PDF Oxu

Siyasət

  • 7

Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda mini-futbol yarışı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda mini-futbol yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 15 İyun Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda müxtəlif tədbirlər və idman yarışları keçirilir. Keçirilən idman yarışlarından biri də rayon gənclərindən təşkil olunmuş komandalar arasında mini-futbol üzrə rayon birinciliyi olub.

Kubok uğrunda yarışda rayonun müxtəlif idarə, təşkilat və müəssisələrində çalışan, eyni zamanda rayonun qəsəbələrində yaşayan gənclərdən təşkil olunmuş 12 komanda yarışıb. 186 nömrəli tam orta məktəbin stadionunda təcrübəli hakimlər tərəfindən idarə edilən çempionatda komandalar 4 qrupda mübarizə aparıb. Hər qrupda birinci və ikinci yerləri tutan kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanıb. Final qarşılaşması iyun ayının ikisində "İnter" komandası ilə "Dostlar" kollektivi arasında olub. Gərgin və qarşılıqlı mübarizə şəraitində keçən oyunda "İnter" rəqibini üstələyərək çempionatın kubokuna yiyələnib. II yeri "Dostlar", III yeri isə "İslam" komandası tutub.

Final fitindən sonra YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov qonaqları salamlayaraq çempionatda iştirak edən bütün gənclərə şəxsi və iş həyatında uğurlar arzulayıb. İdmanın inkişafından geniş söhbət açan M.Manafov bildirib ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb: "Bu inkişafın təməlində Azərbaycan xalqının dahi lideri, uzaqgörən siyasətçi Heydər Əliyev amili dayanır. Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük çanlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin daima diqqətdə saxladığı məsələlərdən idi. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Müstəqillik dövründə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra bu sahəyə diqqət artmışdısa, Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər. On gün sonra başlayacaq ilk Avropa Oyunları da Azərbaycanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu idman bayramının Bakıda keçirilməsi ölkəmizdə idmanın o qədər də ənənəvi olmayan növlərinin inkişafına, ənənəvi növlərin isə daha da inkişafına böyük təkan vermiş olacaq. Şübhəsiz ki, yarışlardan sonra çoxlu sayda gənc müxtəlif idman növlərinə həvəs göstərəcək. Artıq xeyli müddətdir ki, ölkəmizdə Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görülür. İnşallah bu mötəbər tədbir bizim və Avropa idmanının tarixinə qızıl hərflərlə yazılacaqdır".

Tədbirdə YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri Orxan Babayev də çıxış edərək komandalara uğurlar arzulayıb. O öz çıxışında idmanın inkişafından danışaraq qeyd edib ki, ölkəmizdə müxtəlif beynəlxalq turnirlər təşkil olunur və bu idman yarışları Azərbaycanın dünyada daha da tanınmasına, pozitiv imicini gücləndirməsinə imkan verir. Çıxışlardan sonra finalçılara YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlar, kuboklar və qiymətli hədiyyələr verilib.

Samir

Digər xəbərlər