YAP Şəmkir rayon təşkilatı noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı şura iclası keçirib. İclasda YAP Şəmkir rayon təşkilatı şurasının üzvləri, ilk partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
İclası giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, bu, artıq Yeni Azərbaycan Partiyasında formalaşmış bir ənənədir ki, seçkilər prosesinə bir neçə ay qalmış hazırlıq işlərinə start verilir: "Biz də bu ənənəyə uyğun olaraq seçkilərə hazırlıq işlərinə artıq başlamışıq. Bu mərhələdə Yeni Azərbaycan Partiyası olaraq qarşımızda bir sıra məqsədlərin reallaşdırılması dayanır. Bu sırada da partiya strukturlarının seçkilərə hazırlıq mərhələsinə gətirilməsi, seçkilərlə bağlı müəyyən proqramların hazırlanması və digər məsələlər dayanır".
F.Vəliyev qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğurlar hər bir azərbaycanlı kimi biz şəmkirlilərin də qəlbində qürur hissi yaradır: "Biz bu gün fəxrlə deyə bilərik ki, bütün ölkəmizdə çox böyük tikinti-abadlıq işlərinin əsas mərkəzlərindən biri də Şəmkir rayonudur. Şəmkir rayonunun abadlaşmasında, yenidən qurulmasında Möhtərəm Prezidentimizin tapşırıqları yüksək səviyyədə yerinə yetirilir".
İclasda YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Abdulla Sadıqov bildirdi ki, Azərbaycan vətəndaşlarının sosial-iqtisadi, mədəni və mənəvi sahədəki problemlərinin təmin olunması, seçicilərin arzu və istəklərinin həyata keçirilməsi istiqamətində addımlarımızı bir gün də olsun dayandırmırıq. Yəni faktiki olaraq bütövlükdə seçkilərə hazırlıq mərhələsi kimi Azərbaycan vətəndaşlarının problemlərinin həlli istiqamətində xeyli işlər görülür.
Həmçinin, YAP Şəmkir rayon təşkilatı sədrinin müavinləri Nürəddin Əhmədov, Məcid Şıxlıniski bildirdilər ki, 2015-ci il parlament seçkilərində Yeni Azərbaycan Partiyasının şanlı tarixinə möhtəşəm zəfərlərdən daha bir yenisi əlavə olunacaq. Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uyğundur. Çünki Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimzcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaqdır.
R.HÜSEYNOVA