PDF Oxu

Siyasət

  • 13

Suraxanıda Respublika Günü geniş qeyd edilib

Suraxanıda Respublika Günü geniş qeyd edilib

Suraxanı rayonunda Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 97 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur. Rayon ərazisində yerləşən tam orta məktəblərdə Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş dərslər, inşa yazı müsabiqələri keçirilmiş, sənaye, səhiyyə və təhsil müəssisələrində dəyirmi masalar təşkil olunmuşdur.

Dünən bu silsilə tədbirlərin davamı olaraq rayon icra hakimiyyətinin və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər.

Mərkəzin Elektron lektoriya zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, ölkəmiz Şərqin ilk demokratik respublikası olub: "Təkcə bu faktı dilə gətirməyin özü bizi nə qədər qürurlandırır. Bu, Azərbaycan tarixidir. Vətənimizin qızıl hərflərlə yazılmış tarixi Azərbaycan Xalq Cümhuriyyəti xalqın cümhuriyyəti idi. Öz xalqının milli şüurunu bərpa edən, ana dilini dövlət dili elan edən, mənəvi dəyərlərini qorumağı vacib bilən, inkişafa, tərəqqiyə aparan çətin yolu seçən, milli bayraq, milli himn, milli gerb kimi vacib dövlət atributlarını yaradan, vətəndaşların hüquqlarını qoruyan, onun problemlərini həll etməyi hədəf götürən ilk parlamentli respublika quran, milli ordumuzu ərsəyə gətirən, ali təhsil ocağı təsis edən, xarici ölkələrə oxumağa tələbə göndərən, mətbuatın inkişafına yardım edən və müstəqilliyi de-fakto tanınan və de-yure tanınmağı da qarşısına məqsəd qoyan məhz Azərbaycan Xalq Cümhuriyyəti idi".

Konfransda tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Vasif Qafarova Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol barədə ətraflı məruzə ilə çıxış edib. V.Qafarov məruzəsində qeyd edib ki, 23 ay bir millətin nələrisə əldə etməsi baxımından çox qısa bir zaman kəsiyidir:"Dövlətlər var ki, onilliklərlə, hətta yüzilliklərlə mövcuddurlar, lakin öz xalqlarının taleyində ciddi dönüş etməyin proqramını belə tutmurlar. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 97 il bundan öncə yarandığı 28 may günündən etibarən xalqın milli şüurunda dönüş yaratmağı bacardı. Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu".

Məruzə ətrafında 196 №-li tam orta məktəbin direktoru Ağasi Hüseynov, Dövlət Sosial-Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev, 275 №-li tam orta məktəbin şagirdi Murad Bayramov çıxış ediblər.

Konfransa yekun vuran rayon rəhbəri qeyd edib ki, 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xalqa müstəqilliyin, azadlığın tamını daddırmışdı. Ona görə də, 71 il sovetlər birliyinin tərkibində yaşayan xalqımızda milli dövlət qurmaq instikti zəifləsə də, tamam yox olmadı: "1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan bitib-tükənməyən hakimiyyət çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə gəlmiş, ermənilərin Azərbaycan torpaqlarının iyirmi faizini işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqın-məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Azərbaycanın müstəqilliyi yenidən təhlükə altında idi. Müstəqilliyini yenicə əldə etmiş bir ölkədə iqtisadiyyatın yenidən qurulması, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, hüquqi və demokratik dövlət quruculuğu məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır".

Rayon icra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müstəqil Azərbaycanın siyasəti ölkəmizin yüksəlişi ilə yanaşı, həm də beynəlxalq mövqelərini möhkəmləndirib, imicini yüksəldib. Sürətlə inkişaf edən Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır.

İ.Abbasov xüsusi vurğulayıb ki, Azərbaycan həm də Olimpiya Hərəkatının geniş vüsət aldığı idman ölkəsidir. Son illər ölkəmizdə idmanın əksər növləri üzrə dünya və Avropa çempionatları, bir sıra populyar idman turnirləri keçirilib. Qarşıdan isə I Avropa Oyunları gəlir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın sədri olduğu I Avropa Oyunlarının Təşkilat Komitəsi artıq bütün hazırlıq işlərini başa çatdırıb. İndi hər kəs səbirsizliklə bu möhtəşəm idman hadisəsinin başlayacağı anı gözləyir.Hazırlıq prosesində görülən işlər göstərir ki, Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə və layiqincə təşkil edəcək. Ən əsası, Azərbaycan bu oyunların keçirildiyi ilk ölkə kimi adını tarixə yazacaq.

Konfransın sonunda 270 №-li tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilib. Qeyd edək ki, konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib.

ZÜMRÜD

Digər xəbərlər