1993-cü il 4 iyun hadisələrindən 22 il ötür
Müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi daxil olub. Azərbaycan özünün milli və dövlət müstəqilliyini əldə etdikdən sonra həm ölkə daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. AXC - Müsavat hakimiyyəti bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi.
Həmin dövrdə ölkə daxilində cərəyan edən proseslər, ölkədəki gərginlik və özbaşınalıq nəticəsində yaranmış böhran total xarakter almışdı. İqtisadiyyatdakı tənəzzül, sosial problemlərin həddindən artıq dərinləşməsi və kəskinləşməsi, ictimai-siyasi sabitliyin pozulması ölkənin həm müstəqilliyinə ciddi təhlükə yaradırdı, həm də bütövlükdə hər bir vətəndaşın təhlükəsizliyinə problem yaradırdı. İnsanlar həm öz gələcəyindən, həm də yenicə qazanılmış dövlət müstəqilliyinin müqəddəratından ciddi narahat olurdular. Heç kim gələcəyinin necə olacağına təminat verə bilmirdi. Bütün bunların hamısı ölkə daxilindəki böhranlı vəziyyətin ayrı-ayrı səciyyəvi cəhətləri idi.
Bu, azmış kimi, Dağlıq Qarabağda SSRİ rəhbərliyinin təhriki ilə yaradılan münaqişə Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoydu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı...1992-ci ilin mayında hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz bəlalı nəticəsini büruzə verirdi. Məhz bunun sayəsində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi.
Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə
Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Belə çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, ölkəni, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də sabiq korpus komandiri, AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi və Gəncədə yerləşən 709-cu briqadanın ləğvi ilə bağlı əmr imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imizaladığı bu əmrə və təhvil-təslim barədə qərara tabe olmayan Surət Hüseynov isə tabeçiliyində olan hərbi hissənin əsgərlərinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Hər iki tərəf, əslində, hər iki tərəf Azərbaycan ordusu idi ki, xeyli itki verdi. Artıq ölkə vətəndaş müharibəsinin astanasında idi. Məhz belə bir çətin zamanda xalqın diqqəti Naxçıvana yönəlmişdi. Çünki düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin yeganə ümidi və nicatı idi. Ona görə də Vətənin bu ağır günündə xalq Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın və respublikanın o zamankı hakim dairələrinin təkidli dəvətini qəbul edən Dahi Lider Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı.
Xalqın xilaskar LİDERİ
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Xalqın xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycan qısa bir zamanda regionun liderinə çevrildi. Bu mənada, Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın xilasında, dövlətimizin müstəqilliyinin möhkəmlənməsində diplomatik təcrübəsindən, bilik və bacarığından yetərincə yararlanması Onun tarixi şəxsiyyətlər sırasında ən uca zirvədə dayanan fenomenal şəxsiyyət olduğunu deməyə əsas verir. 1993-cü ilin yayında Azərbaycanın olduqca çətin və gərgin günlərində daxili çəkişmələr, erməni təcavüzü, o cümlədən, digər separatçı qüvvələrin fəallaşması dövləti eyni anda yaxaladığı bir zamanda vəziyyətdən çıxış yolu tapmaq üçün dahi olmaq lazım idi. Sonralar Ulu Öndər bu məsələ ilə bağlı bildirirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı "millət-dövlət" tandeminin üzərində qurulduğu üçün sarsılmazdır. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət ölkəmizi bütün sahələrdə uğurdan-uğura daşıyır. Əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkədə vətəndaş cəmiyyətinin inkişafına yol açıb.
R.KAMALQIZI