Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 27-də başa çatacaq. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, ölkə üzrə yenidən tərtib olunmuş vahid seçici siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək: "Bununla da MSK-nıın ilin birinci yarısında əsas fəaliyyəti başa çatacaq".Qeyd edək ki, Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil veriblər.
sia.az