Dünən YAP Şəmkir rayon təşkilatı 28 May Respublika Günü ilə bağlı tədbir keçirib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə geniş məruzə ilə çıxış edib: "97 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş vermişdir. Məhz həmin gün İstiqlal Bəyannaməsi qəbul olunmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir".
Tədbirdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, YAP Şəmkir rayon gənclər birliyi sədrinin müavini Vüsal Rzayev bildirib ki, əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddət - cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olmuşdur. V.Rzayev 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkərək, ölkə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıb.
Tədbirdə YAP Şəmkir rayon təşkilatı aparatının rəhbəri Şövqi Həsənov, rayon mərkəzi xəstəxanasının baş həkimi, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nürəddin Əhmədov, rayon Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev, rayon poçt şöbəsinin rəisi Vilayət Cabbarov və başqaları çıxış edərək qeyd ediblər ki, Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Ü.ƏSGƏROV