Prezident İlham Əliyev: "Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq"
Bakıda keçiriləcək I Avropa Oyunlarının start götürməsinə sayılı günlər qalır. Bu yarış Avropa qitəsində ilk dəfə ölkəmizdə keçiriləcək və 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək. Bu mənada, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir.
2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib.
Qeyd edək ki, Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz ilk oyunların da Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurumuzdur.
Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Çox qürurverici hadisədir ki, Azərbaycan dövləti 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurmaqla dünya tarixində yeni rekorda imza atdı.
Qeyd edilməsi vacibdir ki, kütləviliyilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması, imicinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi də deyildir ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün "vizit kart" hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsələndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Elə son London-2012 Yay Olimpiya Oyunlarında idmançılarımızın 10 medal qazanması ölkə tarixinə rekord göstərici kimi düşdü.
Eyni zamanda, Azərbaycanın 2012-ci ildə "Eurovision" mahnı yarışmasına ev sahibliyi etməsi, minlərlə musiqisevəri Bakıya toplaması, 700 milyonluq tamaşaçıya mədəniyyət bayramı bəxş etməsi ölkəmizin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bununla bərabər Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ABŞ-da, Avropanın mədəniyyət beşiyi olan Fransada, Almaniyada, İtaliyada möhtəşəm tədbirlərlə ölkə mədəniyyətini təbliğ etməsi Azərbaycanın müasir, sivil və zəngin mədəni irsə malik ölkə kimi tanınmasına gətirib çıxardı. Məhz bir daha zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər yalnız xalqımıza məxsus keyfiyyətlərimizin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır.
I Avropa Oyunlarına hazırlıqla bağlı Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi Mehriban xanım Əliyevanın rəhbərliyilə misilsiz işlər həyata keçirməkdədir. Bu baxımdan, həyata keçirilən işlərin nəticəsi olaraq, I Avropa Oyunları Azərbaycana gətirəcəyi iqtisadi-maliyyə dividendlərilə yanaşı, perspektivdə ölkəmizin vurğunu olacaq potensial turistlər kontingenti də formalaşdıracaq. Onsuz da bu gün Azərbaycan dünya turistlərinin seçimidir. Lakin bu cür tədbirlərdən sonra onların sayı daha da artacaq, ölkənin nüfuzu, reytinqi yüksələcək.
Bundan başqa, I Avropa Oyunları xalqımıza və dövlətimizə bu gün inşa edilən möhtəşəm idman infrastrukturlarını - Olimpiya Stadionunu, Milli Gimnastika Arenasını, Atletlər Kəndini, Media Mərkəzini və digərlərini bəxş edir. Yəni bu tikilən idman obyektləri bundan sonrakı illər ərzində gələcək nəsillərimizə də xidmət edəcək. Bu mənada, I Avropa Oyunları Azərbaycan dövləti və xalqı üçün yalnız uğurlar, iqtisadi və siyasi dividendlər də gətirəcək.
Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin və xalqının uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var. Həmin qərəzli dairələr erməni lobbisinin təsiri altında olan dairələrdir və onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi, yaxud ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.
"Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" kimi qərəzli beynəlxalq QHT-lər vasitəsilə qeyri-obyektiv rəy formalaşdırmağa cəhd göstərən, ABŞ-da, Avropa ölkələrində baş alıb gedən islamofobiya, rasizm, diskriminasiya, korrupsiya hallarını görməməzlikdən gələn həmin qüvvələr müxtəlif kanallar vasitəsilə maliyyə ayırmaqla 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində olduğu kimi, bu dəfə də daxili bədxahlar, qaragüruhçular vasitəsilə ölkə daxilində vəziyyəti mürəkkəbləşdirməyə də səy göstərirlər. Bundan irəli gələrək, erməni lobbisinin nəzarətində olan mətbuat orqanlarına, bəzi dünya KİV-lərinə fikir verdikdə Azərbaycandakı radikal müxalifətin mətbuat orqanlarının sinxron fəaliyyətini də sezirik. Eyni zamanda, xarici siyasi direktivlərə əsasən "mitinq"lər keçirməyə cəhdlərin göstərilməsi də eyni ssenarinin tərkib hissəsidir. Bütün bunlar bir daha isbatlayır ki, radikal müxalifət ermənipərəst dairələrin, erməni lobbisinin Azərbaycandakı "5-ci kolon" funksiyasını yerinə yetirirlər.
Lakin bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq, bütün məsələlərdə də biz bunu görürük. Bu mənada hesab edirəm ki, Azərbaycanı gözdən salmaq cəhdləri, həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək və Azərbaycan Avropa və dünya ictimaiyyətinin ona göstərdiyi etimadı doğruldaraq, I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Necə ki, 2012-ci ildə "Eurovison" Mahnı Müsabiqəsi möhtəşəm şəkildə baş tutmuşdu.
Bir sözlə, Prezident İlham Əliyevin sözlərilə desək, biz bu oyunları ən yüksək səviyyədə keçirəcəyik. Çünki Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcək. Çünki dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq.
"Səs" Analitik Qrupu