PDF Oxu

Siyasət

  • 10

"Beşinci kolon"un I Avropa Oyunları missiyası

"Beşinci kolon"un I Avropa Oyunları missiyası

Azərbaycan I Avropa Oyunlarına hazırdır və hər kəs sevinc və fərəhlə bu idman bayramını gözləyir. Bunlar da, əlbəttə ki, Azərbaycana qarşı birləşmiş qüvvələrin məğlubiyyəti deməkdir

2012-ci ilin dekabr ayında Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvlərinin böyük əksəriyyətinin dəstəyilə Avropanın və dünyanın yüksək həyəcanla izləyəcəyi I Avropa Oyunlarına ev sahibliyini qazandı. Hər kəs bu andan etibarən Azərbaycanın bütün dünyanın, hətta sadə avropalıların belə diqqət mərkəzində olacağını anlayırdı. Bunun nəticəsində isə Azərbaycanın büdcəsinə milyonlarla avro daxil olacaq və hər şeydən əvvəl xarici qərəzli dairələrin beynəlxalq miqyasda nümayiş etdirməyə çalışdığı anti-demokratik Azərbaycanla bağlı təbliğatı tamamilə iflasa uğrayacaqdı. Elə bu səbəbdən də, ötən ilin yayından başlayaraq, Azərbaycana qarşı bütün sahələrdə total hücumlara start verildi. Xarici qərəzli dairələrin maliyyələşdirdiyi "beşinci kolon"un bütün strukturları fəaliyyətə keçərək, Azərbaycana qarşı reallaşdırılan çirkin planın həyata keçirilməsi üçün sinxron fəaliyyət sərgiləməyə başladılar.

Azərbaycana qarşı aparılan anti-təbliğatın ilk mərhələsində Azərbaycandakı "beşinci kolon"un mətbuat orqanları və QHT-lər fəaliyyətə keçdilər. Xarici qərəzli dairələrin maliyyəsilə işləyən həmin QHT-lər əsası olmayan, qeyri-obyektiv məlumatların əsasında saxta hesabatlar hazırlayaraq, "mərkəzi ofislərinə" göndərirdilər. Həmin hesabatlara siyasi don geyindirildikdən sonra isə digər kanallar vasitəsilə yayıldı. Bu kanallar qismində isə beynəlxalq QHT-lər - "Human Rights Watch", "Amnesty İnternational" və digərləri çıxış edirdilər. Onların özlərinə məxsus şəkildə yaydıqları hesabatlar isə "beşinci kolon"u maliyyələşdirənlərin dairəsinə daxil olan xarici mətbuat orqanlarında dərc olunurdu. Həmin materialları isə Azərbaycandakı "beşinci kolon"un mətbuat orqanları, başda "Azadlıq" olmaqla digərləri də çap edirdilər. Bununla da, nümayiş etdirməyə çalışırdılar ki, guya dünya Azərbaycandakı vəziyyəti bu cür bilir. Əsl reallığın əksi olan bu materialları isə sonradan Ermənistan mətbuatı dərc edirdi. Bu yolla isə Ermənistan həm daxili, həm də xarici auditoriyaya nümayiş etdirməyə çalışırdı ki, Azərbaycanın daxilində "ictimai etiraz" var. Lakin reallığın və həqiqətlərin diqqətə çatdırılması, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın hərtərəfli gücünü göstərən işlərin həyata keçirilməsi nəticəsində anti-Azərbaycan dairələrin ilk cəhdləri boşa çıxır.

Azərbaycan cəmiyyətinin daxilindəki monolitliyi dağıtmaq və xaricdə mənfi imic formalaşdırmaq üçün maraqlı qruplar şayələrin yayılması texnologiyasını da işə saldılar. Bu vasitədən istifadə edən həmin qərəzli qruplar bir neçə məqsəd güdürdü: birincisi, Azərbaycan cəmiyyəti daxilində qarşıdurmalar yaratmaq, ikincisi, ölkənin anti-demokratik olduğunu göstərmək. Amma aparılmış maarifləndirici işlər nəticəsində sosium daxilində sabitlik qorundu. Xarici qərəzli dairələrin bu planı da baş tutmadı.

Sonradan həmin qruplar Azərbaycanda digər təhlükələrin olduğunu iddia etməklə, ən azından yarışlar ərəfəsində gələcək turistlərin, qonaqların sayını azaltmaq niyyəti güdürdü. Xüsusi olaraq, qeyd edək ki, bütün bu işlərdə də Azərbaycandakı "beşinci kolon"un mətbuat orqanları, QHT-ləri, üzvləri, aktivləri erməni mediası ilə birgə hərəkət edirdi. Lakin bugünkü mənzərə bir daha sübut edir ki, xarici dairələrin və Azərbaycandakı "beşinci kolon"un bu sahədə də niyyəti baş tutmadı.

Vaxtın daraldığını və Azərbaycan dövlətinin möhtəşəm idman bayramı təşkil edəcəyini görən xarici dairələr Azərbaycandakı "beşinci kolon"a daxil olan "Milli Şura"nın üzvləri AXCP və digər siyasi partiyalar vasitəsilə malekulyar piketlər təşkil etməklə ictimai etiraz görüntüsü yaratmağa çalışdı. Belə ki, ilk mərhələdə icazəli mitinqlərlə razılaşan "beşinci kolon" mitinqlərinə bir toyun qonaqları qədər insan yığa bilmədiyi üçün taktikanı dəyişmək və icazəsiz mitinqlər keçirməyə cəhdlər edir.

Qeyd edək ki, icazəli mitinqlər keçirmək heç "beşinci kolon"un planlarına daxil deyildi. Çünki o, əvvəlcədən ətrafına çox adam yığa bilməyəcəyini anlayırdı. Amma həm "beşinci kolon", həm də xarici dairələr düşünürdülər ki, I Avropa Oyunları ərəfəsi Azərbaycan dövləti mitinqlərə icazə verməyəcək. Məhz mitinqlərin keçirilməsi üçün icazənin verilməyəcəyi təqdirdə həm Azərbaycanın daxilində "beşinci kolon", həm də xaricdə qərəzli dairələr yeni mövzuda anti-təbliğata başlayacaqdılar. Bu isə insanların sərbəst toplaşmaq hüququnun təmin edilməməsilə bağlı olacaqdır. Lakin hakimiyyətin mitinqlərin keçirilməsi üçün kifayət qədər geniş yer ayırması və təhlükəsizliyi təmin etməsi maraq qruplarının arzusunu ürəyində qoydu. Anlaşılan odur ki, "beşinci kolon"un bu niyyəti də baş tutmadı və xarici qərəzli dairələr Azərbaycandakı xalq-iqtidar birliyi qarşısında diz çökdülər.

Bir sözlə, aydın olur ki, nə "beşinci kolon", nə də onun himayədarları I Avropa Oyunları missiyasında da niyyətini reallaşdıra bildi. Azərbaycan dövləti xalqa arxalanaraq, həyata keçirilməsi zəruri olan işləri reallaşdırdı və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdi. Artıq Azərbaycan I Avropa Oyunlarına hazırdır və hər kəs sevinc və fərəhlə bu idman bayramını gözləyir. Bunlar da, əlbəttə ki, Azərbaycana qarşı birləşmiş qüvvələrin məğlubiyyəti deməkdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər