Bu gün Bakıda professor Zahid Qaralovun "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin Sədr müavini Bahar Muradova, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, Milli Məclisin üzvü Eldar İbrahimov, Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, ziyalılar, qəzet baş redaktorları və KİV nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev kitabın müəllifi olan professor Zahid Qaralovun xidmətlərindən danışıb: "Bu, bitib tükənməyən bir xəzinədir və hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Ümummilli Lider Heydər Əliyev haqqında indiyədək çoxlu sayda kitablar yazılıb. Ulu Öndərlə müqayisə olunacaq ikinci bir şəxsiyyət olmayıb. Bu kitab Z.Qaralovun sayca 5-ci kitabıdır".Milli Məclisin Sədr müavini Bahar Muradova diqqətə çatdırıb ki, bu gün bizlər Ümummilli Lider Heydər Əliyevin işıqlı nuruna toplaşmışıq: "Heç kimin iradəsinə tabe olmadan, yalnız öz əqidəsi və idealı qarşısında hesabat verməyi məqbul sayan, zamanın və hadisələrin dəyişə bilmədiyi məğrur, saf, bütöv xarakterə malik və ən əsası, bütün hallarda vicdanlı insanı – Zahid Qaralovu itirdik. Yeni Azərbaycan Partiyasının ilk kərpicini qoyanlardan birinin, partiya quruculuğunda çox böyük xidmətləri olan Zahid müəllimin həyatı və fəaliyyəti bir çoxlarımız, xüsusilə gənc nəsil üçün əvəzsiz örnəkdir. Heydər Əliyev ideyalarının və "idealı"nın əbədiyaşar olması yolunda yorulmadan çalışan biri kimi yaddaşlarda və xatirələrdə yaşayacaq bu insanın vəfatından doğan kədərimi ifadə edir, doğmalarına və əzizlərinə dərin hüznlə baş sağlığı verirəm".YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Zahid Qaralov fəaliyyətinin bütün dövründə öz əsərləri ilə ictimaiyyəti təmin edib: "Bundan sonra da professorun kitabları toplanıb çap ediləcək. Biz birlikdə mütəmadi olaraq ünsiyyətdə olmuşuq, eləcə də regionlarda tədbirlərdə iştirak etmişik. O, hərtərəfli şəkildə iclaslara böyük diqqət yetirirdi. Onun apardığı təbliğat, təşviqat işinin nəticəsi olaraq 10-a yaxın insan 91-lərin üzvü olub. Zahid müəllimin həyatı Ümummilli Lider Heydər Əliyev yolu ilə bağlı olub".Milli Məclisin üzvü Fəzail İbrahimli isə professorun xidmətlərindən danışıb.Tədbir hazırda davam edir.
sia.az