Millət vəkilləri IV çağırış yaz sessiyasının işini yüksək qiymətləndirdilər
Milli Məclisin yaz sessiyası dünən artıq öz işini yekunlaşdırdı. Belə ki, sessiya dövründə bir çox qanunlar qəbul olunub, əksər qanunlara isə əlavələr və dəyişikliklər edilib. Azərbaycanla müxtəlif ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı əks etdirən sənədlər, sazişlər də təsdiq olunub ki, bu da beynəlxalq münasibətlərdə öz nəticəsini göstərəcək. Bəzi qanunlara edilən dəyişikliklərlə cəzaların sərtləşdirilməsini də müşahidə etdik ki, bu da birmənalı qarşılanmır. Parlamentin yaz sessiyasını dəyərləndirən millət vəkilləri "SƏS"ə açıqlamalarında bu sessiyanın məhsuldar olduğunu bildirdilər.
İsa Həbibbəyli: "Parlament yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərilib"
Millət vəkili İsa Həbibbəyli bildirdi ki, ötən sessiya çox məhsuldar keçdi: "Milli Məclisin IV çağırış yaz sessiyası öz işini uğurla başa vurdu. Ötən sessiya dövründə ölkəmizin inkişafı naminə bir sıra mühüm qanunvericilik aktları qəbul olundu, əlavə və dəyişikliklər edildi. Belə ki, qəbul olunmuş qanunvericilik aktları bütün sahələri əhatə edir. Xüsusilə qanunların təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir".
Millət vəkili qeyd etdi ki, bütün bunlar cəmiyyətin inkişafına, insanların maraqlarına xidmət edir: "Ona görə də hesab edirəm ki, Azərbaycan parlamenti ötən sessiyası ərzində çox səmərəli fəaliyyət göstərib və Milli Məclis növbəti payız sessiyasında da çox məhsuldar olacaq. Ümumiyyətlə, ölkəmizdə yüksək parlamentarizm ənənəsi formalaşıb. Bu gün Milli Məclis beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir və ölkəmizi layiqincə təmsil edir. Xüsusilə, ötən sessiya dövründə bir sıra ölkələrin dövlət başçıları, parlamentariləri, dostluq qrupları eləcə də müxtəlif nümayəndə heyətləri Milli Məclisdə qonaq oldular. Bütövlükdə, hesab edirəm ki, parlament gələcək fəaliyyətində də böyük nailiyyətlər qazanacaq, ölkənin qanunvericilik bazasının daha da gücləndirilməsində yeni töhfələr verəcək".
Millət vəkili onu da qeyd etdi ki, bu gün Prezident İlham Əliyev Cənablarının apardığı məqsədyönlü, praqmatik siyasəti nəticəsində ölkəmizdə sosial-iqtisadi temp ən yüksək həddə artımla müşahidə olunmaqdadır: "Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamının məntiqi nəticəsi kimi dəyərləndirilir".
Nəriman Əliyev: "Yaz sessiyasının işi çox məhsuldar oldu"
Millət vəkili Nəriman Əliyev də bildirdi ki, Milli Məclisin yaz sessiyası öz işini uğurla başa çatdırıb və ötən dövr ərzində əhəmiyyətli qərarlar qəbul edilib: "Artıq bildiyimiz kimi, ötən sessiyada bir sıra əhəmiyyətli qanunlar qəbul olunmaqla yanaşı, dövlətin inkişafı istiqamətində qəbul ediləcək digər qanun layihələri ətrafında da səmərəli müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti sessiyalarda da bir çox mühüm qərarların və qanunların qəbul olunması reallaşdırılacaq. Biz eyni zamanda əvvəlki sessiyada qarşımızda qoyulan məsələlərin hamısını yerinə yetirə bilmişik. Həm müvafiq strukturların illik hesabatlarını dinlədik. Ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edildi. Ən əsası isə parlament cəmiyyətin ciddi ictimai müzakirə mərkəzi olduğunu bir daha təsdiq etdi. Həm gündəliyə salınan məsələlər, həm də günün aktual məsələləri üzrə vaxtaşırı məsələlər qaldırılır".
Deputat son olaraq qeyd edib ki, bu gün Azərbaycan Milli Məclisi cəmiyyətin ona yönəltdiyi ümidləri doğrulda bilir: "Təbii ki, növbəti sessiyalarımızda da bizim və digər həmkarlarımızın təklifləri, müzakirələrimiz olacaq. İnanırıq ki, bütün bu kimi səylərimiz gələcəkdə də öz səmərəsini verəcək".
R.HÜSEYNOVA