PDF Oxu

Siyasət

  • 7

Sabunçu rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Sabunçu rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabunçu rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə "Şəhrizad" uşaq bağçasında qəyyumluqda olan 11 saylı inteqrasiya təlimli internat məktəbin uşaqları ilə görüş keçirilib. Tədbir Azərbaycanı tərənnüm edən musiqi sədaları altında uşaqların rəqsi ilə açıq edildikdən sonra Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Arzu Məmmədova uşaqları və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək bildirib ki, 1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur. A.Məmmədova, həmçinin bu gün ölkəmizdə uşaqlara, yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlar üçün yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaqların sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bütün uşaqları və onların valideynlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək, onlara can sağlığı, xoşbəxt həyat, uğurlar arzulayıb. M.Abasquliyeva bildirib ki, uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar: "Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq, onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur".

M.Abasquliyeva onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı: "Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Çünki Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, bir çox körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd - uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir".

Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi filmi qəhrəmanlarının, klounların göstərdikləri nömrələri maraqla izlədilər.

Sonda tədbirdə iştirak edən uşaqlara Sabunçu rayon icra hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı tərəfindən hədiyyələr təqdim olundu.

R.HÜSEYNOVA

Digər xəbərlər