Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı gənclər birliyinin yığıncağı keçirilib. Yığıncaq işrirakçıları öncə Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın zamanı dünyasını dəyişənlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Mustafayev çıxış edərək, Respublika YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransı barədə məlumat verərək konfransda qeyd edib ki, şəhər təşkilatından seçilmiş nümayəndələrin yüksək səviyyədə təmsil olunduqlarını, gənclərin YAP Gənclər Birliyinin verilən bütün tapşırıq və tövsiyyələri hər zaman layiqincə yerinə yetirməyə hazır olduqlarını bildirib. B.Mustafayev, həmçinin Azərbaycan üçün xüsusi önəm daşıyan "Bakı - 2015" İlk Avropa Oyunlarının təbliğatının respublikanın hər bir bölgəsində olduğu kimi Mingəçevirdə də lazımi dərəcədə aparıldığını, oyunlar ərəfəsi bəzi ünsürlərin ölkəmizə qarşı "qara piar" kampaniyası həyata keçirmək arzusunda olduqlarını bildirib: "Ancaq onların arzusu həmişə olduğu kimi, bu dəfə də ürəklərində qalacaq, onlar bununla heç nəyə nail olmayacaqlar, sadəcə özlərinin əsl simalarını göstərirlər. Eyni zamanda, Avropa Oyunlarının bir qisminin Mingəçevir şəhərində keçirilməsi hər bir mingəçevirli üçün qürurvericidir. Ona görə də, bu kampaniya ilə bağlı Mingəçevir gəncləri də bir neçə ərazi təşkilatında yığıncaqlar keçirərək təbliğat aparır, sosial şəbəkələrdə öz qəti mövqelərini bildirirlər".
Sonda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək bildirib ki, Avropa Oyunlarına artıq sayılı günlər qalıb və Mingəçevir də bu oyunların keçirilməsinə tam hazırdır. İlk Avropa Oyunlarına qarşı "qara piar" aparan dairələr də çox gözəl başa düşürlər ki, bu mötəbər tədbirdən sonra Azərbaycan uğurlu inkişaf strategiyasının davamı olaraq, beynəlxalq nüfuzu və çəkisi baxımından tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. "Bakı-2015" İlk Avropa Oyunları ilə Azərbaycan dünyaya öz gücünü göstərəcək və əminik ki, Bakı və Mingəçevirdə keçiriləcək bu mötəbər idman bayramı hələ uzun müddət yaddaşlardan silinməyəcək.
Sonda C.Yusubov gənclərə sosial şəbəkələrdə daha aktiv və daha diqqətli olmağı, vətənimizi, xalqımızı, dövlətimizi sevməyi və düşmənlərə qarşı bir yumruq kimi birləşməyi tövsiyə edib.
Ü.ƏSGƏROV