Daşkəsən rayonunda 28 May Respublika Günü münasibətilə keçirilən ümumrayon tədbirinə daşkəsənlilər ciddi hazırlıqla gəliblər. Belə ki, rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, idarə, müəssisə və təşkilatlarda, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, ümumtəhsil məktəblərində, mədəni-maarif müəsissələrində toplantılar, dəyirmi masalar, bilik yarışları təşkil olunmuş, dinləmələr aparılıb.
Dünən keçirilən ümumrayon tədbirində Daşkəsən rayon icra hakimiyyətinin məsul işçiləri, YAP fəalları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib. Tədbiri giriş nitqi ilə açan Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirib: "Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. Azərbaycan yenidən müstəqillik əldə etdikdən, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən inamla irəlilədi. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi beynəlxalq aləm müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri izləyir. Məhz dünya şöhrətli Prezdentimiz Cənab İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan regionda mühim güc və cazibə mərkəzinə çevrilibdir".
Daha sonra çıxış edən natiqlər də milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından söhbət açdılar, həmçinin demokratik cümhuriyyətin süqutu səbəblərinə toxundular. Bildirdilər ki, 28 may 1918-ci il Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı səhifəsidir. Müstəqilliyimizin qazanılmasında əməyi olan istiqlal mücahidləri ən böyük hörmət və ehtirama layiqdirlər. İkinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı, regionda və dünyada artan nüfuzumuz, beynəlxalq və mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi və təşkili təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının uğurla davam etdirməsinin məntiqi nəticəsidir.
Ümumrayon tədbiri Daşkəsən rayon mərkəzində konsert proqramı ilə davam etdirilibdir.
RƏFİQƏ HÜSEYNOVA
Tərtərdə 28 May Respublika Gününə həsr olunmuş konfrans keçirilib
YAP Tərtər rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstü önünə gül-çiçək dəstələri qoyublar.
Rayonun Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilən konfransı giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov 28 May Respublika Gününün xalqımızın həyatına mühüm hadisə kimi daxil olduğunu qeyd edərək, tədbir iştiakçılarını bayram münasibətilə təbrik edib.
Geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həmin dövrdə mövcud olmuş ictimai-siyasi vəziyyət, müstəqilliyimizin qorunub saxlanıla bilməməsi səbəblərindən, Cümhuriyyətin süqutundan sonra ölkəmizin 70 ildən artıq bir müddətdə Sovetlər Birliyinin tərkibində olmasından və nəhayət, 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın düşdüyü ağır ictimai-siyasi və iqtisadi böhrandan Ulu Öndərimizin sayəsində qurutuluşundan danışıb. Məruzədə qeyd olunub ki, Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün doğma Azərbaycanımızın müstəqilliyi günbəgün möhkəmlənir, ölkəmiz hərtərəfli inkişaf edir, onun beynəlxalq aləmdəki nüfuzu və xüsusi çəkisi artmaqda davam edir.
Tədbirdə məruzə ətrafında rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, rayon Təhsil Şöbəsində aparıcı-məsləhətçi Rasim Bayramov çıxış edərək, bu bayramın hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ömür sürməsinə baxmayaraq, ölkəmizin, eləcə də müsəlman Şərqinin həyatında mühüm rol oynayıb. Cümhuriyyət dövrü dövlətçilik ənənələrinin yaradılması ilə də tariximizə yazılıb. Müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz rolu qeyd olunub. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və dövlətimizin qüdrətlənməsi naminə yorulmadan çalışan Prezident İlham Əliyevin xidmətlərindən söz açılıb.
ZÜMRÜD
Milli birliyimizin təməl bünövrəsi
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar tədbir keçirib
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında 28 May Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu bildirib: "Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır."
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsini, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımların xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etdiyini, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyəri, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan dövlətinin hazırda beynəlxalq arenada nəinki öz maraqlarını, eləcə də strateji müttəfiqlərinin də maraqlarını müdafiə etmək gücündə və iqtidarındadır".
Tədbirdə Yeni Azərbaycan Partiyas Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri Orxan Babayev çıxış edərək bildirdi ki, Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımız tərəfindən çox böyük hörmətlə yad olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyev Cümhuriyyətin fəaliyyətini yüksək qiymətləndirərək bir daha qeyd edib ki, məhz Xalq Cümhuriyyətinin yaradılması sonrakı mərhələlərdə Azərbaycan xalqının milli istiqlal hərəkatına həlledici təsir göstərib: "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan, Xalq Cümhuriyyəti dövrünün tarixi nailiyyətlərini yaşadır və inkişaf etdirir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində, ictimai-siyasi həyatında iz qoymuş böyük bir hadisədir".
Eyni zamanda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin bir neçə üzvü mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.
NƏZAKƏT