Bəli, hazırda regionda baş verənlər, dünya siyasətindəki "oyun qaydalarının" kəskin şəkildə dəyişməsi və digər səbəblər deməyə əsas verir ki, Vladimir Putinin iyunun 12-də Bakıya səfəri sıradan bir səfər olmayacaq. Kreml rəhbəri Bakıya "əliboş" gələsi deyil. Düzdür, Kreml rəhbəri Bakıya ilk növbədə birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün gələcək. Amma bu, sadəcə Rusiya rəhbərinin Bakıya gəlişinin rəsmi tərəfidir. Aysberqin görünməyən tərəfi də var axı...
Çünki Ukrayna böhranı və Qərblə "soyuq müharibə" mərhələsindən bir növ qalib kimi çıxdığı təsəvvürü yaranan Moskva, əslində Bakı ilə ciddi tərəfdaşlığa möhtac durumdadır. Bu fakt, aysberqin görünməyən tərəfindən baxıldıqda, daha aydın görünür. Çünki təbib dilində desək, ağır "əməliyyatdan" çıxan rəsmi Moskva, indi daha çox güclənməyə, cəmi bir neçə il bundan əvvəl ancaq xəyalına gətirdiyi fövqəlplanlarını indi daha real şəkildə həyata keçirmək üçün əla imkanların yarandığını dəyərləndirməyə can atır. Yenidən Moskvanın SSRİ dövründəki supergüc halına gəlməsi üçünsə, ən azı bir neçə strateji region ölkəsi ilə "işləməsinə" böyük eyhtiyac var. Özü də elə vaxtda ki, Qərb siyasətçilərinin axmaqlıqları ucbatından rəsmi Moskva, bütün streotipləri dağıdaraq, "öldü" deyilərkən, yenidən ayağa qalxmağı bacardı. Belə zamanda çətin ki, V.Putin hazırkı şəraiti əldən qaçırmağa razıı olsun. Əslində, bu, heç mümkün də deyil. Ukraynada siyasi və mənəvi rüsvayçılığa uğrayan Qərbin və ABŞ administrasiyasının isə, bu planlara qarşı hansısa addımlar atması indi real görünmür. Ən azı 3-4 ilə qədər. V.Putin açıqdan-açığa Rusiyanı yenidən dünyanın ən birinci real güc mərkəzinə çevirməyə həvəslənib. Bunun üçünsə Azərbaycanla məsələləri yoluna qoymaq lazımdır. Düzdür, Moskva və Bakı arasında münasibətlər kifayət qədər normaldır. Amma V.Vladimiroviçin gələcək planlarını reallaşdırmaq üçün, bu normallıq da bəs etmir axı. V.Putinin gələcək planlarında Bakı önəmli yer tutur. Bundan əvvəlki Rusiya çarlarının planlarında olduğu kimi.
V.Putin isə gözəl bilir ki, Azərbaycanla yeni tərəfdaşlıq üçün ilk növbədə Qarabağ məsələsinə "əl gəzdirməlidir". Neçə illərdir ki, Moskva tərəfindən "dondurulmuş" bu münaqişənin indiki vaxtda "əridilməsi", bu məsələdə rəmsi Bakının maraqlarının təmin olunması üçün əməli işə keçilməsi, Rusiyanın gələcək planlarının taleyi üçün də olduqca mühüm əhəmiyyət daşıyır. Bu fakt Azərbaycan rəhbərliyinin, sözün əsl mənasında düşünülmüş və strateji siyasi kursunun qələbəsidir. Çünki indinin özündə "kimin əlinin kimin cibində" olmasınını bilinmədiyi dövrdə, artıq nəinki regionun, hətta Avropanın belə əsas enerji təminatçısı və dünya siyasətində aparıcı fiquru kimi çıxış edən Azərbaycanla HESABLAŞMAMAĞIN mümkünsüz olduqunu, Rusiya rəhbərliyinin son addımları da açıqca fakt kimi ortaya qoyur. Bütün bunları göz önünə alanda, xüsusilə də, V.Putinin "Yeni Rusiya" planının işə salınması üçün Azərbaycan faktorunun əhəmiyyətini göz önündə alanda, Kreml rəhbərinin Qarabağın "açarını" özü ilə Bakıya gətircəyinə ümidin artmağa başlayır.
Mətləb