SİA-ya politoloq Elman Nəsirli AXCP-yə yaxınlığı ilə seçilən "Azadlıq" qəzetinin I Avropa Oyunları ərəfəsində bu oyunlarda iştirak edəcək Ermənistanın bayrağının Bakıda dalğalanması ətrafındakı mövqelərinə münasibətini bildirərkən deyib.
Politoloq ilk öncə xatırladıb ki, AXCP rəhbərliyi və "Azadlıq" qəzeti bir neçə gün bundan öncəyə qədər guya bir neçə Avropa ölkəsinin Bakıda keçiriləcək Avropa miqyaslı yarışları boykot edəcəyini iddia edirdilər. Hazırda isə Ermənistan amilini ortaya ataraq, guya "milli dəyərlərdən" çıxış edirlər: "Belə ki, Azərbaycana ayrı-ayrı dövlətlərin nüfuzlu nümayəndə heyətinin gəlməyəcəyinə və dünya liderlərinin bu oyunları boykot etdiyinə dair fikirlər səsləndirirdilər. İndi isə ilk Avropa Oyunlarında Ermənistanın iştirakına isə tamamilə fərqli don geyindirməyə çalışılır. Halbu ki, müxalifət qüvvələri bilməmiş deyillər ki, məsələyə bu cür yanaşmaq əslində siyasi manipulyasiyadan başqa bir şey deyil. Misal üçün, heç kimə sirr deyil ki, ABŞ-la İran, yaxud da Şimali Koreya arasında münasibətlər kəskin şəkildə pisdir. Amma bu o demək deyil ki, BMT-nin baş məclisinin toplantılarında İran, yaxud da digər münasibəti yaxşı olmayan dövlətlər iştirak etməməlidir. O səbəbdən ki, BMT-nin inzibati binası da ABŞ-da yerləşir. Hesab edirəm ki, bu kimi məsələlərə belə yanaşılsa bu, qeyri-dəqiq, qeyri-elmi yanaşma olar. Bu baxımdan da Ermənistanın ilk Avropa Oyunlarında iştirak etməsində Azərbaycanın mövqeyi birmənalıdır".Elman Nəsirli xatırladıb ki, əgər Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etmək üçün Avropa Olimpiya Komitəsi tərəfindən seçilibsə, deməli bu, təkcə bizim deyil, həmçinin də Avropanın idman tədbiridir: "Ona görə də iki məsələni bir-biri ilə qarışdırmaq düzgün deyil. Sadəcə ölkəmizdə fəaliyyət göstərən müxalif qüvvələr bununla bir fon yaradır. Əslində isə özlərini psevdomilli olduqlarını cəmiyyətə təqdim etmək istəyənlərin fikirləri hamıya kifayət qədər bəllidir. Boykot çağırışı edən kəslər yaxşı bilsinlər ki, nə qədər dəridən-qabıqdan çıxmağa cəhd göstərsələr də, Azərbaycan xalqının fikirlərinə heç cür təsir edə bilməyəcəklər. Xalq öz dövlətinin, Prezidentinin ətrafında sıx birləşib. Çünki xalqın gözü tərəzidir".
sia.az