Belə məqamda müxalifət mitinqlərə cəhd edirsə, bu halda onların azərbaycanlı olmasına şübhələr yaranır
Azərbaycanda keçirləcək Avropa Oyunları öncəsi xarici qüvvələrlə yanaşı, müxalif partiya sədrlərinin də antitəbliğat kampaniyasını genişləndirdiyi müşahidə olunur. AXCP mitinqlər keçirməyə cəhdlər göstərirlərsə, Müsavat oyunları boykot etmək kimi anormal açıqlama ilə çıxış edib. Söhbət etdiyimiz müsahiblərimiz dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda müxalifətin və xarici qüvvələrin ölkəmiz haqqında qərəzli yanaşma nümayiş etdirməsini xəbislik və qısqanclıq kimi dəyərləndirdilər.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:
- AXCP sədri Əli Kərimlinin keçirdiyi aksiyalar beynəlxalq təçkilatlara bir fürsət verir. Yəni Azərbaycan əleyhinə qarayaxma kampaniyasının aparılmasında daxildəki müxalif qüvvələrin mənasız aksiyalarından istifadə olunur. Bununla belə, Azərbaycanda heç bir kəs heç bir aksiya keçirməsə belə, o, üzdəniraq beynəlxalq hüquq-müdafiə təşkilatlarının uydurma hesabatlarına daxil olacaqdır. Düşünürəm ki, Əli Kərimlinin Avropa Oyunları öncəsi aksiyalar keçirməsini bu qədər şişirtməyə ehtiyac yoxdur. Əli Kərimli siyasətdə bitmiş şəxsdir.
Vəhdət partiyasının sədri Tahir Kərimli:
- Müxalifətin aksiyalar keçirməsi onlara heç vaxt başucalığı gətirməz. Çünki Avropa Oyunları öncəsi dünya dövlətlərinin və xalqlarının diqqəti Azərbaycana yönəlib. Belə məqamda ancaq dövlətin və millətin maraqlarından çıxış edərək, oyunların yüksək səviyyədə başa çatmasına dəstək verməlidir. Bir qədər əvvəl müxalifət çoxminli aksiyalar keçirəcəyni iddia edirdi, amma nəticə nə oldu? Təbii ki, hər zaman olduğu kimi bu dəfə də "Milli Şura" deyilən qurumun keçirdiy aksiyaların heç bir nəticəsi olmadı və bu aksiya da əvvəlki aksiyalar kimi uğursuz və rüsvayçı aksiyalardan heç nə ilə fərqlənmədi. Birinci dəfədir ki, müxalifət yazığım gəlir. Çünki müxalifət təmsilçiləri bu cür zəif aksiyalar keçirməklə özlərini daha da gözdən salaraq gülünc bir vəziyyətə qoyurlar. Həm də müxalifət bu cür yersiz aksiyalar keçirməklə özləri-özlərinə zərbə vururlar.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Azərbaycanın dağıdıcı müxalifətinin hər zaman əsas məqsədi ondan ibarət olub ki, ölkədə stabillik pozulsun və xoşagəlməz hadisələr baş versin. Ölkəmizdə keçiriləcək Avropa Oyunlarının başlamasına az bir müddət qalıb. Ölkəmizə gələn xarici qonaqların sayında artım müşahidə olunur. Təbii ki, Azərbaycan diqqət mərkəzindədir. Ona görə də, bəzi müxalifət qüvvələrinin bu oyunlar ərəfəsi məram və məqsədi bəlli olmayan aksiyalar keçirməsinə ehtiyac yoxdur. Buna cəhd edirlərsə, bu halda onların azərbaycanlı olmasına şübhələr yaranır.
GÜLYANƏ