PDF Oxu

Siyasət

  • 15

Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan, qardaş qırğınından xilas etdi

Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan, qardaş qırğınından xilas etdi

1993-cü il iyunun 4-də Gəncədə baş vermiş qiyam vətəndaş müharibəsinə yol açmaqla bərabər Azərbaycanın parçalanmasına da yol açırdı

Nə qədər acı və təəssüfdoğurucu hal olsa da, Azərbaycanın müstəqilliyinin ilk illərində ümumilikdə dövlətçiliyimizin yenidən itirilməsinə yol açan hadisələrin şahidi olmuşuq. Həmin dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə yanaşı daxili siyasi qruplaşmalar arasında da silahlı toqquşmalar baş verirdi. AXC-Müsavat cütlüyünün Xocalı soyqırımından bəhanə kimi istifadə etməklə hakimiyyətə gəldikdən sonra xalqımızın və müstəqilliyimizin tarixinə ləkə vurmuş addımlar atmağa başladılar. Doğrudur, cəöhəçilər də, müsavatçılar da bu gün də çalışırlar, müxtəlif yalanlarla özlərini təmizə çıxarsınlar. Amma fərqində deyillər ki, yazdıqları və dedikləri daha yeni faktların üzərinə işıq tutmuş olur. Dağıdıcı müxalifət mətbuatı Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını AXC-Müsavat hakimiyyətinin qəhrəmanlığı kimi qələmə verməyə çalışsa da, digər tərəfdən bəzi mətləblərin üstünü açıblar. Belə ki, dağıdıcı müxalifət nümayəndələri özləri də bilmədən etiraf ediblər ki, ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na etdiyi "907-ci düzəliş" məhz AXC-Müsavat hakimiyyətinin birbaşa fəaliyyətinin məhsuludur. Əlbəttə ki, burada ABŞ-dakı bəzi dairələrin AXC-Müsavat hakimiyyətini oyuncaq kimi idar əetməsi məsələləri də aydın olmuş olur. Amma fakt faktlığında qalır ki, müstəqilliyimizin ilk illərində AXC-Müsavat hakimiyyəti Azərbaycan xalqının dövlətçiliyinin möhkəmlənməsinə qarşı çıxış etmiş bir nömrəli düşmən olub.

Çünki məhz 1992-1993-cü illərdə həm ölkə daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. AXC-Müsavat hakimiyyəti bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi.

Həmin dövrdə ölkə daxilində cərəyan edən proseslər, gərginlik və özbaşınalıq nəticəsində yaranmış böhran total xarakter almışdı. İqtisadiyyatdakı tənəzzül, sosial problemlərin həddindən artıq dərinləşməsi və kəskinləşməsi, ictimai-siyasi sabitliyin pozulması ölkənin həm müstəqilliyinə" həm də bütövlükdə hər bir vətəndaşın təhlükəsizliyinə problem yaradırdı. İnsanlar həm öz gələcəyindən , həm də yenicə qazanılmış dövlət müstəqilliyinin müqəddəratından ciddi narahat olurdular. Heç kim gələcəyinin necə olacağına təminat verə bilmirdi. Bütün bunların hamısı ölkə daxilindəki böhranlı vəziyyətin ayrı-ayrı səciyyəvi cəhətləri idi.

Təbii ki, bütün bunlara görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdilər. Ölkəyə rəhbərlik edənlərin bir-birinin ardınca buraxdıqları kobud səhvlər, kadr siyasətini yarıtmaz təşkil etmələri vəziyyəti getdikcə daha da gərginləşdirirdi. Xalq bu vəziyyətə görə o zamankı hakimiyyətdən kəskin narazı idi. Respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi. Rəhbərlik bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkir, ziyalıları, tanınmış ictimai-siyasi xadimləri özlərinə yaxın buraxmır, kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdilər. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilmiş, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu. AXC-Müsavat iqtidarının qonşu Rusiya və İranla münasibətlərin inkişafına laqeydlik göstərməsi də həmin dövrdə buraxılmış kobud səhvlərdən idi. Azərbaycan qlobal miqyasda müşahidə edilmiş "soyuq müharibə"nin başa çatmasından sonra cərəyan edən qloballaşma tendensiyalarının ilk elementlərini görməsinə baxmayaraq, hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alaraq, müvafiq xarici siyasət kursu işləyə bilmədi. 1992-1993-cü illərdə Azərbaycan rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Səslənmiş "türkün türkdən başqa dostu yoxdur", "İran ağlını başına yığmalı və Cənubi Azərbaycan məsələsini həll etməlidir", "Orta Asiya dövlətləri müstəqilliklərini özləri qazanmayıb, yaxud qeyri-demokratik ölkələrdir, odur ki, onlarla münasibət qurmaq olmaz", "Rusiya ilə bizim haqq-hesabımız hələ irəlidədir", "Çində insan hüquqları pozulur" və s. bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Beləliklə də, xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər dövlətçiliyimiz üçün mürəkkəb anlar yaşatdı.

Eyni zamanda, 1992-ci ilin oktyabrında ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na etdiyi "907-ci düzəliş" Azərbaycan Respublikasına ABŞ-ın dövlət səviyyəsində yardımını qadağan etdi. Bu da AXC-Müsavat hakimiyyətinin beynəlxalq imicinə böyük zərbə vurdu. Ölkədə iqtisadi və siyasi böhran baş alıb gedirdi. Azərbaycan əraziləri işğal olunurdu, əhalinin sosial durumu isə günbəgün ağırlaşırdı.

Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Xaos və anarxiyanın baş alıb getməsi, torpaqlarımızın ermənilər tərəfindən hissə-hissə işğal olunması və ayrı-ayrı şəxslərə xidmət edən qeyri - qanuni silahlı birləşmələrin özbaşınalığı insanların səbr kasasını doldurmruşdu. Xalqın hakimiyyətə olan qəzəbi 1993-cü ilin iyun ayında pik həddə çatdı. Təbii ki, səriştəsiz hakimiyyətin apardığı belə uğursuz siyasətin məntiqi sonluğu yetişməli idi. Artıq AXC-Müsavat hakimiyyətində birincilik uğrunda mübarizə başlanmışdı. Həmin iqtidarın "qəhrəman" elan etdiyi Surət Hüseynovla aralarında olan ziddiyyət ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Bu hadisə onların hakimiyyətinin sonunu gətirməklə yanaşı gənc müstəqil dövlətimizi böyük təhlükələrlə üz-üzə qoydu. AXC-Müsavat iqtidarı öz xalqına çətinliklər, fəlakət, qarşıdurmalar və müstəqilliyimizin itirilməsi təhlükəsindən başqa heç nə vermədi. 1993-cü il iyun hadisələri də bütün bu amillərin nəticəsi olaraq özünü göstərdi.

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Baş vermiş qanunsuzluqları nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da gərginləşdirdi. 4 iyun hadisələri, əslində mövcud olan narazılıqların spesifik şəkildə ortaya çıxması demək idi. Bu narazılıq mövcud hakimiyyətin apardığı siyasətdən, bu siyasətin milli maraqlara uyğun gəlməməsindən qaynaqlanırdı. Silahlı qarşıdurmanın qarşısını almaq məqsədilə Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına daha da yaxınlaşdı.

Heç kimə tabe olmaq istəməyən polkovnik Sürət Hüseynov əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Bu hadisələr ölkə daxilində olan ziddiyyətlərin və total böhranın kulminasiya nöqtəsinə çatmasından xəbər verirdi. S.Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması, şimalda və cənubda separatçı qüvvələrin fəallaşması hakimiyyət böhranını daha da dərinləşdirirdi. Gəncədə yerləşən 709 saylı hərbi hissə isə hakimiyyətə meydan oxuyurdu. Hökumət Gəncəyə 3 minə qədər canlı qüvvə və hərbi texnika göndərdi. Qarşıdurmada həlak olanlar və yaralananlar var idi. S.Hüseynovun dəstəsinin Bakıya doğru irəliləməsi hakimiyyət böhranını son həddə çatdırdı. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Ölkədə vətəndaş qarşıdurması başlanmışdı. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talan edilməsi, sosial, siyasi və mədəni həyatda özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmışdı.

Bu hadisələr məhz son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə iqtidara qarşı ümumxalq inamının tam sarsıldığı bir dövrdə baş vermişdi. 4 iyun hadisələrindən sonra AXC-Müsavat hakmiyyətinin dəyişdirilməsi çox obyektiv zərurətə çevrildi.

Ölkədə yaranmış silahlı qarşıdurma hamının narahatlığına səbəb olmuşdu. Belə bir şəraitdə çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat hakimiyyətinin nümayəndələri nə edəcəklərini bilmirdilər. Xalqa isə yaranmış vəziyyətdən xilas yolunu Ulu Öndər Heydər Əliyevə müraciət etməkdə görürdü. Bundan əvvəl də Ulu Öndər Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müraciət etmişdilər, xalqı arxasınca apara biləcək Yeni Azərbaycan Partiyası yaradılımışdı. Bu partiyanın sədri müdrik şəxsiyyət Heydər Əliyev olduğundan insanlar böyük həvəslə təşkilata üzv olur, bununla da Heydər Əliyevə olan inam və etimadlarını nümayiş etdirirdilər. Xalq çox yaxşı bilirdi ki, ölkəni xaos və anarxiyadan, qardaş qırğınından yalnız Heydər Əliyev xilas edə bilər.

Vəziyyətin getdikcə ağırlaşdığını görən AXC - Müsavat iqtidarı ölkəni yaranmış böhrandan və silahlı qarşıdurmadan xilas etmək üçün Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Qüdrətli şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə əmin - amanlıq, sabitlik yarandı, mövcud olan ziddiyyətlərin, silahlı qarşıdurmanın aradan qaldırılması istiqamətində ciddi və əhəmiyyətli tədbirlər görüldü. Qeyri-qanuni silahlı qruplaşmalar tədricən ləğv edildi. İnsanların gələcəyə olan inamı artdı. Azərbaycanda həyat tədricən öz axarına düşdü. 4 iyunun yaratdığı nəticələr tədricən aradan qaldırıldı.

Bir sözlə, Gəncə hadisələri müstəqilliyin ilk illərində ölkədə yaranmış özbaşınalıqların, anarxiyanın və qanunsuzluqların ört-basdır edilməsini təmin etmək məqsədilə iqtidar və respublikanın digər yüksək vəzifəli şəxsləri tərəfindən hazırlanmış qəsd idi. Müstəqillik yolunda ilk addımlarını atan respublikada demokratiyanı hərbi-polis rejiminə çevirmək cəhdləri dövlət idarəçiliyində heç bir səriştəsi olmayan iqtidarın sonunu gətirdi.

"Səs" Analitik Qrupu

Digər xəbərlər