Dünən YAP Samux rayon təşkilatının və Samux rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müsəlman Şərqində İlk Demokratik Respublikanın 23 aydan sonra süquta uğramasının səbəblərindən danışıb. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və ölkəmizin dinamik inkişaf etdiyini vurğulayıb. Natiq Azərbaycanın daha parlaq sabahına böyük inamını ifadə edirək, qazanılan uğurlara nəzər salıb: "Bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi-iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür".
Tədbirdə çıxış edən Aynur Qəhrəmanova, Şəhla Abdullayeva, Günay Quliyeva, Nizami Hümbətov və başqaları vurğulayıblar ki, xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Azərbaycan xalqı həqiqətən xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Qeyd edilib ki, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulması Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
NƏZAKƏT