PDF Oxu

Siyasət

  • 11

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli 2 iyun tarixli sayımızda

1917-ci ildə oktyabr inqilabının baş verməsi nəticəsində Azərbaycanın geosiyasi şəraiti daha da mürəkkəbləşdi. Bir tərəfdən Bakı neftinin əhəmiyyəti Birinci Dünya müharibəsində iştirak edən dövlətlər üçün arxivacib şərtlərdən biri hesab edilirdi. Digər tərəfdən isə Azərbaycanın Cənubi Qafqazda geostrateji mövqe tutması, yəni Qərbdən Qara dəniz hövzəsinə Gürcüstan üzərindən çıxması, Şərqdən Xəzər vasitəsilə Orta Asiyada münasibətlərini möhkəmlədə bilməsi, Cənubdan İran və Osmanlı, Şimaldansa bolşevik Rusiya ilə qonşu olması bu ərazinin yerləşdiyi geostrateji şəraiti, onun uğrunda gedən sərt mübarizənin, amansız qarşıdurmanın bütün çılpaqlığını təsəvvür etmək çətin deyildi. Buna görə də V.İ.Lenin Azərbaycan Bakısının ələ keçirilməsi tapşırığını verdi. Azərbaycan Bakısını ələ keçirmək, həm daxili düşmənlərə, həm də Birinci Dünya müharibəsindən hələ ki, imtina etməmiş xarici düşmən, yaxud rəqiblərinə qarşı mübarizə və müharibə apara bilmək demək idi.

Belə də oldu: "Bolşevik hakimiyyəti üçün iqtisadi-siyasi və hərbi-strateji cəhətdən ən əhəmiyyətli regionlardan biri Cənubi Qafqaz idi. Bakı Cənubi Qafqazda iqtisadi, hərbi-strateji, geosiyasi baxımdan xüsusi bir yer tuturdu. Bakı nefti artıq müharibədə qələbənin taleyinə təsir edən ciddi amilə çevrilmişdi. Ona görə də bolşeviklər Bakı üzərində nəzarətin itirilməsinə yol vermək istəmirdilər. 1917-ci ilin noyabrında bolşeviklər erməni daşnak qüvvələrinin köməyi ilə Bakıda hakimiyyəti ələ keçirdilər. Onların Bakıda hakimiyyətə gəlməsi Antanta ölkələri içərisində ciddi narazılıq və həyəcan yaratdı" (Bax, s.33).

Daha sonra Cənubi Qafqaz uğrunda mübarizə kəskinləşməyə başlayır. Müəllif qeyd edir ki, göstərilən ilin sonunda Böyük Britaniya, ABŞ və Fransa diplomatik və maliyyə səyləri nəticəsində Tiflisdə azərbaycanlı, gürcü və ermənilərdən ibarət Transqafqaz (Zaqafqaziya) komissarlığı yaradılır. Hər üç xalqın bir çox məsələlərdə yekdil olmaması, müxtəlif ölkələrə müxtəlif münasibətlərin göstərilməsi ondan xəbər verirdi ki, yaradılan komissarlığın ömrü uzun olmayacaq.

Müəllifin bu mövzu üzərində geniş dayanmasının səbəbi aydındır. Qarşıdan "Azərbaycan" adlanacaq yeni cümhuriyyətin yaradılmasının yüzilliyi gəlir. Bu dövrdə yeni-yeni milli qüvvələrin yaranması, onların keşməkeşli və ağır həyatı, əzablı fəaliyyəti yüz ildən və ondan sonra gələn nəslin bütün bunları bilməsi vacibliyini ortaya qoyur. Bir neçə ay keçəcək, yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin görkəmli nümayəndələri artıq hər hansı qurum uğrunda deyil, yaranacaq dövlətin milli-geosiyasi, hərbi-geostrateji və iqtisadi maraqları uğrunda mübarizə aparacaqlar.

Hələlik isə, müəllif qeyd edir ki, Petroqraddakı bolşevik hökumətinin sülh təkliflərini Antanta ölkələri qəbul etmədikdə Almaniya bloku ilə Brest-Litovskda danışıqlara başladılar. Brest-Litovskda Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstanla atəşkəs haqqında sənəd imzalanması ilə dünyada və bölgədə əsaslı geosiyasi dəyişikliklərin başlanğıcı qoyuldu. Bunun ilk təzahürü ... dekabrın 5-də Ərzincanda Osmanlı hökumətinin nümayəndələri ilə rus generalları arasında 14 bəndlik müqavilənin imzalanması oldu... Bu müqavilədən sonra rusların Qafqaz cəbhəsi dağıldı. Rusiyada və müharibə cəbhəsində yaranmış vəziyyətlə əlaqədar rus ordusu mövqeyindən geri çəkildi. Onunla birlikdə rus ordusu tərkibində fəaliyyət göstərən erməni silahlı dəstələri də Anadoluda dinc türk əhaliyə qarşı törətdikləri kütləvi qırğınlara görə məsuliyyətdən yaxa qurtara bilməyəcəklərindən qorxaraq Cənubi Qafqaza (əsasən Bakıya və Azərbaycanın digər ərazilərinə) doğru hərəkət etdilər.

Dağılmış rus ordu hissələri öz silah və sursatını erməni silahlı dəstələrinə verirdilər (Bax, s.35-36).

Cənubi Qafqazda xaos və başıpozuqluq yarandığından bütün qüvvələr bölgə uğrunda ciddi mübarizə aparmağa qərar vermişdilər. Əli Həsənov yazır: "Antanta ölkələri Mesopotamiya cəbhəsində Türkiyənin panislamçı siyasətinə qarşı etnik ərəb milliyətçiliyini qızışdırdı. Türkiyə üçün bu regionda artıq panislamizm şüarları ilə hərəkət etmək, hərbi əməliyyatlarda uğur qazanmaq ... mümkün deyildi. Ona görə də Osmanlı imperatorluğu və onların alman müttəfiqləri Cənubi Qafqaz istiqamətində hərəkət etməyə qərar verdilər" və müəllif bunu aşağıdakı şərtlərlə əlaqələndirir: "... Hər şeydən əvvəl Azərbaycanın nefti hərbi əməliyyatların aparılmasında əsaslı rol oynayırdı... Almaniya bloku ölkələrindən Cənubi Qafqaza ən yaxın olanı və regionu daha mükəmməl tanıyan türklər idi.

İkincisi, Cənubi Qafqaz istiqamətində Osmanlı ordu hissələrinin hərəkəti üçün milli və sosial baza baxımından heç bir ciddi problem yox idi. Regionun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar, digər türkdilli xalqlar və müsəlman əhalisi təşkil edirdi... Türklərin özü də bu faktordan xüsusi istifadə edərək bu xalqların nümayəndələri hesabına özlərinin günü-gündən zəifləyən və seyrələn Qafqaz İslam Ordusunun sıralarını doldurdu" (Bax, s.36-37).

Ərzincan müqaviləsinin bağlanması və türk ordusunun Cənubi Qafqazda fəallaşmasına səbəb oldu. Burada söhbət yeni bir dövlətin yaranmasının işartılarından deyil, real milli dövlətlərin qurulmasından və regionda söz sahibinin kim olmasından gedirdi. Şübhəsiz, bu hərəkatda Osmanlı imperatorluğunun hərbi-strateji maraqları mövcud idi. O, yazır: "Əslində, Osmanlı imperatorluğunun bu mövqeyi Cənubi Qafqazın müstəqilliyi üçün geniş imkanlar yaradırdı. Türk komandanlığının müraciəti Transqafqaz komissarlığında qəbul olunsa da, irəli sürülən təkliflər bu qurumda təmsil olunan Antanta ölkələri ilə o dövr üçün müəyyən münasibət yaratmağa nail olmuş qeyri-müsəlman nümayəndələri tərəfindən müəyyən təsirlər nəticəsində qəbul edilmədi... Hadisələrin sonrakı gedişi Transqafqaz komissarlığının Çar Rusiyasından ayrılaraq özünün müstəqilliyini elan etməkdə maraqlı olmadığını ortaya çıxardı (Bax, s.40).

Bunun da, heç şübhəsiz, məntiqi və siyasi sonluğu olmalı idi. 22 aprel 1918-ci ildə Transqafqaz Seyminin gürcü və Azərbaycan nümayəndələrinin əksər çoxluğu tərəfindən Cənubi Qafqaz müstəqil dövlət-Demokratik Federativ Respublika elan edildi.

Lakin Cənubi Qafqazda anarxiya və xaos, millətlərarası qarşıdurma və lokal döyüşlər dayanmırdı. Transqafqaz Seymi bu qırğınları dayandırmaq üçün məsul olsa da, ona nail ola bilmirdi.

Belə şəraitdə may ayının 26-da Transqafqaz Seyminin sonuncu iclasında gürcü nümayəndələri Seymi tərk edərək öz müstəqil dövlətlərini yaratmaq haqqında bəyanat verdilər. Bunun ardınca qurum özünün buraxılması haqqında qərar qəbul etdi. Yaranmış vəziyyətlə əlaqədar mayın 27-də Seymdə təmsil olunan Azərbaycan fraksiyasının nümayəndələri fövqəladə iclas keçirir və Azərbaycan Müvəqqəti Milli Şurasının yaradılması qərarına gəlir. Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında çıxış edənlər Azərbaycanın müstəqil respublika elan edilməsinin vacib olduğunu bildirdilər. İclasda Azərbaycanın İstiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul olunur və altı bənddən ibarət "İstiqlal bəyannaməsi" bəyan edilir. Burada Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri müəyyən olunmuşdu" (Bax, s.40-41).

Müəllif bunu fəxrlə yazır. Fikir verin heç bir dövlət təcrübəsi olmayan, lakin yüz illərlə itirilmiş dövlətin arzusu ilə yaşayan, onun ağrısını ürəklərində daşıyan bir qrup ziyalı insan müstəqil Cümhuriyyət elan edərək onu yaradır. Özü də dərhal, ilk "bəyannamədə" onun daxili və xarici siyasətini müəyyənləşdirirlər.

Müəllif bunun üçün tarixi şəraitin yetişdiyini də bildirir. Məlumdur ki, Birinci Dünya müharibəsi böyük imperiyaların geosiyasi, hərbi-geostrateji, geoiqtisadi maraqlarının toqquşması nəticəsində baş vermişdi. Təsadüfi deyildi ki, Birinci Dünya savaşı başa çatdıqda dörd böyük imperiya labüd olaraq parçalanmışdı. Bunlar müharibədə məğlub olan Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları bir tərəfdən, digər tərəfdən isə inqilablar alovuna bürünmüş və ilk növbədə özünün daxili problemlərini həll etməyə çalışan, ancaq dünya hegemonluğunu əldən vermək istəməyən Rusiya idi. Bir zamanlar Rusiyanın təsiri altında olan Cənubi Qafqaz, o cümlədən Azərbaycan müstəqilliyinə bu qədər yaxın olmamışdı. Əli Həsənov "tarixi şərait" dedikdə bunu nəzərdə tuturdu. Həm daxili insan resursları, yəni Avropada, Türkiyə və Rusiyada yüksək təhsil görmüş insanlar, onların çevik siyasi addımları, diplomatik bacarıqları, daxili iqtisadi resurslar , həm də beynəlxalq şərait Azərbaycanın müstəqilliyini şərtləndirən ən mühüm amilərdən biri idi.

(Ardı var)

Yunus Oğuz,

"Azərbaycanın geosiyasəti"

Digər xəbərlər