Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyinin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə məzun gününə həsr edilən tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyətininn ictimai-siyasi və humanitar şöbəsinin müdiri Əli Axundov, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Sevinc Abdullayeva və digər qonaqlar iştirak ediblər.
Çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin təsisçisi Sevinc Abdullayeva məzun günü münasibətilə uşaqları təbrik edib, dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğıdan bəhs edib. S. Abdullayeva qeyd edib ki, bu il mərkəzi 12 məzun bitirir: "Onların hər biri bizim üçün doğma, əzizdir. Bu illər ərzində onlarla birgə sevinib, onlarla birgə addımlamışıq. Məzunlarımıza gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Ulu Öndər Heydər Əliyevin hər birimizin dillər əzbəri olan bu misraları daim bizə örnək olub və bundan sonrakı fəaliyyətimizdə də örnək olacaq: "Dahi Şəxsiyyət söyləmişdir. "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, gələcəyimizdir". Məhz bu misralar dövlətin apardığı uşaq siyasətinin özəyini təşkil edir ki, bu istiqamətdə bir çox uğurlu işlərə imza atılıb. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılıb, bu sahəyə diqqət və qayğı artırılıb".
Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva uşaqlara göstərilən hərtərəfli dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulub və Onun gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir: "Hər birimiz çalışırıq ki, gələcəyimiz olan uşaqlara öz sevgimizi, qayğımızı əsirgəməyək. Balaca bir uşağın təbəssümü hər birimizin təbbəsümü olmalıdır. Bu həyatımızın ayrılmaz parçasına çevrilməli, bu yöndə müsbət işlər görməliyik".
Sonra tədbirdə "Qayğı Reabilitasiya Mərkəz"nin uşaqları çıxış edərək öz sevinclərini qonaqlarla bölüşüblər. Uşaqlar üçün müxtəlif oyunlar təşkil olunub, şən klounların iştirakına yer verilib.
Sonda məzunlara diplom və hədiyyələr təqdim edilib.
sia.az