Mingəçevir möhtəşəm idman hadisəsinə hazırdır
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə sayılı günlər qalıb. Bu böyük tarixi hadisənin Bakıda keçirilməsi Azərbaycanın əldə edilmiş uğurlarına verilən yüksək dəyərdir. Ölkə Prezidenti İlham Əliyev bu mötəbər tarixi hadisə ilə bağlı bildirmişdir: "Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur".
Bu, sözün əsl mənasında, Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə idmanın inkişafının təşviqinə və fəal şəkildə inkişafına olan xüsusi sadiqliyinin və bu işdəki qətiyyətinin digər nümunəsidir. Avropa tarixində ilk dəfə olaraq keçiriləcək bu oyunların təşkil edilməsinin Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya Hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir.
Obyektlər Avropa Oyunlarının tələbinə uyğun müəyyən edilir
Xüsusi olaraq vurğulamaq lazımdır ki, keçiriləcək idman yarışları Bakı ilə yanaşı Azərbaycanın regionlarında da baş tutacaq. Bu baxımdan, iyunun 14-16-da Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışların keçirilməsi deyilənlərin tsdiqidir. Doğrudur, Azərbaycanın bütün regionları uğurlu inkişafı nəticəsində böyük uğurlara imza atır. Bu baxımdan "Nur Şəhəri" olan Mngəçevirdə də abadılıq-quruculuq işləri aparılır, Heydər Əliyev adına Muzey və meydan əsaslı surətdə yenidən qurulmuş, həmin meydandan biznes mərkəzinə qədər yerüstü keçid, "Nur" Olimpiya İdman Kompleksi, Heydər Əliyev Sarayı və şəhər stadionunun tikintisi kimi iri layihələr isə reallaşdırılmışdır. Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq "Bakı-2015" Avropa Oyunlarının Bakı ilə yanaşı Mingəçevir şəhərində də keçirilməsi, hətta bu şəhərdə Kanoe Sprinti idman növü üzrə könüllü proqramın da təşkil olunması planlaşdırııb. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq bildirib ki, "Bakı-2015"in könüllülərin idmançıların, rəsmi şəxslərin və tamaşaçıların özlərini evlərindəki kimi hiss etmələrinə kömək etməklə birinci Avropa Oyunlarının canlanması və maraqlı olması baxımından çox əhəmiyyətlidir: "Avropa Oyunları bütün Azərbaycana fayda gətirəcək, ona görə də, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması bizim üçün olduqca vacibdir".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları çərçivəsində 1000-dən çox tamaşaçının izləmək imkanı olacaq və Avropanın 37 ölkəsindən 300-dək idmançının iştirak edəcəyi avarçəkmə yarışları Mingəçevir şəhərində keçiriləcək.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin avarçəkmə üzrə yarış meneceri Jean Jerome Perrin Mingəçevir şəhərində yarışlara hazırlıqlardan danışarkən görülən işlərə heyran olduğunu bildirib: "Mingəçevir şəhərində yarışların keçiriləcəyi obyektlərdə əldə edilən irəliləyişlər məni heyran edib. Birinci Avropa Oyunlarının həyata keçirilməsi üçün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinə qısa vaxt virilməsinə baxmayaraq, əminik ki, gərgin işlər nəticəsində obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəyik.
Perrin bildirib ki, oyunlar vaxtı idman yarışlarının təşkili ilə bağlı 100 nəfər könüllü xidmət göstərəcək. Amma idman yarışlarından əlavə başqa işləri də görəcək daha 300 nəfər könüllümüz olacaq. O, idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəyini qeyd ebib.
Beləliklə, tarixdə ilk dəfə keçirləcək "Bakı-2015" I Avropa Oyunları ilə Azərbaycan bütün dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə və böyük irs qoyacaq. I Avropa Oyunları Azərbaycanda idmanın, iqtisadiyyatın və turizmin inkişafına, ölkəmizin dünyada tanınmasına, etibarlı imic qazanmasına, mədəniyyətimizin dünyaya nümayiş olunmasına, ixtisaslaşmış kadrların artırılmasına, ölkəmizin böyük təcrübə qazanmasına və digər bir çox əhəmiyyətli inkişafa nail olmağa şərait yaradacaq və Azərbaycanın bu bölgəsi - Mingəçevir şəhəri də Avropa qitəsinin döyünən ürəyi olacaq.
R.HÜSEYNOVA