YAP Xəzər rayon təşkilatında tədbir keçirilib
Dünən Xəzər rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, eyni zamanda rayonun gənclər və idman idarəsinin birgə təşəbbüsü ilə 28 May Respublika Gününə həsr edilən rəsmi sərgisi keçirilib.
SİA-nın məlumatına görə, sərgidə Xəzər rayon icra hakimiyyətinin başçısının müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vaqif Həsənov qeyd etdi ki, 28 May Respublika Gününün ölkəmizin tarixində xüsusi yeri və rolu mövcuddur: "Xalqımız növbəti fərəhdoğurucu bayram günü ərəfəsindədir. Belə ki, 97 il öncə Azərbaycan xalqı Şərqdə ilk dəfə olaraq, müstəqillik qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Təəssüflər olsun ki, uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik. Lakin bu dəfə də müstəqilliyimiz ölkədə aparılan naşı idarəçilik səbəbindən itirilmək təhlükəsini yaşadı".
İcra hakimiyyəti başçısının müavini vurğuladı ki, məhz müstəqilliyimizin itirilmək təhlükəsinin qarşısının alınmasında Ulu Öndər Heydər Əliyevin qətiyyəti və xilaskarlıq missiyası Azərbaycanı növbəti süqutdan qurtardı: "Bəli, bu gün biz müstəqil Azərbaycanda yaşamaqla, inkişaf və tərəqqi etməklə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi siyasətə borcluyuq. Bu dahi Şəxsiyyət öz siyasi dühası, liderliyi və uzaqgörənliyi ilə ikinci dəfə əldə edilmiş müstəqilliyimizin qorunmasında müstəsna xidmətlər göstərmiş oldu.Bu gün müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti ilə dünya birliyində söz sahibinə çevrilib. Ölkəmiz dünyanın, beynəlxalq aləmin mərkəzinə çevrilib. Azərbaycanda dünyanın sosial-iqtisadi taleyini həll edən mühüm tədbirlər keçirilir".
YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov da öz növbəsində qeyd etdi ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı: "Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi-iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür".
Namiq Əhmədov onu da qeyd etdi ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik: "Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Biz də azərbaycanlı olaraq, artıq öz müstəqilliyimizin qədrini bilir, onun qorunmasında, ölkəmizin inkişafında möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməkdəyik".
Digər çıxış edən natiqlər isə vurğuladılar ki, I Avropa Oyunlarına ev sahibliyi edəcəyimiz tarixə sayılı günlər qalıb. Bu tarixi hadisənin müasir şahidləri olmaqla, bir daha əmin oluruq ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Tədbirin sonunda 28 May Respublika Gününə həsr olunmuş müxtəlif rəsm əsərlərindən ibarət sərgi eksponatlarına baxış keçirildi.
İntizarə Məmmədova