PDF Oxu

Siyasət

  • 11

AZƏRBAYCAN BAYRAĞI - MİLLİ QÜRURUMUZ, KİMLİYİMİZ, VÜQARIMIZDIR

AZƏRBAYCAN BAYRAĞI - MİLLİ QÜRURUMUZ, KİMLİYİMİZ, VÜQARIMIZDIR

İlham Əliyev: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır"

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində də müqəddəsliyi ilə seçilir. Qədim, zəngin qəhrəmanlıq tarixinə malik Azərbaycanda da dövlət bayrağı "tuğ" adlandırıldığı dövrlərdən etibarən həmişə müqəddəs sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üçrəngli bayrağımız olmuşdur. Dövlət başçılarının andiçmə mərasimlərində Qurani-Kərimlə birgə bayrağımızı öpüb, xalqa, milli-mənəvi dəyərlərə sadiq qalacağına söz verməsi onu göstərir ki, üç rəngli bayrağımız da müqəddəs kitabımız qədər əzizdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Bayraq hər bir dövlətin, millətin əsrdən-əsrə, nəsildən -nəslə ərmağan olan, varlığını bildirən müqəddəs əmanəti, varlıq simvoludur. Döyüşlərdə bayrağımızı silahı kimi canı-qanı ilə qoruyan igidlərimiz tarix yaradıblar. Beynəlxalq yarış, müsabiqə və olimpiadalarda əzəmət rəmzi olan üçrəngli bayrağımızı ən uca zirvələrə qaldıran idmançılarımız, sənətkarlarımız bununla da Azərbaycan adlı bir məmləkətin varlığını bütün dünyaya bəyan edirlər.

17 noyabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-nun ölkədə "Dövlət Bayrağı Günü" elan edilməsi barədə imzaladığı Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Eyni zamanda, Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli isə 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi-Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 20000 kv.m ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Milli bayraq müqəddəs dövlətçilik atributlarındandır

Azərbaycanın milli bayrağı müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki Dövlət Bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli azadlığını, milli dövlətçiliyini əks etdirir. Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir. Dövlət bayrağının məhz sadaladığımız müqəddəslik parametrlərinə görədir ki, Azərbaycan xalqını təmsil edən Prezidentin andiçmə mərasimində O, ilk olaraq DÖVLƏT BAYRAĞI önündə diz çöküb onu öpür, sonra isə ölkə Konstitusiyasına və müqəddəs "Qurani-Şərif"ə əl basaraq aşağıdakı məzmunda and içir. Bu, o deməkdir ki, ölkə Prezidenti millətimizin, xalqımızın, dövlətimizin müstəqillik və azadlığının, şərəf və ləyaqətinin, ərazi bütövlüyü və milli birliyinin simvolu olan DÖVLƏT BAYRAĞI - üçrəngli milli bayrağımıza təzim etməklə, əslində Azərbaycan dövlətinə, onun xalqına, bütün vətəndaşlarına və dünya azərbaycanlılarına hörmət və ehtiramını ifadə etmiş olur. Heç təsadüfi deyildir ki, hərbi andiçmə mərasimləri də dövlət bayrağı önündə həyata keçirilir... Bütün bunlar onu göstərir ki, Azərbaycanın dövlət müstəqilliyinin müqəddəs simvolu olan DÖVLƏT BAYRAĞINA HÖRMƏT və EHTİRAM, milli bayrağa MİLLƏT SEVGİSİ və VƏTƏNDAŞ SAYĞISI hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının, hər bir uşağın, məktəblinin, şagirdin, tələbənin həyat idealı, milli fəxarəti məramına, Vətən qayğısına, millət duyğusuna çevrilməlidir. Bu mənada, Ulu Öndərimiz HEYDƏR ƏLİYEVİN aşağıdakı müdrik kəlamı hamıda dövlət bayrağına yeni münasibətin formalaşdırılmasının aydın proqramını verir: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir ... Bu, bizim müstəqil dövlətimizin rəmzidir".

Dövlət bayrağından necə istifadə edilməlidir?

Üçrəngli dövlət bayrağımız qürur mənbəyimizdir. Bu bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik. Xüsusilə son illərdə Azərbaycan beynəlxalq siyasi, humanitar və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə həmişə dövlət bayrağından istifadə olunur. Lakin bəzən dövlət bayrağından istifadə zamanı yanlışlıqlara yol verilir. Qarşıdan çox mühüm tədbir - "Bakı-2015"-in birinci Avropa Oyunları gəlir. İyunun 12-dən 28-dək Avropanın idman nəbzi Azərbaycanda döyünəcək. "Bakı-2015"in yarışlarını izləmək üçün paytaxtımıza dünyanın bir çox ölkələrindən on minlərlə qonaq səfər edəcək. Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görən Azərbaycanda qarşımızda duran ümdə vəzifələrdən biri də küçə və prospektlərimizdə, idman arenalarında, azarkeşlərin başları üzərində dalğalanacaq dövlət bayrağımızdan düzgün istifadə etməkdir.

Məlum olduğu kimi, ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunlar qəbul olunub. Belə ki, 2004-cü ildə "Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında", 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları", 2013-cü ildə isə Nazirlər Kabineti "Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında" qanun və qərarlar qəbul edilib.

Beləliklə də, Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur. Çünki Vətənin qüruru, xalqın qüruru, müqəddəs varlıqdır dövlət bayrağı! Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Bu üçrəngli, ay-ulduzlu bayraq atributunda müqəddəs ideallarımızın, milli ideologiyamızın qayəsi öz əksini tapmışdır. Rənglərdə "türkçülük" (mavi) türk dünyası ilə vəhdətimizə,"islamçılıq" (yaşıl) islam dünyası ilə din birliyimizə, "müasirlik" (qırmızı) dünya xalqları ilə dostluğumuza, bərabərliyimizə, müasirliyimizə, dünyəviliyimizə, beynəlmiləlçiliyimizə bir işarətdir.

Xalqımız bu gün həqiqətən hədsiz qürur hissi keçirir ki, dünyanın ən uca bayrağı hazırda məhz Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanında dalğalanan üçrəncli bayrağımız sadalanan və sadalanmayan bütün uğurlarımızın qarantı, müjdəçisidir. "Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir" vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi bu ərazi Bakının mədəniyyət, Azərbaycanın siyasi mərkəzinə çevrilib. Dövlət başçısı adına layiq görülən Prezident İlham Əliyev andiçmə mərasimində məhz bu bayraq altında xalqına daim sədaqətlə xidmət edəcəyini bildirmiş, Azərbaycanı iqtisadi qüdrəti ilə seçiləcək ölkə səviyyəsinə qaldıracağı vədini vermiş və andına sadiq qalmışdır. Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı iqtisadi nailiyyətlərilə fəth edirsə, bu daim uca tutduğumuz bayrağımıza sədaqət rəmzidir. Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımızın dalğalanacağı daha bir ünvan bizi gözləyir. Bu ünvanı Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə fəth edəcəyini bildirən xalq dövlət başçısının bu sözlərinin reallaşacağına tam əmindir. Prezident İlham Əliyev: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!"

R.KAMALQIZI

Digər xəbərlər