PDF Oxu

Siyasət

  • 7

İlham Əliyev: “Azərbaycanın cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir”

İlham Əliyev: “Azərbaycanın cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində XXII Beynəlxalq "Xəzər Neft və Qaz 2015" sərgisinin açılışında iştirak ediblər. Sərgini Böyük Britaniyanın "ITE Group Plc" şirkətinin baş məsləhətçisi Endryu Vud açdı. Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi. Prezident İlham Əliyev öz nitqində qeyd edib ki, birinci sərginin 1994-cü ildə keçirilməsi çox əlamətdar hadisə idi. Çünki o vaxt Azərbaycan çox gənc müstəqil dövlət idi. Prezident bildirib ki, məhz 1994-cü ildən sonra Azərbaycanda inkişafa doğru ciddi addımlar atılmağa başlanılıb: "Müstəqilliyimiz 1991-ci ildə bərpa edilmişdir.

Ancaq 1991-1993-cü illərdə vəziyyət çox ağır idi, ölkəmizi böhran bürümüşdü - həm siyasi, həm iqtisadi, həm hərbi böhran. İqtisadiyyat iflic vəziyyətində idi və sənaye istehsalında, o cümlədən neft hasilatında tənəzzül müşahidə edilirdi. Ona görə, 1994-cü ildə birinci sərginin keçirilməsi Azərbaycanı dünyaya təqdim etdi, tanıtdı. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar 22 il ərzində bu sərgini təşkil edir, Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir və bizimlə bərabər tərəfdaşlıq şəraitində fəal işləyirlər ki, Azərbaycan daha da sürətlə inkişaf etsin.

Artıq qeyd olundu ki, sərgidə 300-dən çox şirkət iştirak edir. Bu, onu göstərir ki, baxmayaraq, birinci sərgidən 22 il ötür, sərgiyə maraq azalmır və beləliklə, Azərbaycan dünyaya öz imkanlarını təqdim etməyə davam edir. 1994-cü ildə birinci sərginin keçirilməsindən sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir. 1994-cü ilin sentyabr ayında tarixi müqavilə - "Əsrin kontraktı" imzalanmışdır və bu, ölkəmizə böyük həcmdə xarici sərmayənin yatırılmasına gətirib çıxarmışdır. Əgər 1994-cü ildə o tarixi addım atılmasaydı, indi ölkəmizin inkişafını təsəvvür etmək çox çətin olardı. O illərdə xarici investorlar bizə inandılar. Baxmayaraq ki, Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı. Xarici sərmayələrin qoyuluşu, investorlara çox yaxşı şəraitin yaradılması, eyni zamanda, imzalanmış bütün kontraktlarda Azərbaycanın milli maraqlarının qorunması bu uğurlu əməkdaşlığımızın əsas şərti idi. Həm investorların, həm dövlətin, həm də Azərbaycan xalqının maraqları üst-üstə düşürdü. Məhz bu gözəl əməkdaşlıq ruhu bu gün Azərbaycanın, nəinki neft-qaz sektorunda, bütün başqa sahələrdə uğurlu inkişafını təmin edir. Neft-qaz sahəsində xarici tərəfdaşlarla qazandığımız təcrübə bizə imkan verir ki, başqa sahələrdə də investisiyaları cəlb edək, xarici şirkətlərlə uğurla əməkdaşlıq edək və ölkəmizin şaxələndirilmiş inkişafını təmin edək."

Dövlətimizin başçısı qeyd edib ki, bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtında icra edib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Şahdəniz" qaz, "Azəri-Çıraq" neft yataqlarının işlənilməsi - bu layihələrin hər biri özlüyündə nəhəng enerji layihəsidir. Bununla bərabər, "Cənub" qaz dəhlizinin icrası prosesi də başlamışdır. Bu da tarixi hadisədir. Qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərib:

"Mart ayında biz Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verdik. Baxın, bütün bu hadisələr son bir il ərzində, yəni, keçən sərgidən sonra ötən dövr ərzində baş vermişdir. "Cənub" qaz dəhlizi artıq reallıqdır və icra edilir. Əminəm ki, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi işləri, - əslində bu, yeni kəmərin tikintisi deməkdir, - və 3 ildən sonra istifadəyə veriləcək TANAP layihəsinin icrası vaxtında yerinə yetiriləcək. Beləliklə, Azərbaycan "Şahdəniz-2"-dən qazı həm Gürcüstana, həm Türkiyəyə nəql edə biləcək. Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq. Hesab edirəm ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidirlər. Çünki bu, bizim ümumi işimizdir. Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda keçirilmiş "Cənub" qaz dəhlizinin Məşvərət Şurasının müzakirələri və qəbul edilmiş mətbuata bəyanat onu göstərir ki, iştirak edən bütün tərəflər öz məsuliyyətini dərk edirlər. O bəyanatda Azərbaycanın rəhbər rolu, yəni, xüsusi rolu qeyd edilmişdir."

Prezident Uilham Əliyev diqqətə çatdırıb ki, "Cənub" qaz dəhlizinin hazırda yeganə resurs bazası olan "Şahdəniz" yatağı 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları hazırda 2,6 trilyon kubmetrdir və əminəm ki, bu, son rəqəm deyil. Bu rəqəm artacaq, çünki hazırda bir çox yataqlarda qiymətləndirmə işləri gedir:

"Bir neçə yataqda kəşfiyyat işləri aparılır və əminəm ki, bizim təsdiq edilmiş qaz resurslarımız daha da böyük olacaq. Azərbaycanın həm zəngin neft-qaz resursları, həm cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, reallıqdır və bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək. Bu, ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək və nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək."

Sonra London şəhərinin Lord meri Alderman Alan Yarrou Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubunu oxudu. Sonra Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi çıxış etdilər. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldular. Məlumat verildi ki, dünyanın 27 ölkəsindən 315 şirkətin iştirak etdiyi sərginin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin olunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və sair tematik bölmələrdən ibarətdir. Sərgi çərçivəsində ilk dəfə olaraq "Nobel qardaşları və Bakı nefti. Mükafat" mövzusunda rəsm sərgisi də keçirilir. Sərgi və konfransın təşkilatçıları qismində "Iteca Caspian LLC" və onun britaniyalı tərəfdaşı "ITE Group Plc" şirkətləri çıxış edir.

Digər xəbərlər