PDF Oxu

Siyasət

  • 9

Mətbuatımızın inkişafında yeni mərhələ

Mətbuatımızın inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində ciddi addımlar atır.

Müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində Azərbaycan mətbuatı mühüm rol oynayır. Belə bir şərəfli, eyni zamanda məsuliyyətli vəzifənin yerinə yetirən milli mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb.

2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2010-cu ildə mətbuatın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, dövlət başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında" Sərəncamı jurnalist əməyinə böyük dəyərin verildiyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün yaşayış evlərinin tikilməsinə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında Sərəncamı da məhz mətbuatın 135 illik yubileyi ilə əlaqədar imzalanmışdır. Bu, dünyada analoqu olmayan bir hadisə kimi dəyərləndirildi.

Prezident İlham Əliyevin 22 iyul 2013-cü il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı da deyilənlərin təsdiqidir. Ölkənin iqtisadi qüdrətinin artmasından irəli gələn bu kimi addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.

Bütün bunlar həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 iyun tarixli Sərəncamı da milli mətbuatımıza, kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.

XALQI MAARİFLƏNDİRMƏK ƏN BAŞLICA MƏQSƏD İDİ

Bildiyimiz kimi, XIX əsrin ortalarında ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratmışdır. Sərnəcamda göstərilir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir.

Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədilə "Əkinçi" misilsiz iş görür. Cəmi 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və müxtəlif mövzularda xəbərlər və məqalələr dərc olunub. Həsən bəy Zərdabi ilk gündən "Əkinçi" vasitəsilə ən başlıca vəzifəsini - xalqı maarifləndirməyin təbliğini öz qarşısında məqsəd qoyur. Eyni zamanda, o, "Əkinçi"nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini önə çəkir.

"Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. Bu qəzet xalqımızın mədəniyyət tarixində böyük ad qoyub. "Əkinçi"dən sonra hər bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa həvəs yaranıb. Məhz bu təcrübədən yararlanan maarifpərvər ziyalılarımız bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını qoyublar. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuş və bu gün də belədir. Bu ənənə yaşayır və davam etdirilir.

MİLLİ MƏTBUATIMIZ MÜSTƏQİLLİK DÖVRÜNDƏ

Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin bütün sahələrində olan problemlərin həllinə nail olmaqla yanaşı, mətbuat sahəsində də neqativ halların qarşısı alındı və tərəqqinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev bütün bunlarla yanaşı, mətbuatı dövlət- idarəçilik sistemindən, tənzimləmədən azad edərək, "Əkinçi" ənənələrinə söykənən bir sıra yeni-yeni mətbu orqanların yaranmasına şərait yaratmış oldu. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Təbii olaraq, bu ənənələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Cənab Prezident İlham Əliyev böyük uğurla və əzmlə davam etdirir. Yeni dövrün tələblərinə uyğun olaraq, bu gün Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır. Azərbaycan mətbuatına göstərilən diqqət və qayğı, atılan zəruri addımlar medianın hərtərəfli inkişafı üçün böyük zəmin yaradır. Bütün bunlar isə Azərbaycan mətbuatının inkişafına xidmət göstərən amillər sırasındadır.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycan Respublikası regionun siyasi, iqtisadi və humanitar mərkəzi statusunu qazanaraq beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuşdur. Göründüyü kimi, mövcud inkişaf dinamikası Azərbaycanın milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini yüksəltmişdir. Qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirir, Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur. Cənab İlham Əliyev imzaladığı Sərəncamda qeyd olunur ki, Azərbaycan milli mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı yerini, vətəndaş cəmiyyətinin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsindəki rolu əvəzsizdir. Bunun nəticəsidir ki, Sərəncamda göstərilir ki, Azərbaycan milli mətbuatının 140 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin.

Eyni zamanda, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması da Sərəncamda öz əksini tapıb.

Azərbaycanın milli mətbuatının 140 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam dövlətimizin mətbuata yüksək diqqət və qayğısının bariz nümunəsidir. Hər bir vicdanlı jurnalist dövlət tərəfindən milli mətbuatımıza göstərilən bu diqqət və qayğıdan məharətlə istifadə edərək, milli-mənəvi dəyərlərimizin təbliğində, dövlətimizin təməl prinsiplərinin və digər məsələlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

İnamla deyə bilərik ki, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər