Düşmən ölkə yaxın gələcəkdə dünya xəritəsindən silinə bilər
Ermənistanda yaranmış durum mövcud idarəçiliyin cinayətkar aləmə məxsus qaydalarla həyata keçirildiyi heç kimə sirr deyil. Belə ki, ölkənin özündə də mövcud hakimiyyətin idarəçilik prosesinin sivil metodlara söykənməməsi barədə etiraflar getdikcə artır. Ermənistanın müxalif "İrs" partiyasının mətbuat katibi David Sanasaryanın bunula bağlı məqaləsində bildirilir ki, cinayətlə dövlətin bir-birilə çulğalaşması yüksək həddə çatıb. Müəllif Ermənistan hakimiyyətinin hər yerdə maliyyə vasitələri axtardığını və bu axtarış pulun bol olduğu yerdə aparılmadığını bildirir: "Ermənistan hökuməti öz ciblərindən başqa hər yerdə pul axtarır.
David Sanasaryan: "Ermənistanın cinayətkar simalarının başında indiki prezident Serj Sarksiyanın qardaşı Aleksandr Sarkisyan durur
Ermənistan hakimiyyət nümayəndələrinin ölkə daxilində və xaricində şəxsi hesablarında milyonlar və bəlkə də milyardlar toplanıb. Xarici təşkilatlardan biri hətta son 10-12 ildə Ermənistandan qanunsuz yolla 7,5 milyard vəsaitin çıxarıldığını üzə çıxarıb. Ermənistanın cinayətkar simalarının başında indiki prezident Serj Sarksiyanın qardaşı Aleksandr Sarkisyan durur. Ermənistanda və xaricdə onu "50% Saşik" adlandırırlar. Əsas səbəb də onun iş adamlarının qazancının tam yarısına sahiblənməsidir".
Məqalə müəllifinin sözlərinə görə, Serj Sarkisyanın digər qardaşı Levon Sarkisyan isə Yerevan Dövlət Universitetində kafedra müdiridir və elit tikinti sahəsini nəzarətdə saxlayır. Xarici investorların Ermənistana cəlb olunmasının fırıldaq sxemi üzrə məşhurdur. Serj Sarkisyanın kürəkəni Mixael Minasyan isə toplanan pulların yuyulmasında əsas rollardan birini oynayır. Bütün bunlar müasir Ermənistanın real simasıdır.
Leonid Savin: "Bu ili də Ermənistan uğursuzluqla başa vuracaq"
Rusiyalı politoloq, "Geopolitika" jurnalının baş redaktoru Leonid Savin Moskvada "Svobodnaya pressa" internet dərgisinin beynəlxalq vəziyyətə dair təşkil etdiyi dəyirmi masada Ermənistanda bu il pis vəziyyətdə olacağını deyib: "Rusiyanı zəiflətmək üçün Qərb qonşu ölkələrdə dövlət çevrilişləri seriyası planlaşdırır. 2015-ci ildə yeni "narıncı" inqilabları gözləmək olar".
Onun sözlərinə görə, Qərbin bütün dövlət çevrilişləri texnologiyaları köhnədir: "Burada heç bir yenilik yoxdur. Yalnız metodika modernləşdirilib. Bu, kimin hakimiyyətdə olmasından, əhalinin ona verdiyi dəstəkdən və hansı rıçaqlara sahib olmasından asılıdır. Biz tez-tez təkrar ssenariləri görə bilərik".
Politoloq, həmçinin bu il ərzində vəziyyətin pisləşəcəyi post-sovet ölkələrinin də adını açıqlayıb. Onun proqnozuna görə, bu il Ermənistanda vəziyyət pisləşməyə başlayacaq.
Politoloqun sözlərinə görə, son iki ildə Ermənistanda korrupsiya hallarının sayı rekord həddə çatıb. Mövcud vəziyyət ölkəni tam iflasa uğradıb. Ermənistanda korrupsiya və rüşvətxorluq bu gün iflasa uğramış ölkənin inkişafının qarşısını alan əsas maneələrdən biridir. Məsələn, hər il 65 min insan əlillik qrupu almaq və ya qrupuna yenidən baxmaq üçün rüşvət verir. Tibb müəssisələrində bir ərizə üçün 20 min dramadək pul tələb edilir. Əlillik aşkar edilmədikdə 200 min drama əlillik qrupu almaq mümkündür.
Aram Karapetyan: " Ermənistanda mövcud olan oliqarx sistemi ölkəni tam iflasa uğradıb"
"Yeni çağ" partiyasının lideri Aram Karapetyan bildirib ki, oliqarxlar Ermənistanın iqtisadi və siyasi məkanını ələ keçiriblər: "Bu faktı prezident Serj Sarkisyan da mətbuata verdiyi açıqlamalarda korrupsiya və rüşvətxorluğun Ermənistan üçün kifayət qədər ciddi problem yaratdığını diqqətə çatdırıb. Ermənistan prezidentinin gülməli danışması isə ölkə müxalifətinin hiddətinə səbəb olub".
Aram Karapetyan vurğulayıb ki, oliqarxlar ölkənin iqtisadi və siyasi məkanını ələ keçiriblər. Prezident də daxil olmaqla, baş nazir və maliyyə naziri oliqarxdır, bütün Ermənistan isə onlara məxsusdur. Aram Karapetyan vurğulayıb ki, müxalifətin arxasında həm də hakimiyyətə qayıtmağı arzulayan Robert Koçaryan dayanır. Erməni siyasətçi düşünür ki, ölkə rəhbərliyinin dəyişdirilməsi də heç bir nəticə verməyəcək. Çünki bu gün Ermənistanda mövcud olan oliqarx sistemi ölkəni tam iflasa uğradıb.
Beləliklə, bütün bu deyilənləri ümumiləşdirib deyə bilərik ki, Ermənistanda yaşanan böhran davam etsə, düşmən ölkə yaxın gələcəkdə dünya xəritəsindən silinə bilər.
A.SƏMƏDOVA