PDF Oxu

Siyasət

  • 13

Avropa Oyunları məşəlinin şöləsi Azərbaycanı istəməyən qüvvələrin gözlərini kor edir

Avropa Oyunları məşəlinin şöləsi Azərbaycanı istəməyən qüvvələrin gözlərini kor edir

İlham Əliyev: "Azərbaycanın uğurunu istəməyən, inkişafına paxıllıqla yanaşan dairələr var"

Artıq Azərbaycanda baş tutacaq birinci Avropa Oyunlarına sayılacaq həftələr qalmaqdadır. Doğrudur, bu kimi möhtəşəm idman hadisəsinin ölkəmizdə keçirilməsi dövlətini sevən hər bir kəsdə qürur və fərəh hissi oyatmaqla yanaşı, həm də qələbə əzmi yaradır. Çünki bütün Avropa ölkələrini üstələyərək, yarışların məhz Azərbaycanda keçirilməsi qərarı bir daha sübut etdi ki, ölkəmizdə mövcud olan mühit hətta daha böyük beynəlxalq miqyaslı tədbirlərin keçirməsinə hazır və qadirdir. Eyni zamanda, bu, ondan irəli gəlir ki, Azərbaycanda sabitliyin qorunması son illər əldə edilən əsas nailiyyətlərdən biridir. Məhz bu səbədən də bu gün ölkədə mövcud olan siyasi və iqtisadi sabitlik Azərbaycanın vizit kartına çevrilib.

Lakin bütün bunlara rəğmən, Azərbaycanda müəyyən siyasi-iqtisadi maraqları olan bəzi dairələr, xüsusilə erməni lobbisi və həmin lobbinin dəyirmanına su tökən qaragüruhçu, radikal müxalifət ünsürləri hələ də öz köhnə mövqelərində qalmaqdadırlar. Bu günlərdə Qərbdə fəaliyyət göstərən bəzi media qurumları ilə səs-səsə verərək, guya Azərbaycanda "siyasi məhbus"ların olması, "insan haqlarının pozulması", "söz və ifadə azadlığının olmaması" kontekstində böhtanlı çıxışlar edir, sonra da həmin böhtanlarını öz çap nəşrlərinin səhifələrində ictimailəşdirirlər. Doğrudur, sağlam düşüncəli ictimai rəy istər-istəməz Azərbaycana qarşı çıxan bu kimi tərəflərin addımlarından hiddətlənir.

"Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur"

Ancaq Azərbaycanın uğurunu istəməyən, inkişafına paxıllıqla yanaşan dairələr nə qədər böhtanlar desələr də, ölkə Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan inkişafdadır: "Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli-mənəvi dəyərlər birinci şərtdir. Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşıbdır. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur".

Dövlət başçısı onu da bildirib ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir: "Bizim nümunəmiz öyrənilir. Təsadüfi deyil ki, bu gün məhz Azərbaycan bu mövzu ilə bağlı dünyada mərkəzlərdən birinə çevrilmişdir. Bizim beynəlxalq nüfuzumuz çox yüksək səviyyədədir. Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, inama malik olan bir ölkədir. Belə olmasaydı, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləməzdi".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır: "Çünki hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil. Məncə, artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yəqin ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır. Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var".

Dövlət başçısı deyib ki, beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası - bütün bunlar Azərbaycan reallıqlarıdır: "Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və inkişaf strategiyası var. Biz ölkəmizi gələcəkdə necə inkişaf etdirəcəyik?! Bu barədə bizim bütün proqramlarımız var, bu barədə vaxtaşırı məlumatlar verilir və xalq tərəfindən dəstəklənir. Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək. 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək. Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir".

Bütün bunlarla yanaşı, son illər Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsi, getdikcə daha artıq nüfuz sahibi olması, müstəqil iradəsi ilə fərqlənməsi və heç bir kənar təsir və təzyiq onu tutduğu yoldan döndərmədiyi üçün belə mötəbər tədbirlərə hələ çox zamanlar ev sahibliyi edəcək. Çünki Azərbaycan günü-gündən inkişaf edir və sözün əsl mənasında müstəqil beynəlxalq siyasət yürüdür. Amma özlərini dünynın ən qabaqcılı adlandıran ölkələr dünyaya demokratiya və insan haqlarından yol göstərmək, dərs vermək istədikləri halda öz ölkələrinin siyasi arenalarında əsl diktatura, irqçilik, ksenefobiya hökm sürür, vətəndaşlarına irqi-milli mənsubiyyətlərinə görə təzyiqlər, hətta öz narazılıqlarını bildirmək istəyənlərə qarşı fiziki təzyiqlər və həbslər genişlənməkdədir. Təbii haldır ki, belə ölkələrin bəzi nümayəndələrində dinamik inkişaf edən, qısa bir zamanda böyük məsuliyyət tələb olunan Avropa Oyunlarının keçirilməsinə yüksək hazırlaşmış ərazicə kiçik, potensialına görə çox böyük olan Azərbaycana qarşı qısqanclıq olmalıdır. Çünki onlar bunu heç cür həzm edə bilmirlər və bilməzlər. Belələrini qıcıqlandıran, içəridən yeyən məhz paxıllıq, qısqanclıq və digər bu kimi siniflərə aid olan qurdlar yeyir. Nəticədə daha da azğınlaşan həmin tərəflər məhz daxillərində olan qurdlar vasitəsilə bitib-tükənməyə məhkum olacaqlar. Çünki Bakıda I Avropa Oyunları öz möhtəşəmliyi və tarixi ilə dünyaya öz sözünü dedikdən sonra həmin ünsürlərin necə yeyilib-tükənəcəklərinin şahidlərinə çevriləcəyik.

R.KAMALQIZI

Digər xəbərlər