2009-cu ildən fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilmişdir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə ümumilikdə 52000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, mərkəzin Elektron kitabxanasının xidmətindən 15 minə yaxın istifadəçi faydalanmışdır.
Mərkəzdə müxtəlif tədbirlər keçirilir, yeni-yeni layihələr reallaşır. Belə layihələrdən birinə 2014-cü ilin sentyabr ayından start verilmişdir. Layihəyə uyğun olaraq rayonda 1-ci sinifdə təhsil alan şagirdlər tərtib olunmuş cədvələ əsasən, hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzi ilə tanış olurlar. Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla yaxından tanış olur, mərkəz haqqında ətraflı məlumatlandırıldıqdan sonra mərkəzin Elektron lektoriya zalında Heydər Əliyevin həyatından bəhs edən filmə tamaşa edirlər.
2014-2015-ci tədris ilinin başa çatması ilə əlaqədar 1-ci sinif şagirdləri ilə "Xoşbəxt uşaqlığımıza görə Sizə minnətdarıq, Ulu Öndər" adlı tədbir keçirilib. Məktəblilər əvvəlcə Ulu Öndərin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında yekun məşğələsi keçirilib.
Yekun məşğələsində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd edib ki, adi vətəndaşdan böyük şəxsiyyətə qədər hər kəsin bir insan kimi dəyəri onun mənsub olduğu cəmiyyət, öz xalqı, doğma Vətəni üçün gördüyü işlərin, göstərdiyi əvəzsiz xidmətlərin yekunu, bəşəri miqyası ilə müəyyənləşdirilir. S.Hüseynova bu baxımdan, Heydər Əliyevin Azərbaycan tarixində yerinin müstəsna, əvəzedilməz və əbədi olduğunu bildirib:"Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu Öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Müstəqil Azərbaycan Respublikası bu gün Heydər Əliyev yolu ilə inamla irəliləyir və inkişaf edir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirmiş və mövqelərini daha da möhkəmləndirmişdir.
İqtisadi inkişaf tempinə görə dünya miqyasında lider ölkəyə çevrilən Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyini vurğulayan S.Hüseynova iyun ayının 12-də isə ölkəmizin daha möhtəşəm bir tədbirə - I Avropa Oyunlarına ev sahibliyi edəcəyini qeyd edib. I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisədir.
Sonra beş yüzdən artıq "Gənc Heydərçi" Heydər Əliyev Parkında "Bayraq meydanı", adıçəkilən meydanda "Günəş saatı", gənc heykəltəraşların əl işlərindən ibarət heykəltəraşlıq bağçası simpozimu ilə tanış olublar. Parkda musiqili fəvvarələrin ətrafında amfiteatrı olan meydanda 87 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı "Xoşbəxt uşaqlığımıza görə Sizə minnətdarıq, Ulu Öndər" adlı ədəbi-bədii kompozisiya göstərilib. Ədəbi-bədii kompozisiyanı "Gənc Heydərçi"lər maraqla izləyiblər.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində də 1-ci sinif şagirdlərinin Heydər Əliyev Mərkəzi ilə tanışlığı davam etdiriləcək.
ZÜMRÜD