Professor Zahid Qaralovun müəllifi olduğu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən kitabının təqdimatı keçirilib
Dünən "Fairmont" otelində professor Zahid Qaralovun müəllifi olduğu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, jurnalistlər, elmi dairələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlər göstərdiyini bildirib. Ş.Hacıyev vurğulayıb ki, Heydər Əliyev irsi zəngin xəzinədir və ölkəmiz məhz Heydər Əliyev yolu ilə gedərək inkişaf edir. Ulu Öndər Heydər Əliyev haqqında xeyli sayda əsərlər yazıldığını deyən təşkilat sədrinin sözlərinə görə, bu baxımdan, professor Zahid Qaralovun əsərləri olduqca əhəmiyyətlidir: "Bu, bitib-tükənməyən bir xəzinədir və hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Ümummilli Lider Heydər Əliyev haqqında indiyədək çoxlu sayda kitablar yazılıb. Ulu Öndərlə müqayisə olunacaq ikinci bir şəxsiyyət olmayıb. Bu kitab Z.Qaralovun sayca 5-ci kitabıdır. Bu kitab olduqca dəyərli bir kitabdır".
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bu kitabın əhəmiyyətindən bəhs edərək, onun Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə bir işıq saldığını deyib. B.Muradova, həmçinin kitabın müəllifinin xalqımızın dəyərli ziyalısı olmasının da önəminə toxunaraq bildirib ki, Zahid Qaralov mübariz bir insan idi: "Biz bir müddət öncə heç kimin iradəsinə tabe olmadan, yalnız öz əqidəsi və idealı qarşısında hesabat verməyi məqbul sayan, zamanın və hadisələrin dəyişə bilmədiyi məğrur, saf, bütöv xarakterə malik və ən əsası, bütün hallarda vicdanlı insanı - Zahid Qaralovu itirdik. Yeni Azərbaycan Partiyasının ilk kərpicini qoyanlardan birinin, partiya quruculuğunda çox böyük xidmətləri olan Zahid müəllimin həyatı və fəaliyyəti bir çoxlarımız, xüsusilə gənc nəsil üçün əvəzsiz örnəkdir. Heydər Əliyev ideyalarının və "idealı"nın əbədiyaşar olması yolunda yorulmadan çalışan biri kimi yaddaşlarda və xatirələrdə yaşayacaq".
Milli Məclisin vitse-spikeri B.Muradova, eyni zamanda vurğulayıb ki, "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabında Zahid Qaralov Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü geniş şəkildə təqdim edir: "Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Bu yol Azərbaycanı xoşbəxt gələcəyə aparır və onun alternativi yoxdur".
B.Muradova onu da bildirib ki, Z.Qaralovun müəllifi olduğu bu kitab özünəməxsusluğu ilə seçilir: "On fəsildən ibarət olan kitabda fikir, ideya, məqsəd ardıcıllığı var".
Təqdimat mərasimində çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Ümummilli Lider Heydər Əliyev haqqında yazılan əsərlər arasında professor Zahid Qaralovun kitabları böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Ulu Öndərimizin hakimiyyətinin hər iki dövrü də Zahid Qaralovun tədqiqatlarının mövzusu olub. Zahid Qaralovu fədakar insan kimi xarakterizə edən Siyavuş Novruzov müstəqilliyimizin ilk illərində Azərbaycanın ağır durumunda Zahid Qaralov xilas yolu kimi məhz Heydər Əliyevin hakimiyyətə qayıdışını görürdü: "Buna görə də, o, Ulu Öndərimizə müraciət edən 91 ziyalıdan biri idi. Zahid müəllim təkcə müraciətə imza atmayıb, bəzi ziyalıların da bu müraciətə imza atmalarının təşəbbüskarı olub. YAP-ın Naxçıvanda keçirilən təsis konfrasında da iştirak edən Zahid Qaralov həmin çətin zamanlarda Heydər Əliyevin Müdafiə Komitəsinin sədri idi".
Siyavuş Novruzov Zahid Qaralovu möhkəm əqidəli, prinsipial və mübariz insan kimi xarakterizə etməklə yanaşı, onun Milli Məclisdəki fəaliyyətindən də bəhs edərək bildirib ki, bələdiyyələr haqqında qanunvericiliyin yaradılmasında onun müstəsna xidmətləri var.
Tədbirdə Milli Məclisin deputatı Fəzail İbrahimli da çıxışında professor Z.Qaralovun xidmətlərindən danışıb: "Bu gün bu kitabı yazan, ərsəyə gətirən və içərisindəki, ruhundakı o istəkləri qələm vasitəsilə ifadə edən Zahid Qaralov digəri isə Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər haqqında danışmaq, yazmaq kifayət qədər məsuliyyətli işdir. Z.Qaralov bu məsuliyətin öhdəsindən layiqincə gəlib".
YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərib: "Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli Lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub. Azərbaycanı dünyada Ulu Öndər Heydər Əliyev qədər tanıdan şəxs olmayıb".
Prezident Administrasiyasının məsul əməkdaşı Xıdır Qaralov Ulu Öndərin həyat və fəaliyyətindən, eləcə də Zahid Qaralovun yazdığı əsərlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu kitab Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun inkişafının yollarını göstərən Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib.
Səbail rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov vurğulayıb ki, bizim üçün dəyərli olan şəxsiyyət Zahid Qaralov uzun illər YAP Səbail rayon təşkilatına sədrlik edib: "İcra başçısı olduğum dövrdə Z.Qaralovla bir yerdə çiyin-çiyinə işləmişik. Mən onun biliklərindən, tövsiyələrindən, bacarığından həmişə yararlanmışam. Bu şəxs həm ağsaqqal idi, həm də böyük insani keyfiyyətləri var idi. Onun fikirləri, tövsiyələri bizlər üçün önəm kəsb edib. O, rayonumuzun inkişafı naminə görülən işlərdə hər zaman bizə dəstək olub".
RƏFİQƏ KAMALQIZI