuxarıda sadalanan fikirlərə yanaşı, sözügedən möhtəşəm idman hadisəsi eyni zamanda ölkəmizin Avropa ailəsinin müstəqil, gələcəyə ümidlə baxan bir üzvü kimi inkişafına da töhfə verəcək. Azərbaycan bu kimi möhtəşəm tədbir sayəsində nəninki Avropa idmanında, o cümlədən, dünya miqyasında uzun illər yaddaşlarda qalacaq bir tarix yazır. Zaman keçdikcə bu oyunların mahiyyəti özünü daha qabarıq şəkildə büruzə verəcək. "Bakı-2015" Avropa Oyunları qitədə idmanın inkişafına "yeni nəfəs" gətirəcək.
Yeri gəlmişkən, Birinci Avropa Oyunlarına aparan yolları işıqlandıran, insanlara sülh, əmin-amanlıq şöləsi saçan məşəlimizin estafeti aprelin 25-də paytaxt Bakıda alovlandırılmaqla, artıq bir çox regionlarımızı dolaşmaqdadır. "Bakı-2015" ilk Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana və Bakıya yönələcəkdir. Əminliklə vurğulamaq olar ki, birinci Avropa Oyunlarında Azərbaycan idmançıları fəxri kürsünün yüksək pilləsində dayanacaq və uğur qazanacaqlar.
TAHİR SÜLEYMANOV,
millət vəkili