PDF Oxu

Siyasət

  • 9

Dövlət öz xalqının yanındadır!

Dövlət öz xalqının yanındadır!

Prezident İlham Əliyev: "Hər kəs qanuna əməl etməlidir"

Bu gün hər kəsə kifayət qədər bəllidir ki, Azərbaycanda mövcud olan qanunlar və həmin qanunlar çərçivəsindəki ədalət prinsipi ali məqamlara söykənməkdədir. Məhz bu kimi amilləri ehtiva edən məsələlərdə dövlət hər zaman xalqın yanında olub və xalqı narahat edən hər hansı bir məsələnin həllində təxirəsalınmaz addımlar atıb. Məhz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclasındakı çıxışı da bu kimi faktorlara əsaslanıb. Bununla bağlı bir sıra bəyanatlar səsləndirən ölkə rəhbərimiz vurğulayıb ki, istənilən məsələdə dövlət xalqı müdafiə etməli və süni əngəllər yaradan məmurlar qanun qarşısında cavab verməlidirlər. Bu da onun göstəricisidir ki, hakimiyyət iqtidar-xalq vəhdətinin bariz nümunəsini ortaya qoyub.

Artıq müvafiq tədbirlər görülməkdədir

Məhz Binəqədi rayonu ərazisində baş verən hadisə ilə bağlı da Cənab Prezident həlak olanların ailələrinə və yaralılara, o cümlədən, bina sakinlərinə maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib. Baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15.000 (on beş min) manat, xəsarət almış bina sakinlərinin hər birinə 5000 (beş min) manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20.000 (iyirmi min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün isə 3000000 (üç milyon) manat vəsait ayrılıb. Onu da vurğulayaq ki, Prezident İlham Əliyev Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə də göstəriş verib. Həmçinin yanmış üzlük materialların istehsalına uyğunluq sertifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər isə artıq görülməkdədir. Dövlət başçısı vurğulayıb ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək.

Xalq öz dövlətinə, Prezidentinə arxalanır və güvənir!

Daha bir məqam Prezident İlham Əliyevin dövlətin bütün strukturlarının sözügedən hadisədə göstərdikləri fədaralığa verdiyi yüksək qiymətidir. Belə ki, həmin fədakarlıq nəticəsində daha böyük itkilərin qarşısı şücaətlə anılmışdır: "Qeyd etməliyəm ki, hadisə zamanı bizim bütün dövlət qurumlarımız çox böyük fədakarlıq göstərmişlər. Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq, fədakarlıq və qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təxliyyə edildi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm". Lakin qeyd edilənlərlə yanaşı, ölkə başçısı bir daha qanun pozuntusuna yol vermiş bir sıra dairələrə öz xəbərdarlığını bildirib. O, qeyd edib ki,əgər vətəndaşlara qarşı hər hansı bir ədalətsizlik olarsa, bunu edənlər qanun qarşısında cavab verməli olacaqlar: "Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. O cümlədən, bax, bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcəklər. Ədalət bərpa olunacaqdır". Beləliklə, Azərbaycan xalqı bir daha şahid oldu ki, ölkədə vəzifəsindən, ranqından və statusundan asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və kim qanunun aliliyini pozarsa, onun sərtliyi ilə qarşı-qarşıya qalmalı olacaq. Artıq bu fakt həm də bir aksioma kimi öz təsdiqini tapmaqdadır. Çünki dövlət öz xalqının yanındadır. Hakimiyyət-xalq, xalq –hakimiyyət sarsılmaz birliyinin mövcudluğu da məhz bu faktoru kifayət qədər sübuta yetirib. Eyni zamanda Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə arxalanır və güvənir!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər